Interposta.Info

İki dövlət qurumuna kiberhücum: Vətəndaşların məlumatları satışa çıxarıldı (FOTO)

Müxtəlif
 20-04-2022, 15:30     323

Azərbaycan Respublikası İcbari Sığorta Bürosunun internet resursları kiberhücuma məruz qalıb.

"İnterPosta" Bizim.Media-ya istinadən xəbər verir ki, hücumun şəxsiyyəti məlum olmayan, lakin iranlı olması ehtimal olunan "AngryBoy” təxəllüslü haker tərəfindən həyata keçirildiyi bildirilir.

Hakerin "DarkNet” internet resurslarında yaydığı məlumatlara əsasən, İcbari Sığorta Bürosunun bütün sisteminin dağıdıldığı və 40 milyondan çox məlumatın ələ keçirildiyi iddia olunur.

Hakerin dərc etdiyi ekran şəkillərində oğurlanmış məlumatlar arasında Azərbaycanın Daxili İşlər Nazirliyinin, İAMAS, Miqrasiya Xidməti və digər xidmətlərə məxsus məlumat bazalarının da olduğu nəzərə çarpır.

Bu hücumun son illərdə Azərbaycanın dövlət qurumlarına qarşı yönəlmiş geniş miqyaslı hücumlardan biri olduğu qeyd olunur.

Araşdırmalar zamanı məlum olub ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeçiliyində olan Dövlət Avtomobil Nəqliyyatı Xidməti də böyük miqyaslı kiberhücuma məruz qalıb. Hücum nəticəsində xidmətin məlumat bazasından milyonlarla fərdi məlumatların oğurlandığı bildirilir.

Məlumatlara görə, kiberhücumların əsas hədəfi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin "Fərqlənmə nişanı”nın alınması üçün nəzərdə tutulmuş onlayn platforması (e-fn.danx.gov.az) olub. İranlı olması ehtimal olunan Haker tərəfindən həyata keçirilən kiberhücum nəticəsində milyonlarla fərdi məlumatların ələ keçirilərək "DarkNet”də satışa çıxarıldığı iddia olunur.

İstifadəçilərin anonimliyini təmin edən və axtarış sistemlərində tapılmayan virtual məkan "DarkNet”, narkotik və silah satışından, çirkli pulların yuyulması, oğurlanmış məlumatların satışı və pornoqrafiyaya qədər bir çox zərərli məhsulların "qara bazarı” rolunu oynayır.

Ələ keçirilmiş və daha sonra satışa çıxarılmış məlumatlar içəsində Azərbaycan vətəndaşlarına məxsus sürücülük vəsiqələrinin seriya və nömrələri, vətəndaşların ad, soyad və ata adı, qeydiyyat ünvanı, mobil nömrə, ş/v-nin FİN kodu olduğu bildirilir.

Qeyd edək ki, Azərbaycanda əvvəlki illərdə də müxtəlif özəl və dövlət qurumlarının məlumat bazalarına yönəlik bu cür kiberhücumların həyata keçirildiyi məlumdur. Belə ki, 2014-cü ildə "İslamic Cyber Army” adlı haker qrupu tərəfindən çoxsaylı özəl banklar, hökümət və hərbi saytlardan məlumatların oğurlanması məqsədilə kiberhücumlar təşkil edilib.

44 günlük müharibə dövründə isə Ermənistan hakerləri tərəfindən müxtəlif dövlət qurumlarına və rəsmi saytlara istifadəçilərin fərdi məlumatlarını ələ keçirmək və fəaliyyəti əngəlləmək məqsədilə ümumilikdə 2678 kiberhücum cəhdləri həyata keçirilib.

Mövcud vəziyyət hazırda bu sahədə ciddi çatışmazlıqların və problemlərin olduğunu, bəzi özəl və dövlət qurumlarının məsələyə yetərincə diqqət ayrımadığını göstərir.

Azərbaycanda son illərdə artan kiberhücumlar dövlət qurumlarının bu sahədəki fəaliyyətinin gücləndirilməsini və informasiya təhlükəsizliyin təmin olunmasına daha çox diqqət ayırmasını tələb edir.

İnterPosta.info





Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26