Interposta.Info

Rəşad Nəbiyev “TEKNOFEST Türkiyə - 2023”ün azərbaycanlı qalibləri ilə görüşüb (FOTO)

 

Müxtəlif
 12-05-2023, 16:53     348

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 27 aprel-1 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən "TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının azərbaycanlı qalibləri və Azərbaycan pavilyonunu təmsil edən startapçılarla görüşüb.

Görüşdə Rəşad Nəbiyev qalibləri təbrik edərək bildirib ki, gənc nəslin aviasiya, kosmos, texnologiya sahələrinə yönəlməsi, bunun ümummilli hərəkata çevrilməsi və nəticədə kritik sahələrdə milli texnoloji həllərin yaranmasında "Teknofest” kimi təşəbbüslər xüsusi rola malikdir.

Nazir bu platformada təqdim olunan layihələrin gələcəkdə qlobal şirkətə, məhsula çevrilmək şansının yarandığını vurğulayıb. Diqqətə çatdırıb ki, festivalda iştirak edən, uğur qazanan gənclər yaşıdları üçün motivasiya mənbəyi olur və bu təsir dalğavari yayılaraq ümumilikdə gənc nəslin texnologiyalara marağının artmasına səbəb olur.

Görüşdə qalib komanda və startaplara sertifikatlar təqdim olunub.

Qeyd edək ki, "TEKNOFEST Türkiyə – 2023” çərçivəsində yarışmaların final mərhələsinə 100-dən çox tələbənin iştirak etdiyi 16 Azərbaycan komandası vəsiqə qazanıb. Layihələr üzrə birinci yerləri "Akıllı ulaşım” yarışmasında Bakı Dövlət Universitetinin "Driver’s Eye” layihəsi və "ISIF 2023 Beynəlxalq Patentlər” yarışmasında "Yeni Texnologiyaların İnkişafına Dəstək” İctimai Birliyinin sədri Ceyhun Xəlilovun "İnventorlu elektrik requlyatoru” layihəsi, üçüncü yeri "Tarım teknolojisi” yarışmasında Bakı Dövlət Universitetinin "Ağıllı damla sulama sistemi” layihəsi qazanıb. Eyni zamanda Azərbaycan-Türkiyə gənclərindən ibarət "Ejder Drones” komandası "İnsanlıq yararına texnologiya” müsabiqəsinin "Fəlakətlərin idarə edilməsi” kateqoriyasında universitet və yuxarı səviyyə üzrə üçüncü yerə layiq görülüb.

"ONNO”, "Uvodo”, "WakeX” və "CustomAr” layihələri də Azərbaycan pavilyonunu təmsil edən startaplar sırasında olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26