Interposta.Info

Zorlanan yeniyetmələrin belinə qırmızı bağlayıb toyxanaya yola saldıq...

Müxtəlif
 7-09-2022, 15:49     269


“Dünən ev şəraitində 13 yaşlı qız dünyaya uşaq gətirib. O, xəstəxanaya yerləşdirilib. Doğulan uşaq sağdır, 13 yaşlı ana isə sığınacağımıza yerləşdirilməsini xahiş edir...”

Bəlkə də, məsləhət vermək ən asan işdir, bilmirəm, amma bu kimi hadisələr məni bir neçə istiqamətdə düşünməyə vadar edir.

1. 13 yaşlı qız uşağının valideynləri hadisənin üstünü niyə ört-basdır edib? Zorlama faktı niyə gizlədilib?

2. Hamının qısa ətəyinə, şortikinə qarışan, namus-qeyrət divarları olan qonşular niyə 13 yaşlı qızın faciəsi ilə bağlı bir addım atmayıblar? Aidiyyəti dövlət qurumlarına müraciət və s.

3. 9 ay ərzində bu hamiləlik necə gizlədilib və bu gizlətmənin hansı cinayət tərkibi var?

4. Yeniyetmələrin hüququnu müdafiə edən hansı mexanizmlər var?

5. Niyə körpə balalar valideynlər tərəfindən çox vaxt cinayətkarın özünə - evlənmək vasitəsilə qurban verilir?

6. 13 yaşlı yeniyetmə cəmiyyətin qınağına gəlməmək üçün doğuşu evdə keçirib - heç bir peşəkar tibbi yardım olmadan. Proses zamanı həyatını itirsəydi, necə olacaqdı və kim məsuliyyət daşıyacaqdı?

7. Görəsən, gündə neçə belə hadisə baş verir?

Açığı bu sualları çox uzatmaq olar, amma bu kimi hadisələrin ən birinci səbəbi uşağın ailədə güvəndə olmamasıdır.

Uşağın təzyiq, təhqir, qorxu altında yaşamasıdır. İnanmıram ki, valideyninə güvənən uşaq onlardan nəsə gizlətsin. Çünki bütün sirlər qorxudan yaranır.

Bu isə cinayətkarlar üçün ən gözəl yaradılan şəraitdir. Yetkinlik yaşına çatmamış şəxslərin hər iki tərəfdən manipulyasiyası, “heç kimə heç nə demə” təhdidi, “atan bilsə bizi öldürər” və s. kimi davranış metodları bizi hər gün belə faciələrlə qarşılaşmağa vadar edir. Bu gün ortaya çıxan 13 yaşlı qızın faciəsi isə yeganə fakt deyil. Mütəmadi olaraq belə hadisələrlə qarşılaşırıq, amma əsl statistika nə qədərdir, onu bilmirik. Neçə-neçə 13, 15, 16 yaşlı qızların faciəsi “mentalitetə” görə, “ailənin” nüfuzuna görə ört-basdır edilib. Belinə qırmızı lent bağlanılıb toyxanaya onu zorlayanla birgə salınıb.

O izdivacdan hələ körpə də doğulur və ana-atalar bu cinayətdən dünyaya gələn körpəni qucaqlarına alıb nəvə-nənə tamaşası qururlar. Gənc ana isə ömür boyu cinayətkarın girovuna çevrilir. Hər gün həmin seksual manyakı görür, hər gecə təcavüzü təkrar-təkrar yaşayır. Bir gün isə həyətdə, tövlədə özünü asan qadın xəbəri alırıq. Hadisənin səbəbini isə heç kim demir. Həmin seksual manyak, cinayətkar isə əli-qolu sallana-sallana növbəti qurbanını tapıb, onunla evlənəcəklər. Bütün bu ssenarinin baiskarı isə üç-yeddi-qırx verib, əsas odur ki, namusumuz təmizdir deyib, rahatca övladını dəfn edəcək.

Çünki ən vacibi qohum-qonşuların qarşısında “namuslu” görünməkdir, övlad isə ölsə də olar.

Bu isə Azərbaycanda geniş yayılmış “bundansa, kaş öləydin” ifadəsi və davranışının sübutudur. Bir valideynin düşüncə tərzi, psixologiyası, əxlaqı, mənəviyyatı hansı səviyyədə olmalıdır ki, baş verən hər hansı bir hadisəyə, ən çox da zorakılıqla üzləşən övladına bunu desin və etsin. Axı uşaq artıq zorakılıqla, döyülmə ilə, qorxu ilə, dəhşətlə, faciə ilə qarşılaşıb. Əgər onu doğma valideyni qorumayacaqsa, kim qoruyacaq?

Bu gün cinayətkarların-zorakılıq edənlərin əlinə işləyən ən geniş yayılan ifadələr isə “qız özü günahkardır”, “qadın özü şərait yaradıb yəqin”dir.

Çox təəssüf ki, XXI əsrdə yaşayan biz hələ də zorakılıqla seksual münasibətləri ayıra bilmirik.

Zorakılıq aktı məcbur edilmədir. Bunda isə günahkar yalnız və yalnız cinayətkardır, qarşı tərəf yox. Cinayətkar isə qanunun bütün ciddiliyi ilə məhkum olunmalıdır. Daha onun əməlinə nəsil-kök tərəfindən “toy” adı ilə bəraət qazandırılmalı deyil.

Amma əminəm ki, bu köşəni oxuyanların arasında, istənilən zorakılıq hadisəsinin səbəbi elə qadının özüdür deyənlər tapılacaq./oxu.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26