Interposta.Info

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad

Müxtəlif
 10-12-2017, 01:52     11 399

Azərbaycan Cümhuriyyəti ordusunun Türkiyəyə mühacirət edən zabitləri seriyasından bu dəfəki qəhrəmanımız, 1918 – 1922 – ci illərdə öncə Azərbaycanın, daha sonra isə Türkiyənin istiqlaliyyəti uğrunda savaşaraq, Türkiyənin qurtuluşunda və Türkiyə ordusunun inkişafında böyük xidmətlər göstərmiş bir insan, Türkiyə Silahlı Qüvvələrinin polkovniki Məmməd bəy Ağpoladdır.

İstiqlal savaşçısının izi ilə


1920– ci ildə Türkiyəyə mühacirət edərək orada Qurtuluş savaşına qatılan Azərbaycan Cümhuriyyəti ordusunun zabitləri haqqında araşdırma apararkən, Məmməd Ağpoladın adı bir neçə qaynaqda qarşıma çıxmışdı. Lakin onun haqqında əldə edə bildiyim yeganə bilgi “Cümhuriyyət” qəzetinin 28 mart 1951 – ci il tarixdə çıxan sayında Məmməd bəyin oğlu Orxan Ağpoladın Koreya savaşında olduğu zaman atasına yazdığı qısa məzmunlu məktubdan ibarət idi. İnternet üzərindən apardığım axtarış zamanı məlum oldu ki, “Azərbaycan Kültür Dərnəyinin” Türkiyədə çıxardığı “Azərbaycan” dərgisinin 1975 – ci ildə çıxan 213 – cü sayında “Emekli topçu albayı Mehmet Akpolatı kayb ettik” başlıqlı məqalə yazılıb. Dərginin həmin sayını tapmaq üçün tədqiqatçı - jurnalist Dilqəm Əhmədə müraciət etdim. Dilqəm bəy öz arxivindən “Azərbaycan” dərgisinin həmin sayında Məməd Ağpolad haqqında dərc olunan məqalənin surətini çıxararaq mənə göndərdi. Beləliklə Məmməd bəy haqqında geniş bilgilər ələ etmiş olduq. Qalırdı onun ailə üzvlərini tapmaq və əgər varsa onlardan arxiv məlumatlarını əldə etmək. Cümhuriyyət ordusunun zabitlərindən bir neçəsinin ailə üzvlərini tapsam da, Məmməd bəyin ailə üzvləri haqqında ciddi bir bilgi əldə edə bilməmişdim. Türkiyə silahlı Qüvvələrinin generalı Cahangir Bərkər (Novruzov) haqqında araşdırma apararkən, Cahangir bəyin nəvələri Ebru xanım və Bərkər bəydən Məmməd Ağpoladla qohum olduqlarını öyrəndim. Belə ki, Cahangir bəyin qızı Güngör xanım Məmməd bəyin oğlu Orxan bəylə ailə həyatı qurmuş və bu nikahdan Nur adlı qızları dünyaya gəlmişdir. Nur xanım Ebru xanım vasitəsi ilə Məmməd bəyin arxiv sənədlərinin onda olmadığını, Məmməd bəyin digər nəvəsi Murad İmredə ola biləcəyini söylədi. Murad bəyi tapıb onunla danışdım. Böyük bir həvəslə babası haqqında bütün sənədləri və ona aid bütün foto - şəkilləri toplayıb Cümhuriyyət mühacirlərindən İsmayıl Saryalın nəvəsi, prof. dr. Nuri Saryalın qızı Nilgün Saryal vasitəsi ilə mənə çatdırdı. Murad bəyin göndərdiyi çox dəyərli materialların arasında Məmməd bəyin öz əli ilə yazdığı tərcümeyi – halı, vəsiyyətnaməsi, kürəkəni Rıfat İmrənin məktubları, xeyli sayda şəkilləri və başqa müxtəlif sənədlər vardır. Bu şəkillərin arasında Cümhuriyyət ordusunun digər zabitlərindən olan general Səməd Sayqının (Rəfibəyli) , general Cahangir Bərkərin (Novruzov), polkovnik Baba Behbudun, polkovnik Aslan Berkanın, polkovnik Saleh Aksoyun, polkovnik Osman Kazakın və Cümhuriyyət dönəmində Şəki Qəzasının polis rəisi olmuş Əyyub Sayqının (Rəfibəyli) fotoşəkilləri də vardır.

