Interposta.Info

LCD monitorun əsas yaradıcılarından olan Xəlil Kələntərlə görüş keçirilib

Müxtəlif
 8-10-2021, 20:43     416

Yaponiyada fəaliyyət göstərən dünya şöhrətli azərbaycanlı alim, elektronika mühəndisi, LCD monitorun əsas yaradıcılarından olan professor Xəlil Kələntər AMEA İnformasiya Texnologiyaları İnstitutunun onlayn Elmi seminarında geniş məruzə ilə çıxış edib.

İnterPosta.info
-nun məlumatına görə, öncə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev X.Kələntəri Azərbaycan elmi ictimaiyyəti adından salamlayaraq, institutun kollektivinə təqdim edib, onun elmi fəaliyyəti və nailiyyətləri haqqında məlumat verib. Akademik bildirib ki, professor Xəlil Kələntər əvvəlki və yeni nəsil monitorların yaradılmasında əvəzsiz xidmətləri olan alimdir. Bütün dünyada elektronika sahəsində tədris olunan onlarla kitabın, eləcə də,çoxsaylı elmi məqalələrin müəllifi olan Xəlil Kələntər həm də Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının üzvüdür.
R.Əliquliyev nüfuzlu alimin 40 ilə yaxındır ki, Yaponiyada yaşamasına və fəaliyyət göstərməsinə baxmayaraq, öz vətəni olan Azərbaycanla çox sıx münasibətləri olduğunu qeyd edib.
“Çoxsaylı patent və ixtiraların müəllifi olan Xəlil Kələntərin Yaponiyada yaradılmış və bütün dünyada geniş istifadə olunan texnologiyaların – fotoaparatlar, kameralar, elektron şüa qurğuları, mikrosxemlər, plazma monitorları, maye kristal monitorların hazırlanmasında böyük xidmətlərinin olması olduqca qürurverici hadisədir. Alimin elmi və praktiki nailiyyətləri beynəlxalq elm aləmində də yüksək səviyyədə qiymətləndirilir”, - deyə akademik vurğulayıb.


R.Əliquliyev institutun dəvətini qəbul edib, bu qurumun Elmi seminarında yeni nəsil dispelylər, optoelektronika, smart monitorlar və digər müasir texnologiyalara dair son nailiyyətləri bölüşməyə razılıq verdiyi üçün professora dərin minnətdarlığını ifadə edib.
Tədbirdə çıxış edən AMEA-nın akademik-katibi, AMEA Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov belə bir mühüm, böyük maraq kəsb edən elmi seminarın təşkilinə görə akademik Rasim Əliquliyev və professor Xəlil Kələntərə təşəkkürünü bildirib. O, dünya şöhrətli alimlə əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə, birgə layihələr və tədqiqatların həyata keçiriləcəyinə əminliyini ifadə edib.
Sonra professor Xəlil Kələntər çıxış edərək İnformasiya Texnologiyaları İnstitutunun Elmi seminarında çıxış etmək üçün imkan yaratdığına görə akademik Rasim Əliquliyevə və institutun kollektivinə təşəkürünü bildirib.
“Maye kristal ekran və arxa fon texnologiyaları” (Liquid Crystal Display and Backlighting Technologies) mövzusunda məruzəsini təqdim edən alim LCD (Liquid Crystal Display - maye kristal monitorlar)
smartfonlarda maye kristal displey texnologiyası, arxa fon işıqlarının iş prinsipini əyani surətdə nümayiş etdirib.
Maye kristallar və onun inkişaf perspektivlərindən söz açan Xəlil Kələntər bildirib ki, LED işıqları (maye kristal displeyin arxa fon işıqları) televizor, kompüter və mobil telefonların əsas hissələrindən biridir. Bu texnologiyadan smartfonlar, mobil telefon və kompüterlərdə, həmçinin avtomobillərdə geniş istifadə olunur.
O, eyni zamanda özünün müəllif olduğu və bütün dünya ölkələrində geniş istifadə olunan “Backlight unit” və “Backligt optics” texnologiyaları barədə məlumat verib.

Professor ənənəvi və müasir televizorların arxa fon işıqlarının strukturu, maye kristal ekranlar, 3D dispeleylər və digər ekran texnologiyaları (Mini-LED, Micro-LED, LCOS) barədə də danışıb.
Həmçinin 1995-2011-ci illərdə apardığı tədqiqatların nəticələrini, ixtira və patentlərini seminar iştirakçılarının diqqətinə çatdırıb.
Professor Xəlil Kələntərin məruzəsi seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb, qonaq institut əməkdaşlarının çoxsaylı suallarını cavablandırıb.
Sonda çıxış edən akademik Rasim Əliquliyev dünyanın müxtəlif ölkələrində yaşayıb fəaliyyət göstərən digər azərbaycanlı alimlərimizlə sıx əməkdaşlıq əlqələrinin qurulması, onların ölkəmizə dəvət edilməsi, əldə etdikləri nailiyyətlərin, apardığı tədqiqatların Azərbaycan elmi ictimiayyətinə təqdim olunmasının qarşıda duran mühüm vəzifələrdən olduğunu vurğulayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26