Interposta.Info

Ərini öldürən qardaşını ittiham edən qızın dramı:

Ölkə
 25-04-2017, 15:04     673

Bacısını qaçırdığı üçün dayısı oğlunu öldürməkdə təqsirləndirilən 1995-ci il təvəllüdlü Nurlan Quliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

interposta.info
Musavat.com-a istinadə xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

İlk şahid təqsirləndirilən şəxsin atası Qəmbər Quliyev olub. O, hadisələrin bu vəziyyətə gəlib çıxmasına görə peşmançılıq çəkdiyini deyib: "Ölən də, öldürən də mənimdir. Mərhum Mahir qaynımın oğludur. Hadisələrin bura gələcəyinə inanmazdım. Qızım qaçandan sonra sakitçilik oldu. Amma Nurlan bunu özünə bağışlaya bilmirdi. Deyirdi ki, "bacı mənim qeyrətimdir". Namusunun kirləndindiyini deyirdi. Onunla oturub saatlarla söhbət edirdim, işin olmasın, qohumuq deyirdim. Amma axırı belə oldu".

Qızının başqa şəxslə evlənməsinə razlııq verdiyini deyən Qəmbər Quliyev daha sonra əlavə edib:
"Mən Mahirə qız verilməsini məsləhət bilmədim. Başqasına "hərisini" vermişdik. Sonra qız qaçıb getdi. Mən də heç nə demədim. Toy eləyirdilər, razılıq da verdim. Çünki qız artıq qaçmışdı. Bilirdim ki, əlimdən gələn bir şey yox idi. Elə dövrə gəlib çıxmışıq ki, uşaq valideyninə qulaq asmır. Özümü bağışlaya bilmirəm".

Digər şahid isə mərhumun arvadı, təqsirləndirilən şəxsin bacısı Mərziyə Quliyeva olub. Gərgin və həyəcanlı şəkildə çıxış etmək istəyən şahidə hakim xatırladıb ki, qanunvericiliyə görə o, qardaşının əleyhinə ifadə verməyə bilər.

Ancaq Mərziyə Quliyeva ərini öldürən şəxsə qardaş demək istəmədiyini deyib və ifadə vermək istədiyini söyləyib:
"Mahiri sevirdim və öz istəyimlə ona qaçmışdım. Məni başqasına verirdilər. Mahirə dedim və onunla qaçmağa razılıq verdim. Ancaq buna evdən razı deyildilər. Mahirin pulu olmadığı üçün ona getməyimi istəmirdilər. Qaçıb ona gəldim. Atam söz göndərmişdi ki, məndən imtina edib. Bu hadisədən sonra ata evinə qayıtdım. İndi öz ailəmlə yaşıyıram. Digər qardaşım bu məsələlərə görə məni incidir. Qalmışam çıxılmaz vəziyyətdə".

Hakim buna görə qızın atası Qəmbər Quliyevə irad bildirib. Ağdam rayon Polis İdarəsinə məktubla müraciət edəcəyini deyən hakim M.Quliyevanın təhlükəsizliyinin təmin edilməsinin vacib olduğunu qeyd edib. Prosesin davamında Mərziyə Quliyava əsəblərinə hakim ola bilməyib və qardaşını təhqir edib. Buna görə də onu məhkəmə zalından çıxarıblar. Daha sonra təqdirləndirilən şəxsin anası Zemfira Quliyeva şahid qismində dindirilib. O da həyat yoldaşı kimi eyni məzmunlu ifadə verib.

Növbəti məhkəmə prosesi mayın 2-nə təyin edilib.

Qeyd edək ki, qətl keçən il sentaybrın 26-da Sabunçu rayonu, Pirşaği qəsəbəsində baş verib. 21 yaşlı Nurlan Quliyev dayısı oğlu Mahir Quliyevi qəsəbədə yerləşən körpünün yaxınlığına çağırıb. Belə ki, M.Quliyev hadisədən bir həftə əvvəl evlənmək məqsədi ilə N.Quliyevin bacısını qaçırıb. N.Quliyev körpünün üzərində dayısı oğlu ilə əvvəlcə mübahisə edib. Daha sonra o, M.Quliyevin ürək nahiyəsindən bıçaqla zərbə vurub və onu körpünün üzərindən aşağı yamaca doğru atıb. M.Quliyev oradaca dünyasını dəyişib. Nurlan Quliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürmə) maddəsi ilə ittiham edilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26