Kimdir Məmməd Ağpolad?!


Qurtuluş savaşı iştirakçısı, Türkiyə Silahlı Qüvvələrinin polkovniki Məmməd Ağpolad, Azərbaycan Cümhuriyyəti ordusunun 1 – ci Topçu briqadasının, 1 – ci divizyonunda batareya komandiri leytenant Məmməd Rza oğlu Rzayevdir. Türkiyədə soyad qanunu çıxdıqdan sonra Ağpolad soyadını götürmüşdür. Məmməd bəy 1897– ci ildə Gəncə şəhərinə İmamalı məhəlləsində anadan olmuşdur. Gəncənin sayılıb seçilən nəsillərindən Rzayevlər nəslinə mənsub olan Məmməd bəyin atası Rza bəy, anası Şəkər xanımdır. Yunis, Binnət, Nemət adında qardaşları, Gövhər adında isə bacısı olmuşdur.

Məmməd Ağpolad öz tərcümeyi halında yazır: “1914 – cü ildə Gəncə şəhər məktəbini bitirdikdən sonra Tiflis şəhərində Mühəndislik məktəbinə daxil oldum. 1917 – ci ildə son sinifdə oxuyarkən oktyabr inqilabı zamanı çıxan qarışıqlıqlar zamanı, digər vətənsevər gənclərlə birgə könüllü olaraq hərbi xidmətə getdik. 8 ay əsgərlik etdikdən sonra 1918 – ci ilin may ayında Gəncədə açılan hərbi məktəbə daxil oldum. 1918 – ci ilin noyabr ayında zabit namizədi olaraq Gəncə şəhərində yerləşən 1 – ci Topçu Tuqayın, 1 – ci divizyonunun, 1 – ci batareyasına təyin edildim.”

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad




Qarabağ və Zəngəzur uğrunda döyüşlər


Məmməd bəy zabit namizədi olaraq hərbi xidmətə başladıqdan sonra Qarabağa göndərilir. Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni daşnak qüvvələrinə qarşı Abdallar (Laçın) və Xanlıq kəndi istiqamətində gedən döyüşlərdə iştirak edir. Döyüşlərdə göstərdiyi şücaətə görə, 1919– cu ilin mart ayının 22– də kiçik leytenant rütbəsi ilə təltif edilərək tağım komandiri vəzifəsinə təyin olunur. Həmin vaxtlar Cümhuriyyət ordusu yeni qurulmuşdu. Orduda ciddi zabit çatışmazlığı olduğu üçün xidmətdə fərqlənənlərin rütbəsi vaxtından əvvəl yüksəldilirdi. Bununla əlaqədar olaraq Avqust ayında Məmməd bəy Rzayev də, vaxtından əvvəl leytenant rütbəsinə yüksəldilərək batareya komandiri təyin olunur.

1920-ci ilin martın 21-də Novruz bayramı gecəsində erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfləti hücum edib Əsgəran keçidini ələ keçirərək üsyan başladırlar. 1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgəran istiqamətində general Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır. Milli ordunun gənc zabiti Məmməd Rzayev komandiri olduğu topçu batareyası ilə bu döyüşlərdə iştirak edir. Əsgəran bölgəsində başlanan şiddətli döyüşlər Azərbaycan ordusunun qələbəsiylə yekunlaşır. Əsgəran qalası ilə bərabər Qarabağın digər bölgələri də düşməndən azad edilir. Aprel ayının ortalarına qədər davam edən döyüşlərdə düşmən qüvvələri bütünlüklə məhv edilir.

