Interposta.Info

12 yaşlı qız:

Ölkə
 13-04-2017, 21:34     511

Xəyanət etdiyini öyrəndiyi arvadını 12 yaşlı qızının yanında qana boyayan Anar Mustafayevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Anar Mustafayevin keçmiş arvadı məhkəmədə ifadə verərkən mübahisə düşüb. O, keçmiş qayınanasının üstünə hücum çəkib.

interposta.info
Musavat.com-a istinadən xəbər verir ki, məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilib.
Həyat yoldaşı Tünzalə Mustafayevanı bıçaqlamaqda təqsirləndirilən 1984-cü il təvəllüdlü Anar Mustafayevə Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb. Hadisənin baş vermə səbəb kim isə qısqanclıq göstərilib.

Özünü qismən təqsirli bilən A.Mustafayev deyir ki, arvadını öldürmək niyyəti olmayıb. Əgər bu məqsədi olsa idi, arvadını bir saniyənin içərisində öldürə bilərmiş. Üç uşaq atası olan Mustafayev arvadının ona xəyanət etdiyini, telefon işlətməsinə qadağa qoyduğu halda onun başqa kişi ilə telefonla danışarkən tutduğunu bildirir.

Aprelin 13-də baş tutan məhkəmə prosesində zərərçəkmiş, Anar Mustafayevin keçmiş arvadı Tünzalə Mustafayevə ifadə verib.

4 bıçaq xəsarəti alan Tünzalə Mustafayeva ərinin yalan danışdığını və heç bir kişi isə əlaqəsinin olmadığını deyib.

"Anası tutdu, Anar da bıçaqladı”

Hadisə baş verən gün hamamda başqa bir şəxslə telefonla danışmadığını deyən Tünzalə Mustafayeva ifadəsində qeyd edib: “Mənim telefonum yox idi. Anar telefondan istifadə etməyə icazə vermirdi. Həmin telefon da mənim iş yoldaşımın idi. Mən də qızıma telefon almaq istəyirdim. Həmin telefon da məndə qalmışdı. Axşam da iş yoldaşım zəng elədi ki, səhər gələndə telefonu gətirim. Mən hamamda paltar yuyurdum. Telefonla danışmaq üçün hamama getməmişdim. Ancaq gəlib telefonu alıb dedi ki, kimlə danışırsan? Telefonu əlimdən aldı. Stəkanı mənə atanda gözümə dəydi. Qapını açıb əlindən qaçdım. Kirayədə yaşadığımız həyətdə ev sahibi də yaşayırdı. Onun evinə girib qapını bağladım. Anar onsuz da heç bir səbəb olmadan məni tez-tez döyürdü, bıçaqla hədələyirdi. Axşam ev sahibinin evindən qızımı da götürüb qaçdım. İşlədiym kərpic zavoduna gəldim. Bilirdim ki, Anar mənim arxamca gələcək. Müdirimiz mənə 30 manat verdi ki, rayona gedim. Məni oradan yola saldı. Ancaq mən səhər yenə zavoda qayıtdım. Bir az keçəndən sonra Anar anası ilə gəldi. Mənə dedilər ki, barışığa gliblər. Anarın anası Gülüstan məni tutdu, Anar da bıçaqladı”.

Daha sonra hakimin və dövlət ittihamçısının suallarını cavablandıran Tünzalə Mustafayeva deyib ki, 8-ci sinifdə oxuyan uşağına telefon almaq istəyirmiş. Axşam evə gətirdiyi telefonu da iş yoldaşından bu məqsədlə alıbmış.

Məhkəmə Anar Mustafayevin keçmiş arvadına sual verməsinə şərait yaradıb: “Mənim xəbərim olmadan necə uşağa telefon alırdın? Mənə niyə demirdin?”.

Tünzalə Mustafayeva: “Sən bilirdin. Uşaq neçə vaxt idi telefon istəyirdi”.

Anar: “Yalan deyirsən. Onda bu suala cavab ver görüm, niyə mən rayona gedəndə gecələr zavodda qalırmışsan?”

Tünzalə: “Yalan danışma. Bircə dəfə zavodda qalmışam. Həmin gün də zavodda “peç” qurulurdu. Orada qalmağımdan da xəbərin var idi”.

Anar: “Mən səni niyə vurdum? Onu denən. Sən mənə dedin ki, Taleh mənimlə evlənəcək. Məni saxlayacaq”.

Tünzalə: “Yalan deyirsən”

12 yaşlı uşaq ananın dediklərini niyə yalanladı?

Cinayət işi materiallarından və şahid ifadələrindən məlum olur ki, Tünzalə Mustafayeva qızı ilə evdən çıxdıqdan bir gün sonra Gəncəyə gedib. Oradan da işlədiyi kərpic zavodunun müdirinin qardaşı Taleh Məmmədovla əlaqə saxlayıb. Ancaq Taleh Məmmədov zənglərə cavab vermədiyindən T.Mustafayeva qızı ilə birlikdə Bakıya, kərpic zavoduna geri qayıdıb.

