Interposta.Info

Azərbaycanda ürək xəstəlikləri niyə çox yayılıb? (AÇIQLAMA)

Müxtəlif
 25-10-2023, 11:50     23 396

12 il Almaniyada yaşayıb, orda fəaliyyət göstərən həkim Nicat İbrahimov vətənə dönərkən müsahibəsində Azərbaycanın ürək ölümünə görə ikinci yerdə olduğunu açıqlayıb. Həkim bunun səbəbini belə izah edib:

"Ürək xəstəlikləri inkişaf etmiş ölkələrdə ön sıralardadır. Azərbaycanın ön sırada olmasının bir neçə subyektiv və obyektiv səbəbləri var. Coğrafi mövqeyimiz, geoloji şərtlər, genetik faktorlar, qidalanma tərzləri (biz heyvanmənşəli qidalardan çox istifadə edirik ki, bunlar da ürək xəstəliklərinin yaranmasında böyük rol oynayır), hazır qidalar, xörək duzundan çox istifadə, nikotinin qəbulu – bunlar hamısı ürək xəstəliklərini artıran səbəblərdir”.

Həkim Səxavət Əlisoy Qaynarinfo-ya açıqlamasında bildirib ki, öncə ürək xəstəliklərinin yaranma səbəblərinə baxmaq lazımdır:

"Passiv həyat tərzi-hərəkətsizlik, anormal qidalanma, siqaret və spirtli içkilər, stress, artıq çəki, ehtiyac içində yaşam, şəkər xəstəliyi və s. ürək xəstəliklərinin yaranmasında mühüm rol oynayır. Fərdin öz orqanizminə olan biganə münasibətini də bu sıraya aid etmək olar. Etiraf etməliyik ki, toplum olaraq sağlamlığımıza ciddi önəm vermirik. El dili ilə desək, "iş işdən keçəndən sonra" sağlamlığımız yadımıza düşür və artıq gec olur. Ürək xəstəlikləri bütün dünyada geniş yayılıb. Ancaq ürək xəstəliklərindən ölümün xüsusi çəkisi inkişaf etməmiş və qeyri-demokratik ölkələrdə daha yüksək olur”.


Həkim hesab edir ki, azad olmayan cəmiyyətlərdə toplum adətən, qorxu, stress içində yaşayır:

"Stress diabet və ürək xəstəlikləri üçün ən münbit şərait yaradan faktordur. Digər önəmli faktor dispanserizasiyadır. Bizdə çox nadir hallarda adamlar həkimə yalnız profilaktik məqsədlə müraciət edir. Saatlarla internetdə olan gəncləri göz önünə gətirin. Böyük əksəriyyətinin daxili orqanlarının durumu barədə elementar məlumatı yoxdur. Saatlarla danışa bilər, ancaq özünün qan-damar sistemi barədə tam xəbərsizdi”.

Səxavət Əlisoy qeyd edib ki, əgər tanıdığımız 100 nəfər arasında sorğu aparılsa, onlardan xolesterinin miqdarının nə qədər olduğunu soruşulsa, maksimum üç nəfər bilər:

"Divanda saatlarla oturub internetdə "araşdırma" aparanlar vaxt tapıb normal qidalanma barədə, hərəkətsizliyin fəsadları barədə bir şey oxumur. Parklara, küçələrə diqqət edin, çox az miqdarda idmanla məşğul olan adam görərsiniz. O parklarda səhərdən-axşama nərd-domino oynayanların çoxu potensial ürək xəstələridir. Sadəcə xəbərsizdilər ürəklərindən. Ürək tutması baş verəndən sonra gedib müayinə olunacaqlar. Kəsəsi, həyat tərzinə nəzarət edə bilməyənlər unutmasınlar ki, ürək daş-dəmir deyil, ən həssas orqandır, onu qorumaq gərək”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26