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad



Azərbaycan ordusunun əsas qüvvələrinin Qarabağda erməni-daşnaklarına qarşı mübarizə aparmasını fürsət bilən, Rusiya hökuməti yüz minlik 11-ci Qızıl ordunu Azərbaycana yeridir. 28 aprel 1920-ci ildə Azərbaycan Qızıl ordu tərəfindən işğal olunandan sonra ölkədə olduqca acınacaqlı bir vəziyyət yaranır. Qızıl ordu Bakıda bolşeviklər, ermənilər və ruslar tərəfindən gül-çiçəklə qarşılandığı bir zamanda Azərbaycan xalqının milli mübarizəsinin əsas mərkəzi olan Gəncə şəhərində üsyan hazırlıqları gedirdi. May ayının 24-dən 25-nə keçən gecə adlarını tariximizə qızıl hərflərlə yazan Cavad bəy Şıxlınskinin, Məhəmməd Mirzə Qacarın, Cahangir bəy Kazımbəylinin və Teymur bəy Novruzovun başçılığı ilə Gəncə üsyanı başlayır.

Məmməd bəy Rzayev əvvəlcə Gəncə üsyanında, daha sonra isə 5 iyun 1921-ci ildə Nuru Paşanın komandanlığıyla başlayan Qarabağ üsyanında iştirak edir. Hər iki üsyan böyük amansızlıqla yatırılır. Məmməd bəy komandiri olduğu topçu batareyasıyla birgə Cümhuriyyət ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər savaşa – savaşa Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilərək Araz çayından keçib İrana daxil olurlar.

Məmməd bəy başına gələn hadisələri öz tərcümeyi – halında bu cür nəql edir: “İşğalçı bolşevik ordusu ilə aparılan savaşlardan sonra Azərbaycan birliyinin bir qismi ilə bərabər Xudafərin körpüsündən 4 səhra toplu batareyamızla İrana keçdik. Uzun bir dolaşmadan və macəradan sonra Araz çayını təkrar keçərək Naxçıvanın Ordubad qəzasına gəldik. Yol olmadığı üçün 4 səhra topunu İranda tərk etmək məcburiyyətində qaldıq. Lakin topların durbinlərini, nişangahlarını, çaxmaqlarını və bir qisim qoşqu ləvazimatlarını özümüzlə birgə gətirdik. Naxçıvanda bir depoda durbinsiz, nişangahsız, çaxmaqsız iki ədəd top tapdıq. Onları işlək hala gətirərək 11 tümənin Naxçıvanda yerləşən Veysəl bəyin komandanlığında ki, taboru ilə birgə Dəvəli və Şahtaxtıda erməni ordusu ilə savaşdıq”

Şahtaxtıda 11 tümənin 1 taborunun iki bölüyü və Məmməd bəyin komandiri olduğu topçu batareyası 2000 nəfərlik erməni silahlı qüvvələrinin şiddətli hücumuna məruz qalırlar. Qeyri bərabər keçən döyüşlərdə Türk birlikləri savaşa– savaşa geri çəkilərək Araz çayı üzərindən İrana keçmək məcburiyyətində qalırlar. Məmməd bəy öz batareyası ilə Maku üzərindən Türkiyəyə keçərək 12 iyulda Bəyazidə çatır. Özləri ilə gətirdikləri 2 səhra topunu Bəyaziddə 11 topçu alaya təhvil verərək 23 nəfər silahdaşı ilə birgə Ərzuruma doğru hərəkət edirlər. Bir həftə sonra Ərzuruma daxil olub, özləri ilə gətirikləri 18 ingilis ayğırı ilə Soyuq Cermik bölgəsində yerləşən Azərbaycan hərbi birliyinə qatılırlar. Məmməd bəylə birgə Türkiyəyə gedən 23 nəfərdən, bizə yalnız Mir Davud Seyidzadənin adı məlumdur.


