Interposta.Info

Vətən müharibəsi qazisi: Döyüşdə yaralandım, 4 saat neytral ərazidə qaldım...

Müxtəlif
 31-12-2020, 15:37     540

"İnterPosta" bugunkü qonağı Vətən müharibəsi qazisi, baş leytenant Əliyev Ceyhun Məşdi oğludur. O, dəfələrlə hərbi xidmətinə görə müxtəlif medallarla təltif olunub.
Hərbiyə uşaqlıqdan həvəsim vardı:

Mən Əliyev Ceyhun Məşdi oğlu 24.06.1988-ci ildə Daşkəsən rayonu Aşağı Daşkəsən qəsəbəsində anadan olmuşam. 1994-2005-ci illərdə Gündüz İsmayılov adına orta məktəbdə oxumuşam. 2005-2010-cu illərdə Gəncə Dövlət Universitetinin Dil və Ədəbiyyat fakültəsində ( qiyabi formada ) ali təhsil almışam. 2006-cı ildə isə qiyabi təhsil aldığımçün Naxçıvan Dövlət Sərhəd Xidmətində hərbi xidmətdə olmuşam. Uşaqlıq arzum olduğu üçün öz ixtisasım üzrə çalışmağı yox, hərbini seçdim.
Bir çox yerdə kəşfiyyat bölüklərində xidmət etmiş zabit dəfələrlə müxtəlif medallarla təltif olunub:
Bir çox yerdə kəşfiyyat bölüklərində xidmət etmişəm. 2016-ci ali təhsilli olduğumçün ehtiyat zabit hazırlığı kursuna getdim, 2017-ci ildən zabit kimi xidmətdəyəm, hazırda baş leytenantam. Müharibədən öncə də hər zaman cənab prezidentin diqqət mərkəzində olmuşam, qüsursuz xidmətimə görə medallarla təltif olunmuşam: "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı, "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" Azərbaycan Respublikasının yubiley medalı, "Kəlbəcərin azad olunmasına görə" medalı 10 il qüsursuz xidmətimə görə isə "Qüsursuz xidmətə görə" medalı ilə müxtəlif vaxtlarda təltif olunmuşam.
Qazi Ceyhun Əliyev torpaqlarımızın azad olunduğuna görə Ali Baş Komandanımıza öz minnətdarlığımı bildirib, bu qələbədə özünün də payının olmasına görə çox sevndiyini deyib:
Torpaqlarımızın işğaldan azad olunması uşaqlıq arzum olub. Bu bizim haqq savaşımız idi. Çox həvəslə döyüşürdük. Döyüşdə yaralandım, 4 saat neytral ərazidə qaldım. Xeyli qan itirdim. Döyüş yoldaşlarımın sayəsində oradan çıxdım. Qolumdan snayper yarası almışam, ürəyimdə güllə qalıb, bir ayağımda qəlpə qalıb, digər ayağımdan güllə yarası almışam. Mən həm də buradan həkimlərimizə xüsusi minnətdarlığımı bildirirəm. Onlar əllərindən gələni edirdilər. Bu gün ayaqdayıqsa, onların köməyinin nəticəsindədir.
Müzəffər Ordumuz öz gücünü göstərdi. Cənab prezidentimizə çox minnətdaram. Müharibədə iştirak etməkdən çox şadam, artıq harada oluruqsa, olaq başımız dikdir. Ali Baş Komandanın dediyi kimi, bir olub dəmir yumruğumuzu düşmənin başına endirdik.
Baş leytenant həm də gələcək nəsilə səsləndi:
Valideynlərə söyləmək istərdim ki, öz övladlarını vətənpərvər ruhda böyütsünlər. Uşaqlara orta məktəbdə müharibəylə bağlı dərslər keçirilməlidir. Gələcək nəsil şəhidlərimizin, qazilərimizin qanı bahasına alınan torpaqlarımızı qorumalıdır. O torpaqları biz qarış-qarış almışıq. Bu barədə uşaqlar psixoloji olaraq yetişdirilməlidirlər.

Nicat Dilqəmli
İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26