Interposta.Info

Xüsusi tapşırıqlar üzrə səfir nazir təyin edildi - dosye

Ölkə
 13-10-2017, 18:28     9 413

Yeni energetika naziri Pərviz Şahbazov Prezident Administrasiyasının İşlər idarəsinin müdiri Oqtay Şahbazovun oğludur

Prezident İlham Əliyev oktyabrın 12-də Pərviz Oqtay oğlu Şahbazovun Azərbaycanın energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

“Yeni Müsavat” yeni nazir haqda məlumatları təqdim edir:

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub. 1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasını bitirib. 1988-1989-cu illərdə hərbi xidmətdə olub. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub. 1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-ci illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib. 1998-2001-ci illərdə Azərbaycan Respublikasının Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından Azərbaycanın Almaniyadakı fövqaladə və səlahiyyətli səfiri olub. 2016-cı ilin avqustunda isə prezident onun geri çağırılması ilə bağlı sərəncamlar imzalayıb. O, nazir təyinatınadək Xarici İçlər Nazirliyində xüsusi tapşırıqlar üzrə səfir işləyirdi.

Ailəlidir, iki övladı var.

İngilis, alman və rus dillərini bilir.

Pərviz Şahbazov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İşlər İdarəsinin müdiri Oqtay Şahbazovun oğludur.

Oqtay Şahbazov 2016-sı ilin yanvarınadək Azərbaycan Prezidentinin İşlər müdirinin birinci müavini işləyib. Həmin ay dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikası prezidentinin İşlər müdiri təyin edilib. O vaxta qədər Prezidentin işlər müdiri vəzifəsi düz 7 ilə yaxındır ki, boş idi.

Azərbaycan prezidenti İlham Əliyev 2011-ci ilin oktyabrda Oqtay Şahbazovun “Şöhrət” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb. Oqtay Şahbazov Azərbaycanda dövlət qulluğunda səmərəli fəaliyyətinə görə təltif olunub.

Belə ehtimallar vardı ki, Energetika Nazirliyi ləğv edilərək səlahiyyətləri Dövlət Neft Şirkəti ilə (SOCAR) dən İqtisadi İnkişaf Nazirliyinin bazasında Yanacaq-Energetika Departamenti arasında bölüşdürüləcək.

Yada salaq ki, bu ilin iyununda vəfat edən Natiq Əliyev 2005-ci ildən 2013-cü ilədək sənaye və energetika naziri vəzifəsində işləyib. 2013-cü ilin 22 oktyabrından vəfat etdiyi tarixədək energetika naziri olub. Qeyd edək ki, energetika nazirinin 2 müavini var: Gülməmməd Cavadov və Natiq Abbasov. Amma göründüyü kimi, prezident sabiq səfiri nazir təyin etməyi daha uyğun bilib.
“YM”

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26