Qurtuluş savaşında və Türk ordusunda xidməti


Bir müddət Ərzurumda qaldıqdan sonra Türkiyə Böyük Millət Məclisinin qərarı ilə bir süvari, bir piyada alayı və topçu batareyasından ibarət 1200 nəfərlik Azərbaycan birliyi Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (15-ci kolordu) sıralarına qəbul olunur.
Məmməd bəy Qurtuluş savaşına Cahangir bəy Bərkərin batareyasının tərkibində tağım komandiri olaraq qatılmışdı. 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən qurtarılması ilə sona çatan Doğu Hərəkatında igidliklə vuruşur. Sarıqamışın, Qarsın, Gümrünün geri alınması əməliyyatlarında iştirak edərək, Qurtuluş savaşının ilk zəfərlərinin qazanılmasında böyük xidmətlər göstərmişdir. Qarsın Bənli Əhməd kəndi yaxınlığında Berna meydan müharibəsində toplarının dəqiq atəşi ilə düşmən təyyarələrini müharibə meydanından qovanlardan biri olduğu üçün komandirlərinin rəğbətini qazanmış, savaş bitikdən sonra göstərdiyi igidliklərə görə Mustafa Kamal Atatürkün imzası olan təqdirnamə ilə təltif olunmuşdu. Savaşdan sonra 1925-ci ildə “Şeyx Səid” üsyanının, 1926-cı ildə kürd aşirətlərinin başlatdığı 1-ci Ağrı, 1927-ci ildə 2-ci Ağrı üsyanının qarşısının alınmasında iştirak etmişdir.

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad



1928-ci ilin avqust ayında baş leytenant (üsteğmen) rütbəsi ilə təltif olunur. Təhsilini artırmaq üçün İstanbulda Hərbi məktəbə daxil olur. 1929-cu ildə topçu məktəbindən məzun olduqdan sonra İzmirdə olan Foça Artilleriya qrupunda batareya komandiri vəzifəsinə təyin olunur. 1930 – cu ildə kapitan (yüzbaşı) rütbəsinə yüksəldilir. 1939 – cu ildə Muğlada yerləşən Topçu alayında 6 – cı batareyanın komandiri vəzifəsinə təyin edilir. 1940 – cı ildə mayor (minbaşı) rütbəsi ilə təltif olunduqan sonra Çatalcada 64– cü tümənin topçu alayının II taborunun, 1943– cü ildə 40– cı tümənin topçu alayının, 1945– ci ilin dekabr ayında Qarsda 49 – cu Topçu alayın II taborunun komandiri vəzifələrində çalışır. 1946– cı ilin avqustunda polkovnik – leytenant rütbəsinə (yarbay) yüksəldilərək Əzururmda III ordunun silah anbarının, 1948 – ci ilin iyul ayında Diyarbəkirdə 7– ci Kolordunun motorlu topçu alayının komandir müavini vəzifəsinə təyin olunur. 1949– cu ildə polkovnik (albay) rütbəsinə yüksəldilərək Diyabəkirdə Təftiş Komissiyasının başqanı təyin olunur. 1950 – ci ilin may ayında vəzifə başında olarkən infarkt keçirir. Bir müddət müalicə alıqdan sonra yenidən xidmətə qayıdır. 1950 – ci ildə Əskişəhərdə Təftiş Komissiyasının başqanı vəzifəsinə təyin edilir. Lakin səhhəti imkan vermədiyi üçün 1951 – ci ilin iyul ayında təqaüdə çıxır.


Ağpolad ailəsi


Məmməd bəy Qarsda hərbi xidmətdə olarkən Leyla xanımla tanış olur və onunla ailə həyatı qurur. Bu nikahdan onların Cəmilə və Orxan adlı övladları olur. Orxan da atası kimi hərbçi olur. 1951– ci ildə Koreya müharibəsində məşhur Kunuri döyüşündə qəhrəmanlıq göstərərən Türk tuqayının zabitlərindən biri idi. Koreya müharibəsində yaralanaraq ölkəsinə qazi kimi qayıtmış, sağaldıqdan sonra orduda xidmətini davam etirərək polkovnik rütbəsinə qədər yüksəlmişdir. Orxan bəyin qızı Nur Akpolat əczacı həkimdir, hazırda Ankarada yaşayır. Nur xanımın qızı Duyqu Körpəoğlu Amerikada yaşayır. Məmməd bəyin qızı Cəmilə xanım Rıfat İmrə adlı bir zabitlə ailə həyatı qurmuşdur. Övladları Murad və Münəvvər hazırda Ankara şəhərində yaşayırlar.

