Milli kimliyimiz, mənəviyyatımız olan dilimiz…
Ana dilimiz əsrlərdən bəri müxtəlif sınaqlardan qətiyyətlə keçərək bizə yadigar gəlib çatmışdır. Bir millətin, xalqın formalaşmasında onun əlifbası, dili vacib amillərdən biridir.
Bu dil bizim ruhumuz, eşqimiz, canımızdır,
Bu dil bir-birimizlə əhdi-peymanımızdır.
Bu dil tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil əcdadımızın bizə miras verdiyi
Qiymətli xəzinədir…onu gözlərimiz tək
Qoruyub, nəsillərə biz də hədiyyə verək.
Dahi şairimiz Bəxtiyar Vahabzadənin dilimizə ideoloji təzyiqlər zamanı yazdığı bu möhtəşəm şeir Ana dilinin nə qədər önəmli olduğunu vurğulamışdır. Dil şərəfdir, namusdur, ləyaqətdir. Xəlil Rza şeirlərinin birində
Sağdır dilim, demək sağdır şərafətim, ləyaqətim,
Sağdır demək milyard yaşlı məmləkətim.
deyərək dilin mənəviyyat məsələsi olduğunu dilə gətirmişdi.
Bir neçə ay bundan əvvəl rayon səfərlərimizin birində iki yaşlı xanımla ünsiyyətdə olduq. Çox gözəl və maraqlı söhbət əsnasında həmin xanımlardan biri dedi:
- Qızım, mən orta məktəbdə də, universitetdə də rus bölməsində təhsil almışam. Uzun illər rus bölməsində riyaziyyat müəllimi işləmişəm. Buna baxmayaraq, Azərbaycan dilini çox sevirəm və ədəbi dilimizdə düzgün danışanlara rəğbətim var. Adını soruşmağı belə unutduğum bu xanımın hər kəlməsini dinlədikcə heyrətlənir, möhtəşəm bir musiqi dinləyirmiş kimi sözlərinin, cümlələrinin sehrinə düşür, bircə kəlmə də olsa, varvarizmlərdən istifadə etmədiyini, aydın, rəvan, axıcı, səlis nitqinin olmasını görüb zövq alırdım. Bu zaman bacısı söhbətə müdaxilə edir:
- Qızım, mənim qızım da uzun zamandır ölkə xaricində yaşayır, bir neçə dil bilir və sərbəst şəkildə danışır. Sənə deyim ki, Azərbaycan dilində elə çox gözəl, səlis, əski sözlərimizi seçib danışır ki, vallah (gülür) heç mən o sözləri bilmirəm. Burada yaşamasa da, dilimizi unutmayıb, əksinə daha da gözəl qoruyub saxlayır və istifadə edir.
Düşünürəm ki, hər bir vətəndaş öz ana dilini hədsiz sevməli, ən incəliklərinə qədər bilməli və öz övladlarından başlayaraq öyrətməli, hər zaman və hər yerdə də belə ləyaqətlə təmsil etməlidir. Budur dilə sevgi, budur dilin təəssübkeşliyini çəkmək. Nəğməli, ahəngdar, zümzüməli dilim, bayatıda deyildiyi kimi
Dilim-dilim…
Kəs qovun dilim-dilim.
Mən dilimdən vaz keçməm,
Doğra kəs dilim-dilim…
Dil bir xalqın varlığını əks etdirən kimliyidir, sərvətidir. Böyük tarixi inkişaf yolu keçən dilimiz zaman-zaman müxtəlif təzyiqlərə məruz qalsa da, varlığını qoruyub saxlaya bilmişdir. Ölkəmizdə uzun illər ərzində ərəb əlifbasından istifadə edilmiş, ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməmişdir. XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundzadə başda olmaqla dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar etmişdi. Bu məqsədlə ilk addım 1922-ci ildə Əlifba komissiyasının yaradılması ilə başlamış, 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edilmişdir. Bu əlifba isə 1940-cı il 1 yanvardan etibarən kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olunmuşdur. Yarım əsrdən çox müddət ərzində işlədilən kiril qrafikalı əlifbanın dilimizin fonetik quruluşuna uyğunlaşdırılması yolunda cəhd göstərilsə də, optimal variantın əldə edilməsi mümkün olmamış və bu məsələ onun nə vaxtsa dəyişdiriləcəyi ehtimalını sürətləndirmişdir.
Bu tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bununla da, latın qrafikalı Azərbaycan əlifbasına keçid 2001-ci ilin 1 avqustunda başa çatdı. Azərbaycan müstəqillik əldə etdikdən sonra 1991-ci il dekabr ayında latın qrafikalı əlifbaya keçid barədə qərar qəbul edildi. 9 avqust 2001-ci ildə Prezident Heydər Əliyev 1 avqust tarixinin “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzaladı.
Hər il bu gün- 1 avqust ölkəmizdə Azərbaycan dili və Əlifbası Günü kimi qeyd edilir. Dilimizi sevmək, qorumaq, saflığının qayğısına qalmaq, gələcək nəsillərə ötürmək vətəndaşlıq borcumuzdur.
Elza İbadova Filoloq
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26