Anar Mustafayev deyir ki, Taleh Məmmədov arvadına Gəncədə iş tapacağını, onunla evlənəcəyini vəd edərək çağırıb.

Məhkəmə prosesinin davamında hadisənin əsas şahidlərindən olan 12 yaşlı Gülüstan ifadə verib.

O, məhkəmədəki ifadəsində anasının dedikləri fikirlərin əskini söyləyib. Bu isə məhkəmədə gərginlik yaradıb.

Əvvəlcə hadisənin necə baş verməsi haqda danışan Gülüstan bunları deyib: “Mən yaşadığımız ev sahibinin yanında idim. Biz eyni həyətdə ayr-ayrı evlərdə qalırdıq. Onların evində televizora baxırdım. Möhkəm qapı döyüləndə mən açdım. Gördüm ki, anamdır. İçəri otağa keçib qapını bağladı. Atam arxadan qaçaraq gəldi. Ev sahibi Mina xala atamı sakitləşdirdi. Gecə anamla evdən qaçdıq. Zavoda gedəndə orada tanımadığımız şəxslər var idi. Səhər Taleh və zavodun müdiri Valeh də ora gəldi. Dedi ki, “qız uşağı ilə burada nə edirsən? Sənin dədən, anan yoxdu?” Bizə 30 manat verdi ki, rayona gedək. Anam məni özü ilə Gəncəyə apardı. Gəncəyə çatanda anam Talehə zəng elədi, amma o telefonu açmadı. Axşam olanda anam bir polisə yaxınlaşıb telefonundan istifadə etmək istədiyini dedi. Həmin polis bizə kömək etdi, telefonunu verdi, aparıb yemək aldı. Anam polisin telefonundan Talehə zəng eləsə də zəng çatmadı. Daha sonra anam Talehin qardaşı Valehə zəng elədi. O Talehin harada olduğunu bilmədiyini dedi. Sonra Bakıya qayıtdıq. Zavoda gələndə müdir bizi görüb dedi ki, “nəyə gəlmisiz?” Zavodda başqa qadınlar və kişilər də var idi. Anama dedilər ki, “sən 3 uşağı atıb başqasına qaçmısan. Ayıb deyilmi?”. Sonra biz orada otaqlardan birində gözlədik. Atamla nənəm gəldi. Mübahisə başlayanda atam anamı vurdu. Amma anamı bıçaqlayan vaxt mən görmədim”.

Daha sonra prokurorun suallarını cavablandıran 12 yaşlı Gülüstan anasının gizli şəkildə telefonla danışdığını deyib: “Ev sahibinin qaldığı evdəki otaqlardan birində gizli şəkildə telefonla danışırdı. Soruşanda ki, ana nə edirən? Deyirdi ki, otağı yığışdırıram. Həmin gecə biz evdən qaçanda anam ev yiyəsinin telefonunu da götürmüşdü”.

Hakim Tüzanlə Ağayevadan qızının dediklərinə münasibətini öyrənib və soruşub: “Niyə qızınız sizin dediyinizin əksini deyir? Qızınız deyir ki, Gəncəyə gedibsiniz, telefonla tez-tez danışırmışsınız”.

Tünzalə Mustafayeva isə bütün bunların günahkarı kimi zalda olan keçmiş qaynanası Gülüstan Mustafayevanı işarə edərək onu hədələyib və deyib ki, qızına bu sözləri o öyrədib.

Tünzalə Mustafayeva keçmiş qayınanasının üstünə qışqırmağa başlaması ilə məhkəmədə mübahisə başlayıb.

Keçmiş gəlin-qayınananın davası

Məhkəməyə şahid qismində Tünzalə Mustafayevanın qardaşı Fərrux Kərimov və atası Zahir Kərimov da gətirilib. Onlar eyni məzmunlu ifadə verərək Tünzalənin bıçaqlanma xəbərini aldıqdan sonra rayondan Bakıya gəldiklərini deyiblər.

Zahir Kərimov ifadəsinə əlavə olaraq bildirib ki, qızının ailəsində baş verən bütün problemlərin səbəkarının Anarın anası Gülüstan Mustafayeva olduğunu deyib.

Bundan sonra məhkəmə zalında tərəflər arasında mübahisə qızışıb. Zərərçəkmiş Tünzalə Mustafayeva keçmiş qayınanasının üstünə hücum çəkərək onu vurmaq istəyib. “Buraxın Gülüstanı vurum” deyərək keçmiş qayınanasının üstünə hücum çəkən T.Mustafayevanı məhkəmə nəzarətçiləri çətinliklə çölə çıxarıblar. Tərəflər bir-birini ölümlə hədələdikdən sonra tərəflərin hamısı məhkəmə zalından çıxarılıb.
Məhkəmə prosesi aprelin 27-də davam edəcək.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26