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad


Məmməd bəyin oğlu Orxan bəy, qızı Cəmilə xanəm, kürəkəni Rıfat İmrə, həyat yoldaşı Leyla xanım, Məmməd bəy, qudası Pakizə xanım.

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad


Məmməd Ağpoladın oğlu Orxan Ağpolad, həyat yoldaşı Güngör xanım ( Cahangir Bərkərin qızı) və qızı Nur xanımla.

49 illik ayrılıqdan sonra qardaşla bacının qovuşması

Məmməd Ağpolad Təqaüddə olduğu müddətdə Azərbaycan mühacirləri ilə sıx əlaqədə olmuş, Azərbaycan Kültür Dərnəyinin fəaliyyətində də yaxından iştirak etmişdir. Dərnəyin 1958– ci ildə silahdaşı polkovnik Yunis Xəzərlinin başqanlığında keçirilən konfransında digər bir silahdaşı, ehtiyatda olan polkovnik Baba Behbudla birgə nizam– intizam komissiyasının üzvü seçilir. Məmməd bəyin nəvəsi Murad bəy babası ilə bağlı xatirələrini danışarkən, babasının həmyerliləri ilə tez– tez görüşdüyünü, Baba Behbudun, Aslan Berkanın və digər Azərbaycanlı mühacirlərin tez-tez babası gilə qonaq gəldiyini bildirdi. Məmməd bəy belə görüşlərin birində Gəncədən olan mühacirlərdən birinin qohumunun Türkiyəyə qonaq gəldiyini, adının da Gövhər olduğunu öyrənir. Gəncədə olan qohumlarından bir xəbər almaq ümidi ilə onun görüşünə gedir. Görüş zamanı məlum olur ki, Gövhər xanım Məmməd bəyin Gəncədə olan bacısı Gövhər xanımla qonşudurlar. Məmməd bəy qardaşları Yunisin, Nemətin və Binnətin 1937 – ci il repressiyası zamanı öldürülüyü xəbərini alır. Bu xəbərə çox üzülsə də, bacısı Gövhərin sağ– salamat olmasına bir o qədər sevinir. Bacısına məktub yazıb Azərbaycana göndərir. Gövhər xanım üç qardaşını itirmişdi, Məmməd bəyin isə nə ölüsündən xəbər vardı, nə dirisindən. Həmin vaxta qədər Məmməd adlı qadaşının olduğunu gizli saxlamışdı. İllər sonra qardaşından gələn bu məktub Gövhər xanım üçün gözlənilməz olmuşdu. Bir– birini tapmağın sevinci ilə bacı və qardaş uzun illərin həsrətini sevgi sözcükləri ilə vərəqə köçürür, uzaq– uzaq diyarlarda olan doğmalardan xəbər alır, bir– birinə tez – tez məktublar yazırlar. Bir müddət sonra Məmməd bəy bacısının Türkiyəyə gəlməsi üçün Azərbaycana çağırış göndərir.

Məmməd bəyin nəvəsi Murad bəyin bizə vermiş oluğu sənədlərin arasında Gövhər xanımın qardaşına yazdığı məktublar da vardır. Həmin məktubların üzərinə yazılan ünvandan Gövhər xanımın oğlanları Arif və Akifin hazırda Gəncədə yaşayan övladlarını və nəvələrini tapa bildik.

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad


Həmin məktublardan birinə Məmməd bəy Gövhər xanıma yazır:


“Çox sevgili bacım Gövhər və qiymətli yegənim Arif!


12.04.69 və 22.04.69 tarixli məktublarınızı dünən aldım. Bu dəfə məktublar tez gəldi. Alınca çox sevindim, xoşbəxt oldum. Allah sizləri də xoşbəxt etsin. Bura gəlməyin üçün bura aid bütün işlər tamamlandı. Inşallah çox yaxın zamanda görüşəcəyik. Akifin yazısını mən çox yaxşı oxuyuram. Sizdən teleqram gələr – gəlməz mən dərhal qarsa gedib səni sərhəddə qarşılayacam. Ümid edirəm ki, bir – iki ay içində gələ biləcəksən. Qarsdakı qohumlar da sənin yolunu gözləyirlər.

