Interposta.Info

Bakıda yol qəzasında iki nəfər ölüb, mətbuat xidməti rəhbərinin oğlu xəsarət alıb - ADLAR

Ölkə
 7-09-2017, 22:11     10 612

Fövqəladə Hallar Nazirliyi Bakının Səbail rayonunda iki nəfərin ölümü ilə nəticələnmiş yol qəzası haqqında məlumat yayıb.

FHN-dən APA-ya verilən xəbərdə bildirilir ki, Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Səbail rayonunda, Bakı-Ələt magistral avtomobil yolunun 18-ci kilometrliyində “Opel” və “Subaru” markalı iki minik avtomobilin toqquşması haqqında məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri “Opel” markalı avtomobilin sürücüsü, 1971-ci il təvəllüdlü Məmiyev Füzuli Mədət oğlunun və sərnişin, 1966-cı il təvəllüdlü Məmmədov Kamal Nəcəf oğlunun cəsədlərini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb, aidiyyəti üzrə təhvil veriblər.

18:47

Bakıda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Səbail rayonu ərazisində qeydə alınıb.

İlkin məlumata görə, “Prado” markalı avtomobil idarəetməni itirərək “Subaru” markalı maşına dəyib.

“Subaru” yoldan çıxaraq yolun əks tərəfində hərəkətdə olan “Opel” markalı avtomobilə çırpılıb. Qəza nəticəsində “Opel”də olan şəxslərdən ikisi dünyasını dəyişib. Daha iki nəfər isə xəsarət alıb.

Qeyd edək ki, “Subaru” markalı avtomobili idarə edən Arif Rəhimov Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

O, qəza nəticəsində yüngül xəsarət alıb.

Qeyd edək ki, hadisə barədə ilk xəbəri "Salamnews" yayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26