Interposta.Info

İstiqlal savaşçısının Tərtərdən İzmirə uzanan ömür yolu - Polkovnik Aslan Berkanın izi ilə

Ölkə
 8-02-2018, 15:58     10 597

Rusiyada 1917-ci ilin fevral inqilabı baş verdikdən sonra Azərbaycan ərazisində olduqca acınacaqlı vəziyyət yaranmışdı. Hakimiyyətsizlikdən istifadə edən denikinçilər, bolşeviklər və erməni-daşnak qüvvələri silahlanaraq Azərbaycan xalqına qarşı total təcavüzkarlığa başlamışdılar. Xalqı bu fəlakətlərdən qorumaq üçün milli mücadilə liderləri ölkənin müxtəlif bölgələrində könüllülərdən ibarət hərbi dəstələr təşkil etməyə başlayırlar. Vətənpərvər gənclər könüllü olaraq bu hərbi dəstələrə qoşularaq rus ordusundan istefa vermiş azərbaycanlı zabitlər tərəfindən gələcək döyüşlərə hazırlanırdılar. 1917 – ci ilin iyul ayında rus ordusundan istefa vermiş polkovnik Süleyman bəy Əfəndiyevin Gəncədə yaratdığı könüllü dəstəyə qoşulanlar arasında Qarabağın dilbər guşələrindən biri olan Tərtərdən vətənpərvər bir gənc də vardı.

Bu gənc 1917 – 1920 – ci illərdə Azərbaycanın, 1920 – ci ildən sonra isə Türkiyənin istiqlaliyyəti uğrunda savaşacaq, Türkiyənin qurtuluşunda və Türkiyə ordusunun inkişafında böyük xidmətlər göstərəcək, Türkiyə Silahlı Qüvvələrində xidməti dövründə polkovnik rütbəsinə qədər yüksələcək olan Aslan Hacızadə (Berkan) idi.

İstiqlal savaşçısının izi ilə

1920 – ci ildə Türkiyəyə mühacirət edərək orada qurtuluş savaşına qatılan Azərbaycan Cümhuriyyəti ordusunun zabitləri haqqında araşdırma apararkən, Aslan Berkanın adı bir çox qaynaqda qarşıma çıxsa da, onun haqqında ətraflı bilgi əldə edə bilməmişdim. İnternet üzərindən apardığım axtarış zamanı məlum oldu ki, Cümhuriyyət ordusunun zabitlərindən polkovnik Baba Behbudun imzası ilə “Azərbaycan Kültür Dərnəyinin” Türkiyədə çıxardığı “Azərbaycan” dərgisinin 1957 – ci ildə çıxan 63 – cü sayında “Emekli topçu albayı Aslan Berkanı kayb ettik” başlıqlı məqalə yazılıb. Tədqiqatçı dostumuz Ceyhun Nəbinin köməkliyi ilə dərginin həmin sayını tapıb Aslan bəy haqqında geniş məlumatlar əldə etmiş olduq. Aslan bəy haqqında əldə edə bildiyim digər bir bilgi isə “Cümhuriyyət” qəzetinin 17 may 1957 – ci il tarixdə çıxan sayında ailə üzvlərinin Aslan bəyin vəfatına görə başsağlığı verənlərə təşəkkür elanı idi. Elanda Aslan bəyin həyat yoldaşının, qızının və kürəkəninin adlarının yazılması ilə bərabər, İzmirdə Qarşıyaxada yaşamaları haqqında da məlumat verilmişdir. Bütün axtarışlarıma rəğmən onun qızını və nəvələrini tapa bilməsəm də, Cümhuriyyət ordusu zabitlərindən polkovnik Məmməd Ağpoladın nəvəsi Murad bəyin bizə göndərdiyi sənədlərin və fotoşəkillərin arasından Aslan bəyin həyat yoladşı ilə birgə çəkdirdiyi bir fotosunu əldə edə bildim. Bununla bərabər internet üzərindən İzmir Məzarlıq Bilgi Sistemindən Aslan bəyin məzar yerini təsbit edə bildim.

Kimdir Aslan Berkan?!