Sevgili Akif oğlum, anan bizə heç bir şey gətirməsin, hələ qramafon valı heç gətirməsin. Gömrükdə rahatsız etməsinlər. Mən ananı sərhəddə qarşılayar, dərhal sənə teleqram göndərərəm.

Ankarada Cəmiləylə çəkdiriyim şəkili göndərirəm. Orxanın şəkilini də, sonra göndərəcəm. Sevgili bacım, sən gələnə qədər biz bu yay heç hara getməyəcəyik. Sənin teleqramını gözləyəcəyik. İnşallah çox yaxın zamanda gələrsən. Bizdən çox – çox salam hamıya, qohum və qonşulara. Gözlərindən öpürəm. Hamınız Allaha əmanət olun."

Uzun müddətlik çək – çevirdən, yoxlamalardan sonra kommunist rejimi axır ki, Gövhər xanıma Türkiyəyə getməsi üçün icazə verir. Bacı və qardaş, nəhayət ki, 49 illik ayrılıqdan sonra 1969– cu ilin oktyabrında, bir payız günü Qars şəhərində, Türkiyə Sovet sərhəddində qovuşa bilirlər. Gövhər xanım Türkiyədə üç ay qalır. Türkiyədən qayıtdıqdan sonra da uzun müddət məktublaşır, bir – birindən hal - əhval tuturlar.

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad


Məmməd bəy və Gövhər xanım Qarsdan İstanbula yola düşərkən, 1969 - cu il.

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad


Məmməd bəy Gövhər xanım digər azərbaycanlı mühacirlərlə



Məmməd bəyin vəfatından sonra Gövhər xanım uzun müddət Məmməd bəyin qızı Cəmilə xanımla məktublaşır. Məktublardan məlum olur ki, Məmməd bəyin ölümünü ondan gizlədirlər. Nəhayət ki, Cəmilə xanım atasının ölümündən 8 il sonra Gövhər xanımı qardaşının ölümündən xəbərdar edir.

Məmməd Ağpolad 7 yanvar 1975– ci ilə vəfat edir. “Bu dünyada kimsə əbədi deyildir. İnsan dünyaya gəlir, bir müdət yaşayır, nəhayət bu dünyadan köç edir. Köç edərkən bəlkə vəsiyyət etməyə zaman qalmaz düşüncəsiylə, bəzi istəklərimi öncədən yazmağa qərar verdim” deyərək vəsiyyətnaməsində belə yazır:

“Məmləkətin hər hansı bir yerində bir səyahət sırasında ölürsəm İstanbula gətirməyə lüzum və səbəb yoxdur, zira məmləkət torpağının hər tərəfi bizimdir. Əcnəbi bir məmləkətdə ölsəm də oradakı İslam məzarlıqlarından birinə dəfn edilməyə razıyam. Çoxlu şatafat istəməm, israfa gərək yoxdur. Dinin və şəriətin əmr etdiyi şəkildə olsun kafidir.”

Doğulub boya– başa çatdığı, ata– baba yurdu olan doğma Gəncəsində dəfn olunmadıqdan sonra, dünyanın harasında olursa olsun dəfn edilməyə razı olan bu cəfakeş insan, 8 yanvar 1975– ci ildə Maltəpə camisində cənazə namazı qılındıqdan sonra, əsgəri mərasimlə böyük hörmət və ehtiramla Ankara şəhərində Cebeci Şəhidlər Xiyabanına dəfn edilmişdir.

Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad
Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad
Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad
Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad
Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad
Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad
Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad




Müəllifdən


Azərbaycanın və qardaş Türkiyənin istiqlaliyyəti, Türkün özgürlüyü üçün savaşmış bu fədakar insanı Cümhuriyyətimizin 100 illiyi ərəfəsində, minnət və sayqıyla anır, bu yazını onun əziz ruhuna ithaf edirəm.

Unutmayaq, unutdurmayaq!


Gəncədə başlayıb Ankarada bitən bir ömrün hekayəsi – polkovnik Məmməd Ağpolad


Orxan Cəbrayıl

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26