Interposta.Info

Akademik Rasim Əliquliyev: “Orta məktəblərdə qızların dəqiq elmlərə marağını artırmaq vacibdir”

Müxtəlif
 9-03-2021, 14:51     99

AMEA-nın vitse-prezidenti, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev BMT-nin İnkişaf Proqramı və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin birgə başlatdığı “Qadınlar STEM-də” (Science, Technology, Engineering and Mathematics – Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat) kampaniyası çərçivəsində keçirilən vebinarda Azərbaycanda STEM sahəsində qadınların təmsil olunması ilə əlaqədar fikirlərini bölüşüb.
Qeyd edib ki, bəşəriyyətin hazırki inkişaf mərhələsində artıq informasiya-kommunikasiya texnologiyaları, biotexnologiyalar, nanotexnologiyalar, nüvə texnologiyaları və s. konvergensiya olunaraq, yəni bir-biri ilə çulğaşaraq, cəmiyyətdə tamamilə yeni reallıqlar yaradıb. Elm, texnologiya, mühəndislik və riyaziyyatın hazırda aparıcı bir mövqe qazandığını və açıq cəmiyyətin qurulmasının əsasını təşkil etdiyini deyən akademik XXI əsrin qlobal texnoloji ideologiyasının əsas təhsil çağırışlarından birinin məhz STEM-in üzərində qurulduğunu diqqətə çatdırıb.
STEM-in nüvəsində, əsasən, dəqiq elmlərin dayandığını söyləyən R.Əliquliyev müasir dövrdə tək Azərbaycanda deyil, dünyanın aparıcı ölkələrində də dəqiq elmlərə həvəsin qismən azaldığını, digər sosial elmlərə - iqtisadiyyat, bank işi, maliyyə, gömrük və digər sahələrə isə nisbətən marağın artdığını vurğulayıb.
Alim Azərbaycanda qadınların elm və texnologiya sahəsində iştirakı ilə bağlı dövlət siyasətindən söz açaraq, Respublika Prezidenti cənab İlham Əliyevin bu məsələlərə xüsusi önəm verdiyini bildirib. Onun sözlərinə görə, müxtəlif dövlət qurumlarında qadınların get-gedə əhəmiyyətli mövqeyə sahib olması, STEM sferalarında fəallıq nümayiş etdirmələri çox sevindiricidir.
R.Əliquliyev həmçinin AMEA-nın elmi-ictimai həyatında qadınların fəal rolu oynadığını, bu qurumun 10 minə yaxın əməkdaşının 59 faizinin, İnformasiya Texnologiyaları İnstitutunda çalışanların isə əksəriyyətinin xanımlardan ibarət olduğunu nəzərə çatdırıb.
AMEA-nın vitse-prezidenti Əməyin xarakterinin dəyişməsi və daha çox intellektual zəhmət tələb etməsi kontekstində xanımların elm və texnologiya sahəsində iştirakının get-gedə artığını, onların ali məktəblərə ixtisas seçimi zamanı kompüter elmlərinə xüsusi maraq göstərdiklərini deyib. STEM ideologiyasını dəstəkləyən ən mühüm qurumlardan birinin də məhz elə AMEA-nın olduğunu söyləyən alim ölkəmizdə qadınlarla bağlı tarixən formalaşan, bəzi milli mental dəyərlərdən irəli gələn məhdudiyyətlərin və problemlərin müasir dövrdə get-gedə aradan qalxdığını vurğulayıb. Eyni zamanda, orta məktəblərdə qızlarda dəqiq elmlərə marağın artırılmasının, riyazi və texnoloji təfəkkürün formalaşdırılmasının onların gələcəkdə STEM ideologiyasının daşıyıcısına çevrilmələri baxımından son dərəcə vacib olduğunu qeyd etdi.
R.Əliquliyev öz çıxışında rəşadətli Azərbaycan ordusunun zəfər çalmasında süni intellekt texnologiyaları və pilotsuz uçuş aparatlarının (dronların) xüsusi əhəmiyyətini vurğulayıb. Bu kimi qabaqcıl texnologiyaların tətbiqi istiqamətində ölkəmizdə bəzi qanun və normativ-hüquqi sənədlərin qəbul edilməsinin zəruri olduğunu diqqətə çatdırıb. Azərbaycanda süni intellekt və dron texnologiyaları sahəsində kadr hazırlığı məsələsinə toxunan alim orta məktəbdən başlayaraq uşaqlara dronların texniki xüsusiyyətlərinin mənimsənilməsi, proqramlaşdırılması və onlardan istifadə biliklərinin öyrədilməsinin vacibliyini qeyd edib. Ümumiyyətlə, gənc nəslin yetişməsi zamanı, milli-idealoji dəyərlər ilə müasir dövrün əsas texnoloji çağırışlarından biri olan STEM-in təhsil metodologiyası arasında müəyyən ziddiyətlərin mövcud olduğunu deyən akademik bildirib ki, ən başlıcası, vətənpərvər insanlar formalaşdırmaqla yanaşı, dünyada gedən global proseslərdən, texnoloji biliklərdən kənarda qalmamaq, optimal balansı və vəhdəti təmin etmək bu gün elm və təhsilin qarşısında duran əsas hədəflərdəndir.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26