Interposta.Info

Evdə qalaq, idmandan qalmayaq…

Müxtəlif / İdman
 20-06-2020, 08:41     1 197

İdman həyatımızın bir hissəsidir. İqtisadiyyat, mədəniyyət və digər sahələr kimi idman sahəsi də COVID – 19 virusundan zərər gördü. Ölkəmizdə və dünya ölkələrində virusun qarşısının alınması məqsədi ilə sosial izolyasiya tədbirləri həyata keçirildi. Bu tədbirlərdən biri də idman tədbirlərinin, oyunlarının ləğvi oldu. 3 ay müddətində stadionlar, rinqlər, kortlar (tenis meydançası), tatamilər və digər idman meydanları yarış üzünə həsrət qaldı.

İnsanlar hər gün virusun yaxın günlərdə bitəcəyinə ümid etsələrdə, amma, sən saydığını say, gör Korona nələr sayır… Bəli, virusun pandemiya mərhələsinə keçməsi vəziyyəti daha da ağırlaşdırdı. Bəzi ölkələr bir sıra idman yarışlarını vaxtından əvvəl başa vurdu, bəziləri isə mövsümü ləğv etmək məcburiyyətində qaldılar.

İlk olaraq Belçikanın Futbol Federasiyası ölkə çempionatını vaxtından əvvəl başa vuraraq, Brüggeni qalib elan etdi. Təbii ki, pandemiya dövründə çempionatı davam etdirmək çətin idi. Belçika futbolçuların, burada çalışanların və əhalinin sağlamlığını üstün tutaraq, çempionatı davam etdirmədi. Futbol maddiyat üzərində qurulmuş oyundur. Yəni, futbolçuların, burada işləyənlərin maaşını vaxtında ödəmək lazımdır. 3 ay boyunca heç bir oyun təşkil edilmədiyi üçün demək olar ki , bütün klublar maddi çətinliklərlə üzləşdilər. Koronavirus pandemiya dövründə təkcə Almaniya klublarına 760 milyon avro ziyan vurdu. Bir çox klublar isə çıxış yolunu futbolçuların maaşını azaltmaqda gördülər. “Arsenal”, “PSJ”, “Yuventus” və “Barselona” kimi nəhəng futbol klubları futbolçuları ilə razılığa gələrək, onların maaşını müəyyən qədər azaltdılar.

Belçika Futbol Federasiyasının mövsümü vaxtından əvvəl bitirməsi barədə verdiyi qərar Ali futbol qrumu – UEFA tərəfindən bəyənilmədi və qınanıldı. UEFA digər ölkələri Belçikanın yolunu getməməyə, mövsümü davam etdirməyə səslədi. Lakin, Belçikanın ardınca Şotlandiya və Fransa da mövsümü vaxtından əvvəl bitirdi. Şotlandiyada “Seltik”, Fransada isə “PSJ” çempion elan edildi.

Təkcə futbol deyil, idmanın digər sahələrində də tərəddüdlər özünü göstərirdi. Voleybol üzrə Azərbaycan Superliqası da yarımçıq dayandırıldı və mövsüm ləğv edildi. Bir neçə gün əvvəl isə Formula 1 üzrə Azərbaycan qranprisi ləğv edildi. Koronavirus bir sıra ölkələrdə mövsümün ya ləğv edilməsinə, ya da vaxtından əvvəl başa çatmasına səbəb oldu. COVID – 19 virusunu bu baxımdan klubundan narazı qalıb, baş məşqçini istefaya göndərən klub rəhbərlərinə də bənzətmək olar… Bəzi ölkələr isə, məşhur türk ifadəsindən istifadə edərək, “Biz bitdi demədən bitməz”, – dedilər. Almaniya, Ukrayna, İspaniya və digər ölkələr virusun əhatəsində mövsümün davam etdirilməsi yolunu bağlı qapılar arxasında gördülər. Futbolçular, məşqçilər heyəti, həkimlər və digərləri testdən keçirildi. Bundan sonra onların fərdi məşqlərinə, daha sonra komanda şəklində məşqinə icazə verildi.

Qeyd olunan ölkələrdə bağlı qapılar arxasında futbol çempionatı bərpa edilib. Ölkəmizdə də yaxın günlərdə Premyerliqa bərpa olunacaq. Azərkeşsiz keçiriləcək oyunlar mövsümün sonuna qədər davam edəcək.

Koronavirus idmançılarla birlikdə bütün idman və qeyri idman aləminə mənfi təsir göstərdi. İdman vacibdir, sağlamlıq isə ondan daha vacibdir. Dünyanı bürüyən pandemiya dövründə evdə, fərdi şəkildə məşq edən idmançılar hər kəsə örnək oldular. Evdə məşq etmək, xəstəxanada süni nəfəs aparatı ilə nəfəs alıb-verməkdən yaxşıdır. Əgər biz virusa qalib gəlmək istəyiriksə, özümüzü cəmiyyətdən təcrid etməli, şəxsi gigiyena qaydalarına riayət etməli və idmanla məşğul olmalıyıq. Bir sözlə, evdə qalaq, sağlam qalaq, ancaq idmandan qalmayaq…

Fərahim Kərimov, BSU-nun jurnalistika fakultəsinin III kurs tələbəsi

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26