Qurtuluş savaşı iştirakçısı, Türkiyə Silahlı Qüvvələrinin polkovniki Aslan Berkan, Azərbaycan Cümhuriyyəti ordusunun Topçu briqadasının zabiti Aslan Nüsrət oğlu Hacızadədir. Türkiyəyə mühacirət etdikdən sonra bir müddət Aslan Qarabağlı olaraq tanınsa da, Türkiyədə soyad qanununun çıxmasından sonra Berkan soyadını götürmüşdür. 1897 – ci ildə Qarabağ əyalətinin Cavanşir qəzasının mərkəzi olan Tərtər şəhərində anadan olmuşdur. Atası tacir Hacızadə Nəsib bəydir. 1917 – ci ildə orta təhsilini bitirikdən sonra, könüllü olaraq hərbi xidmətə yollanmış, Gəncədə yerləşən 5 – ci Yelizavetpol nişançı alayında hərbi ximətə başlamışdır. Aslan bəyin silahdaşı Baba Behbudun “Azərbaycan Dərgisində” qələmə aldığı nekroloqda Aslan bəyin atasının adının Nəsib bəy olduğu yazılmışdır. Lakin İzmir Məzarlıq Bilgi Sistemindən əldə etdiyim bilgi də atasının adının Nüsrət olduğu qeyd edilmişdir.

İlk döyüş, ilk zəfər

İnqilabdan sonra Zaqafqaziya Komissarlığının tələbi əsasında Cənubi Qafqazı tərk edən rus hərbi hissələri silahlarını təhvil verməli, həmin silahlar yeni yaradılmış milli hissələrin təhcizinə yönəldilməli idi. Lakin bir çox hallarda Rus qoşun hissələri silahları təhvil vermək istəmir, Gürcüstandan Azərbaycana keçib, Şimala doğru hərəkət edərkən bolşeviklərin və rus qoşunlarında xidmət edən erməni hərbiçilərin təhriki ilə silahlarını Bakıda Stepan Şaumyanın başçılıq etdiyi bolşevik – daşnak qüvvələrinə təhvil verirdilər. 1918 – ci ilin yanvar ayının 9 – da Gürcüstandan Azərbaycana keçən Rus ordusuna aid hərbi eşelonların silahları təhvil verməməsi Şəmkir dəmiryol stansiyasında minlrələ insanın həlak olması ilə nəticələnən silahlı münaqişəyə səbəb olur. Bu döyüşlərdə konüllü dəstələrlə birgə 5 – ci Yelizavetpol nişançı alayı da iştirak edirdi.

Rus orusunun tərk – silah edilərək 20 ədəd topun, 70 ədəd pulemyotun, 15000 ədəd tüfəngin ələ keçirilməsi ilə nəticələnən döyüşlərdə gənc əsgər Aslan bəy də igidliklə vuruşmuşdur. Çox sonralar, “Azərbaycan dərgisinin” 1957 – ci ilin oktyabr ayında çıxan 67 – ci sayında, Aslan bəyin silahdaşı polkovnik Baba Behbud “Emekli albay Aslan Berkanı kaybettik” başlıqlı məqaləsində onun Şəmkir döyüşləri zamanı göstərdiyi qəhrəmanlıqlardan bəhs edərək yazırdı:
“Aslan Berkan 1917 – ci ildə Rusiyada başlayan böyük inqilabdan sonra Azərbaycanda qurulan könüllü orduya qatılmış, Qafqaz cəbhəsindən çəkilərkən Türk ellərini atəşə verərək yağma edən rus ordusunu tərk – silah edilməsində mühüm rol oynayan vətənpərvərlərdəndir. Xüsusən də Şamxor dəmiryol stansiyasınakı döyüşlərdə göstərmiş olduğu üstün xidmətləri ilə komandirlərinin və silahdaşlarının təqdirini qazanmışdır.”

Aslan Hacızadə 1918 – ci ildə Gəncə şəhərində açılan hərbi məktəbə daxil olmuşdur. Təhsilini topçuluq üzrə tamamladıqdan sonra zabit namizədi olaraq Azərbaycan Cümhuriyəti Ordusunda xidmətini davam etdirmişdir.

Qarabağ savaşında

Qafqaz İslam Ordusunun Bakı şəhərini işğaldan azad etməsindən sonra, 23 sentyabr 1918-ci il tarixdən etibarən Qarabağı erməni zülmündən xilas etmək üçün Qarabağ hərəkatı başlamışdır. Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı qüvvələrinə Cəmil Cahid bəy komandanlıq edirdi. Qarabağ hərəkatına qatılan qüvvələrə 9-cu və 106-cı türk alayları, milli könüllü birliklər və 1 – ci Azərbaycan diviziyası daxil idi. Aslan bəy bu döyüşlərə baş-leytenant Cahangir bəy Novruzovun komandiri olduğu topçu batareyasının tərkibində qatılmşıdır. Türk Qafqaz İslam Ordusu oktyabr ayının 4 – də Ağdamdan başlayaraq Şuşa istiqamətində hücuma keçmiş, Əsgəran ətrafında güclü döyüşlərdən sonra oktyabrın 6-da Əsgəranla Şuşa arasında olan Əyri kənd ətrafında şiddətli döyüşlər baş vermişdir. Aslan bəyin də sıralarında olduğu topçu batareyasının sürəkli atəşindən sonra Əyri kəndi ətrafında olan düşmən qüvvələri qaçıb dağılırlar. Bununla da ordunun Şuşa istiqamətində hərəkəti asanlaşır və iki gün sonra, 8 oktyabr 1918 – ci ildə Qafqaz İslam Ordusu Şuşa şəhərinə daxil olur.

