Interposta.Info

Akif Əli Lütfü Zadəyə görə dilinin bəlasına düşdü

Ölkə
 9-09-2017, 10:06     10 533

Fazil Mustafa: “Ziyalıya yaraşmayan, tərbiyədən kənar bir hərəkətdir...”

Azərbaycanlı alim Lütfi Zadənin artıq ölkəmizdə dəfn olunacağı dəqiqləşib. Onun ailəsi və yaxınları 10 gün müddətinə nəşin ölkəyə gətiriləcəyini bildirib. Alimin hansı məkanda dəfn olunacağı isə hələlik müəyyənləşməyib.

Qafqazinfo.az saytının əməkdaşı bu suala cavab tapmaq üçün Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əliyə müraciət edib. Amma rəsmi dövlət qurumunun təmsilçisinin suala cavabı gözlənilməz və həqarət dolu olub. Sayt yazır ki, Akif Əli məsələ ilə bağlı aşağıdakıları bildirib: “Səhər-səhər ölü xəbərləri ilə məni narahat etməyin. Belə xəbərlər mənə pis təsir edir. Bu haqda heç nə bilmirəm. Ümumiyyətlə, maraqlanmıram. O fındıqbaş kişi məni maraqlandırmır. Xahiş edirəm, səhər-səhər məndən belə şeylər soruşmayın. Yaxşı şeylər danışaq ki, günümüz yaxşı keçsin”.

Akif Əlinin bu açıqlaması qısa zamanda ölkə ictimaiyyətində səs-küyə səbəb olub. Sosial şəbəkələrdə yuxarıda səsləndirdiyi fikirlərə görə Akif Əli sərt şəkildə qınanılıb. Lakin buna baxmayaraq onun Lütfi Zadə ilə bağlı növbəti açıqlaması da üzr xarakterli yox, əvvəlki fikirlərindən daha da sərt olub. Belə ki, A.Əli yeniçag saytına bildirib: “O sual mənə aid deyildi. Nə deməliydim, balqabaqbaş? Kimsə kimisə qəbul edir, bu, onun şəxsi işidir. İş başlamamış mənə zəng vurub, sual veriblər. Onun alimliyinin mənə dəxli var? İndi baxacam, görüm nə yazılıb? Kim nə istəyir desin. Oğurluq etməmişəm, pul oğurlamamışam, cinayət törətməmişəm, dövləti satmamışam. Bu, mənim şəxsi fikrimdir”.
Akif Əli Lütfü Zadəyə görə dilinin bəlasına düşdü



Lakin sonradan həm sadə vətəndaşlar, həm də ictimai şəxslər tərəfindən yazılan çoxsaylı qınaqlardan sonra Akif Əli sosial şəbəkədə status yazaraq, üzr istəyib və Lütfi Zadəni böyük alim adlandırıb: “Əgər yerinə düşməyən, bəlkə də emosional ifadələr olubsa üzr istəyirəm. Tanrı xalqın böyük aliminin ruhunu şad etsin!”, - deyə o, bildirib.

Onu da qeyd edək ki, ölkə başçısı İlham Əliyev sentyabrın 7-də Lütfi Zadənin vəfatı ilə əlaqədar nekroloq imzalayıb. Nekroloqda deyilir: “Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli alim, ABŞ-ın Kaliforniya Universitetinin professoru, Yumşaq Hesablamalar üzrə Berkli Təşəbbüsünün rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri Lütfi Zadə (Lütfəli Rəhim oğlu Ələsgərzadə) 2017-ci il sentyabrın 6-da ömrünün 97-ci ilində vəfat etmişdir”.
Nekroloqu İlham Əliyev, Mehriban Əliyeva, Artur Rasi-zadə, Oqtay Əsədov, Ramiz Mehdiyev, Elçin Əfəndiyev, Hacıbala Abutalıbov, Akif Əlizadə, Mikayıl Cabbarov, İbrahim Quliyev, Rasim Əliquliyev, Telman Əliyev, Fikrət Əliyev və Arif Paşayev imzalayıblar.
Akif Əli Lütfü Zadəyə görə dilinin bəlasına düşdü


Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirdi ki, belə bir məqamda olan şəxsin hansısa alimə fiziki görünüşünə görə ad, ləqəb qoşması tərbiyədən kənar bir hərəkətdir: “Kimliyindən asılı olmayaraq dünya elminə böyük töhfələr vermiş şəxsiyyət haqqında bu formada aşağılayıcı şəkildə, ziyalıya yaraşmayan formada ifadə işlətmək tamamilə tərbiyədən kənar hərəkətdir. İlk olaraq buna baxmaq lazımdır. Çünki ziyalıların hər bir kəlməsi cəmiyyət üçün barometrə çevrilir və insanlar buna görə müəyyən edirlər ki, necə davranmaq ədəb qaydalarına daha çox uyğundur. İkincisi isə ölkənin birinci prezidenti nekroloq imzalayıb, böyük bir alimə dəyər verib. Belə çıxır ki, Azərbaycanın bütün dövlət xadimləri bir fındıqbaşa dəyər verib? Yaxud da gərəksiz, lazımsız adama dəyər veriblər? Bu dövlət rəhbərlərindən daha ağıllı düşünməkmi iddiasıdır? Azərbaycanın dövlət rəsmiləri anlayırlar ki, bu ad, Azərbaycan üçün brenddir. Bu adın elə Azərbaycan adı ilə yanaşı çəkilməsi kifayətdir ki, ölkənin adının imici baxımına müsbət təsiri olsun. Bu adam Azərbaycan alimləri ilə işləyib, bütün məsələlərdə ölkəmizin maraqlarını müəyyən dərəcədə gündəmə gətirməyə çalışıb. Yaxşı, bu adam çıxıb küçədə ”Qarabağ bizimdir" deyə qışqıran deyil ki... Çox primitiv, düşüncəsi məhdud olan insanlar deyirlər ki, oğlu niyə bu cür danışır. Əlbəttə, oğlu Amerikada doğulub və Azərbaycanı tanımır. Lütfi Zadə isə Azərbaycanda doğulduğu üçün deyir ki, məni vətənimdə dəfn edin. Adam demir ki, mən ingilisəm. Bu məsələdə Azərbaycan cəmiyyətində o qədər bəsit və səviyyəsiz yanaşma ortaya çıxdı ki, çox heyrətləndim və statuslar da yazdım ki, kimin dəyərinin nə olduğunu hələ doğru verə bilmirsiz. O qədər yalançı vətənşüvənlər küçələrdə “Qarabağ” deyə qışqırıb, sonra da fondların pullarını yeyib problemlər yaratdı. Ona görə də bu, meyar deyil. Qarabağa, Xocalıya xidmət vətən üçün divident gətirməkdir. Elmdə, sənətdə, ədəbiyyatda fayda gətirməkdir. Lütfi Zadə elə aldığı mükafatlarla, obrazı ilə Azərbaycanı çiynində daşıyan şəxsiyyətdir. Biz Rostropoviçə ona görə dəyər verirdik ki, Bakıda doğulmuşdu. Dəyər verirlir ki, onun Azərbaycanla bağlılığı ölkəmizin tanınmasında çox vacib məsələdir".

Deputat bildirib ki, Lütfi Zadəni Fəxri Xiyabanda, yüksək səviyyəli dövlət törəni ilə dəfn etmək lazımdır:

“Onun böyük, layiqli qiymətini vermək lazımdır. Hər bir Bakıya gələn insana da göstərməliyik ki, azərbaycanlı budur. Bu cür dahi insanlar yetişdirən bir xalqıq. Bunu təbliğ etmək lazımdır. Tərbiyənin, ədəbin nə olduğunu bilməyən insanların hətta dünyaya töhfə verən xarici alimi belə söyməsi məntiqsizdir. Hansısa axmaq yəhudiləri sevmədiyinə görə Eynşteyni söyə bilər. Bu axmağa görə, Eynşteynə dəyər verilməyəcək ki? Ona dəyər bəşər elminə verdiklərinə görə götürülür. Milli mənsubiyyətinə verilən dəyər kimi göstərilmir. Əgər Akif Əli belə bir açıqlamanı həqiqət veribsə, bu, bütün hallarda insanın ağlı ilə bağlı problemlər yaşadığının görüntüsü ola bilər. Normal düşünən insan belə bir ifadə işlətməz”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26