Interposta.Info

Fantastik filmlərdəki səhnələr reallaşır: Robot dəstəsi vəhşi təbiətdə sınandı - FOTO/VİDEO

Müxtəlif
 6-05-2022, 10:07     298

Çinli alimlər bir-birləri ilə koordinasiyalı işləyən və maneələri asanlıqla aşa bilən kiçik dron dəstəsi hazırlayıblar.

Bununla bağlı təqdim olunan görüntülərdə onlarla parlaq mavi robotun torpağın qeyri-bərabərliyinə baxmayaraq müstəqil şəkildə budaqların, kolların arasından ən yaxşı marşrutu seçərək asanlıqla keçməsi əks olunub. Kadrlar “Ulduz Döyüşləri”, “Prometey”, “Ülgüc Üzərində Qaçan 2049” və sair bu kimi filmlərin səhnələrini xatırladır.

Çjetszyan Universitetinin alimləri tərəfindən aparılan təcrübə ilə bağlı hesabat “Science Robotics” jurnalında dərc olunub.

Bildirilir ki, əvvəllər dron dəstələri adətən ya heç bir maneəsi olmayan açıq mühitdə, ya da proqramlaşdırılmış maneələr olan yerlərlə sınaqdan keçib. İlk dəfədir ki, onlar vəhşi təbiətdə strukturlaşdırılmamış mühitdə uğurla fəaliyyət göstərir.

Pilotsuz təyyarələrin uçuş yollarının planlaşdırılması ilə bağlı yeni sistem onlara sıx meşələrdə toqquşmadan uçmağa imkan verib. Ovuc ölçüsündə olan robotlar obyektlərə olan məsafələri, hündürlüyü hesablamaq üçün xüsusi kameralar və sensorlarla təchiz edilib.


Bu işdə əsas nailiyyət toqquşmaların qarşısını alan və dəstə daxilində yüksək uçuş səmərəliliyini və koordinasiyanı təmin edən kompüter alqoritmi hesab olunur.

Pilotsuz uçuş aparatları GPS kimi heç bir xarici infrastruktura güvənmədiyinə görə bu dəstələr ən ekstremal mühitlərdə işləyə bilər.

Qeyd olunur ki, bu cür dron dəstəsi aerofotoqrafiya, mühafizə işləri və fəlakətlərin nəticələrinin aradan qaldırılması kimi bir çox işlərdə tətbiq edilə bilər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26