1918-ci ilin oktyabr ayından etibarən Aslan bəy Qarabağda və Zəngəzurda dinc əhaliyə qarşı qırğınlar törədən erməni separatçılarına qarşı döyüşlərdə qəhrəmanlıqla iştirak edərək bölgədə asayişin bərqərar olunmasında böyük xidmətlər göstərir.

1920-ci ilin martın 21-də, Novruz bayramı gecəsində Ermənistan hökumətinin dəstəyi ilə silahlanmış erməni-daşnak qüvvələri Əsgəranda yerləşən Cavanşir piyada alayının mövqelərinə qəfləti hücum edib postlarda keşik çəkən əsgərləri qətlə yetirərək Əsgəran keçidini ələ keçirirlər. Bununla da Xankəndi və Şuşada yerləşən hərbi qarnizonlar çətin vəziyyətə düşür. 1920-ci il martın 26-da Azərbaycan ordusu Əsgəran istiqamətində general Dronun qoşunlarına qarşı genişmiqyaslı hücuma başlayır. Milli ordunun gənc zabiti Aslan Hacızadə də bu döyüşlərdə iştirak edərək böyük şücaətlər göstərir.

Əsgəran bölgəsində başlanan şiddətli döyüşlər aprel ayının ortalarında Azərbaycan ordusunun zəfəri ilə yekunlaşır. Əsgəran qalası ilə bərabər Qarabağın digər bölgələri də azad edilir.

Gəncə və Qarabağ üsyanında

Azərbaycan ordusunun əsas qüvvələrinin Qarabağda erməni-daşnaklarına qarşı mübarizə aparmasını fürsət bilən, Rusiya hökuməti yüz minlik 11 – ci Qızıl ordunu Azərbaycana yeridir. 28 aprel 1920 – ci ildə Azərbaycan Qızıl ordu tərəfindən işğal olunandan sonra ölkədə olduqca acınacaqlı bir vəziyyət yaranır. Qızıl ordu Bakıda bolşeviklər, ermənilər və ruslar tərəfindən gül-çiçəklə qarşılandığı bir zamanda Azərbaycan xalqının milli mübarizəsinin əsas mərkəzi olan Gəncə şəhərində üsyan hazırlıqları gedirdi. May ayının 24 – dən 25 – nə keçən gecə Gəncə üsyanı başlayır.

Aslan bəy Hacızadə əvvəlcə Gəncə üsyanında, daha sonra isə 5 iyun 1921-ci ildə Nuru Paşanın komandanlığıyla başlayan Qarabağ üsyanında iştirak edir. Hər iki üsyan böyük amansızlıqla yatırılır. Aslan bəy komandiri olduğu topçu batareyasıyla birgə Cümhuriyyət ordusunun süvari və piyada alaylarının sağ qalan əsgərləri ilə bərabər savaşa – savaşa Qaryagin və Cəbrayıl istiqamətində geri çəkilərək Araz çayından keçib İrana daxil olurlar.

Silahdaşı polkovnik Baba bəy Behbud yazdığı nekroloqda Aslan bəyin qəhrəmanlığından bəhs edərək yazır: “ Aslan Berkan 27 aprel 1918 – ci ilə qədər, yəni Azərbaycanın mənfur rus – bolşevik orduları tərəfindən işğalına qədər Milli Ordu saflarında müxtəlif cəbhələrdə bacarıqlı xidmətlər göstərmiş, son günlərdə Qarabağa hücum edən kommunist ordusunun zirehli texnikalarını səhra toplarının dəqiq atəşi ilə məhv edərək durdurmuş, öz qüvvələrinin itki vermədən geri çəkilməsinə müvəffəq olmuşdur. Bundan sonra tabeliyində olan topları ilə Ağdamda toplanan süvari alayına qoşularaq, bu alayla İrana keçmiş və ”Yaşıl Ordu” namı ilə bütün İranı qət edərək bizimlə birgə Doğu Bəyaziddə Kazım Qarabəkir Paşanın ordusuna qoşulmuşdur.

