Interposta.Info

Zabit olmaq istəyənlərin nəzərinə

Müxtəlif
 5-01-2022, 18:30     366


Müdafiə Nazirliyində "ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır.

Bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyinin hərbi hissələrinə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 28 yaşınadək olan vətəndaşlar yanvarın 5-dən 25-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

"Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul edilir.

"Ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuran kursantlara "leytenant" hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.

Kursa qəbul olunmaq istəyən namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

- kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

- şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;

- xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

- ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd;

- xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surətilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;

- doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti - 1 ədəd;

- nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) - 1 ədəd;

- uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda) - 1 ədəd;

- evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış - 1 ədəd;

- 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3x4 sm və 2 ədəd 4,5x6 sm ölçüdə);

- psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;

- qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;

- qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış;

- hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) - 1 ədəd.

Qeyd: Məhkumluğu olan hərbi vəzifəlilərin "Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, "Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi)

Telefon: (012) 538-85-62

Müraciət etmə vaxtı: 2022-ci il yanvarın 5-dən 25-dək hər gün (bazar günü istisna olmaqla) saat 09:00-dan 17:00-dək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26