Interposta.Info

Şəhid Daşqının qardaşından etiraz: “Nigar Qədəşova özünü reklam edir” (FOTO)

Müxtəlif
 1-12-2021, 15:07     318

İki gün əvvəl İTV efirində Azərbaycanın Vətən müharibəsindəki şanlı Zəfərinə həsr olunan “BİZ” tarixi-sənədli filmi təqdim edilib. Filmdə Vətən müharibəsi dövründə 44 gün ərzində Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəmancasına ön cəbhədə döyüşən Azərbaycan əsgəri ilə yanaşı, arxa cəbhədə onu dəstəkləyən vətənpərvər sadə vətəndaşların da ümumi Qələbədə oynadığı rol göstərilir.

“Biz” filmində özünü şəhid Daşqın Şəfiyevin məşhur videosundakı statusun sahibi kimi təqdim edən Nigar Qədəşova ilə bağlı hissə də yer alıb.

Şəhid Daşqın Şəfiyevin qardaşı Orxan Şəfiyev Modern.az-a açıqlamasında öz etirazını bildirib:

“Mən və ailəm filmdə təqdim olunan xanıma nifrət edirik. O xanım böyük səhv edir, şəhidin adından, mənim qardaşımın adından istifadə edir. Çox təəssüf ki, xanımdır. Kişi olsaydı, onunla başqa cür danışardım”.


Orxan Şəfiyev

O. Şəfiyev deyib ki, Şəhid qardaşı Daşqının videosunda bəhs etdiyi status Nigar Qədəşovaya məxsus deyil:

“Daşqın videoda gürcü qızı Nana Davidaşiviliyə cavab verib. Fimdəki Nigar Qədəşovaya “İnstagram”da mesaj yazdım ki, elədiyi hərəkət doğru deyil və Daşqının videoda cavab verdiyi qız o deyil. Nigar Qədəşova mesajımı oxuyandan sonra məni blok etdi. O bu yolla ancaq səhifəsində izləyici sayını qaldırıb, reklam əldə edir.

Daşqın o videonu çəkəndə mən onun yanında idim və video çəkiləndə o hələ döyüşə getməmişdi. Daşqının videoda bəhs etdiyi və nəzərdə tutduğu xanım gürcüstanlı Nanadır. Daşqın şəhid olandan bu günə qədər o ailəmizin yanında oldu. Ad günündə, ildönümündə gələ bilməsə də, çiçək göndərdi. Amma filmdə təqdim olunan və özünü həmin statusun sahibi kimi qələmə verən Nigar Qədəşova isə bircə dəfə də olsun bizə başsağlığı vermədi. Əksinə Şəhid adından istifadə edib, pul qazanır, özünü reklam edir”.

O.Şəfiyev məsələ ilə bağlı hüquq mühafizə orqanlarına videomüraciət edəcəyini, onlardan yardım istəyəcəyini vurğulayıb:

“Hər gün şəhid məclislərində, ildönümlərində iştirak edirəm deyə, hələ hüquq mühafizə orqanlarına gedib, yazılı müraciət edə bilməmişəm. Əgər, qanunda belə bir qayda varsa, mən və ailəm ondan şikayət edirik. Video müraciət də edəcəm. Ümid edirəm rəsmi qurumlar videomu görüb bu barədə tədbir görəcəklər. Heç kim şəhid adından istifadə etməsin. Bu bizim xalqımıza yaraşmır. Ayıbdır və bu addan istifadə edənlərə ayıb olsun”, - deyə, o sonda qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26