Interposta.Info

Ramazan ayının başlanması ilə əlaqədar fətva verildi

Müxtəlif
 29-03-2022, 16:23     136

Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası mübarək Ramazan və orucluq ayının başlanması münasibətilə dünya və ölkə müsəlmanlarına təbriklərini ünvanlayır, bu müqəddəs ayda vacib ibadətlərin Allah dərgahında qəbula yetməsi üçün dualar edir.

"İnterPosta" xəbər verir ki, Ramazan ayı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Fətva qəbul edib.

Fətvada deyilir: "Ramazanın fəzilətləri barədə müqəddəs Kitabımız "Qurani-Kərim”də Uca Rəbbimiz buyurur: "Ramazan ayı insanlara doğru yol göstərən, doğru yolu və haqqı batildən ayırmağı açıq-aşkar dəlillərlə bəyan edən Quranın nazil olduğu aydır. Sizdən hər kim o aya yetişsə oruc tutsun..” (Bəqərə, 185). Aləmlərə rəhmət, möminlərə mərhəmət olan "Qurani-Kərim”in nazil olduğu mübarək Ramazanda müqəddəs dinimizə ehtiram nümayiş etdirməkdə, oruc ibadətimizi layiqincə tamamlamaqda bizə yardımçı olmasını Uca Rəbbimizdən raz-niyaz edirik!

Qazılar Şurası bu ilki Ramazan Fətvasını dindarlarımızın nəzər-diqqətinə təqdim edir və bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin müvafiq sorğusuna əsasən Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına görə, bu il üfüqümüzdə hilalın (təzə Ayın) aprelin 1-i görünməsi Ramazan ayının 1-i miladi təqvimlə 2022-ci il aprelin 2-nə təsadüf edəcək.

Möhtərəm qardaş və bacılar! Artıq ikinci ildir ki, Ramazan ayına qalib xalq, Vətən və şəhadət eşqi sayəsində 30 illik işğala son qoymuş millət kimi qədəm qoyuruq. Qarabağa zəfər yürüşünün əzmlə sona çatması Rəhman və Rəhim Allahın lütfü və tarixi ədalətin bərpası oldu. Biz dindarlar Qarabağ zəfəri ərəfəsində olduğumuz Ramazani-şərifin fəzilətlərindən olan ədalətin zülm üzərində qələbəsi kimi dəyərləndirərək qazilərimizin qəhrəmanlıqlarını təqdir edir, amalı Peyğəmbər (s) və Əhli-Beyt (ə) sevgisi olan şəhidlərimizə Uca Yaradandan rəhmət diləyir, bizə bu səadəti yaşatdığına görə ordu-dövlət-xalq birliyinə güvənən müzəffər sərkərdə və Ali Baş Komandan İlham Əliyevə sonsuz dualar edirik. On bir ayın sultanı olan Ramazani-şərif duaların qəbul olunduğu aylardandır. Mübarək ayın verdiyi bu fürsətdən istifadə edərək əzəli torpaqlarımıza Böyük Qayıdışın təmin olunması, viran qoyulmuş ərazilərimizə yeni nəfəs verilməsi, Qarabağda müasir həyat şəraitinin qurulması, vandalizmə məruz qalmış dini məbədlərin, məscidlərin bərpa edilməsi istiqamətində fövqəladə zəhmətlərinə görə dövlətimizin başçısı, Zati-aliləri, Prezident İlham Əliyevə, eləcə də ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya Azərbaycan dindarları adından dərin minnətdarlığımızı bildirir, bu mübarək günlərdə onlara ən böyük İlahi nemət olan cansağlığı diləyirik.

Mənəviyyat və əxlaqın zənginləşməsinə vəsilə olan oruc ibadəti insanın daxili saflığına, pis vərdişlərdən uzaq durmasına, Allah yolunda xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlam olmasına səbəb olur. Dövlətimiz tərəfindən verilən son qərara əsasən pandemiya sonrası dönəmdə dini tədbirlərin keçirilməsinə icazə verildiyi üçün təşəkkür edir, müvafiq qurumlara minnətdarlığımızı bildiririk.

Orucluq ibadəti yardımlaşmanı artıran, daxili dəyanəti gücləndirən İlahi qüvvəyə malikdir. Mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savabdır. Tövsiyə edirik ki, bu mübarək günlərdə torpaqlarımız, Vətənimiz uğrunda canlarını fəda edən qəhrəman şəhidlərin xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun, şəhid və qazi ailələrinə qayğı və diqqət göstərilsin. Qazılar Şurası din xadimlərimizin və yerlərdəki imamlarımızın nəzərinə çatdırır ki, Ramazanın vacibatları, qayda və qadağaları, müstəhəb əməlləri barədə dindarlara ətraflı şəkildə məlumatlar və şərhlər verilməlidir.

Hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib etmişdir. Bu təqvim İdarəmizin internet saytında (www.qafqazislam.com) yerləşdirilmişdır. Biz xalqımıza təqvimin internet versiyasından istifadəni tövsiyə edirik. Digər mənbələrdən daxil olmuş, təfriqə xarakterli, məzhəb və vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək təqvimlərin din xadimləri və dindarlar tərəfindən istifadəsi qeyri-məqbuldur. Bütün kütləvi informasiya vasitələrindən məhz QMİ-nin təqviminə istinad etmələri xahiş olunur.

Oruc ibadətinin mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Qazılar Şurasının qənaətinə görə, adambaşına 10-15 manat fitrə zəkatının verilməsi məsləhət görülür. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir.

İnşallah, Eydül-Fitr – Ramazan bayramının Şəvval ayının 1-i - Ayın üfüqi ərazimizdə görünməsindən asılı olaraq may ayının 2-nə təsadüf etməsi gözlənilir. Orucluq dönəmində ixlas və sədaqətlərini nümayiş etdirən Azərbaycan dindarları Prezident İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın dövlətçiliyimizin uğurları naminə fədakar fəaliyyətini, dövlətimizin və hökumətimizin misilsiz səylərini yüksək dəyərləndirir, müqəddəs Ramazan ayında ali dövlət rəhbərlərimizə və onların ailə üzvlərinə Uca Allahdan sonsuz xeyir-dualar diləyirlər.

Qadir Allah doğma Azərbaycanımızı qorusun, bütün bəlalardan hifz etsin, rifah və tərəqqimizə rəvac versin! Allah oruc və namazlarımızı qəbul etsin, bizləri məğfirət və mərhəmətinə nail olan bəndələrindən qərar versin. Amin!”

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26