İstiqlal savaşında

Uzun və məşəqqətli yolları qət etikdən sonra Türkiyəyə gəlib çatan Azərbaycaan birlikləri Türkiyə Böyük Millət Məclisinin qərarıyla Kazım Qarabəkir paşanın komandanlıq etdiyi Şərq ordusunun (15-ci kolordu) sıralarına qəbul olunmuşdur.

Azərbaycan hərbi birliyinin Türkiyə ordusuna qoşulacağı ilə bağlı xəbəri 8 iyul 1920-ci il tarixdə TBMM-də ümumi hərbi vəziyyətlə bağlı çıxış edən İsmət İnönü verir. Aslan bəy 1920-ci ilin payızından başlayaraq, 1921-ci ilin əvvəllərinə qədər Şərqi Anadolunun ermənilərdən qurtarılması ilə sona çatan Şərq hərəkatında igidliklə vuruşur. Sarıqamışın, Qarsın, Gümrünün geri alınmasında iştirak edir. Qarsın Bənli Əhməd kəndi yaxınlığında Berna meydan müharibəsində toplarının dəqiq atəşi ilə düşmən qüvvələrini döyüş meydanından qovaraq komandirlərinin təqdirini qazanır.

1925 – 1927 – ci illər ərzində “Şeyx Səid”, 1-ci Ağrı, 2-ci Ağrı üsyanlarının qarşısının alınması əməliyyatlarında iştirak etdikdən sonra təhsilini artırmaq üçün İstanbulda hərbi məktəbə daxil olur. 1928 – ci ildə Topçu məktəbindən məzun olduqan sonra baş leytenant (üst teymən) rütəsi ilə təltif edilərək Sivas şəhərində yerləşən Topçu alayında batareya komandiri vəzifəsinə təyin olunur.

Aslan Berkan hərbi xidməti boyunca bacarıqlı və intizamlı bir zabit kimi müntəzəm olaraq təltif edilmişdir. 1933 – cü ildə kapitan, 1940 – cı ildə mayor, 1946 – cı ildə polkovnik – leytenanat rütbəsi ilə təltif olunan Aslan Berkan, 1950 – ci ildə xidmətləri nəzərə alınaraq Türkiyə Silahlı Qüvvələrinin komandanlığı tərəfindən polkovnik rütbəsinə layiq görülmüşdür. Hərbi xidmətinin son illərini Azərbaycanda hərbi xidmətə başladığı ilk günlədən yoldaşlıq etdiyi, bir çox müharibələrdə çiyin – çiyinə savaşdığı general mayor Cahangir Bərkərin komandanlığı altında İzmir şəhərində davam etdirmişdir. 1955 – ci ildə yaş səbəbi ilə təqaüdə çıxdıqdan sonra da İzmir şəhərində yaşamışdır.

Berkan ailəsi

Aslan Berkan Sivasda xidmət etdiyi zaman İstiqlal savaşı qəhrəmanlarından yüzbaşı Tofiq bəyin bacısı Hümeyra xanımla ailə həyatı qurmuşdur. Bu nikahdan Türkan adlı qızı, Mete adlı oğlu olmuşdur. Qızı Türkan xanım Şadi Sayarla ailə həyatı qurmuşdur. Oğlu Mete isə 19 yaşı olarkən özünü dənizə ataraq intihar etmişdir. Oğlunun itkisi Aslan bəyə olduqca pis təsir etmiş, bu dərddən xəstəliyə düçar olmuş, oğlunun ölümündən 1 il sonra, 7 may 1957 – ci ildə infarkt nəticəsində vəfat etmişdir. Mərhum Aslan Berkan hərbi törənlə Qarşıyaxada Soyuq quyu məzarlığında 5 – ci küçə, 6 – cı adada oğlunun yanına dəfn edilmişdir.

Müəllifdən

Azərbaycanın və qardaş Türkiyənin istiqlaliyyəti, Türkün özgürlüyü üçün savaşmış bu fədakar insanı Cümhuriyyətimizin 100 illiyi ərəfəsində, minnət və sayqıyla anır, bu yazını onun əziz ruhuna ithaf edirəm.

Unutmayaq, unutdurmayaq!

Orxan Cəbrayıl

İstifadə olunan qaynaqlar:

1. “Azərbaycan dərgisi”, s.67, Ankara 1957, s18 – 19
2. “Azəbaycan Xalq Cümhuriyyəti ensiklopediyası”, II cild, Bakı 2005, səh.365 – 366
3. Hüseyn Baykara, “Birinci dünya savaşında Osmanlı ordusunda, İstiqlal savaşında Azərbaycan əsgəri hissələri”, “Türk Kültürü” dərgisi, 1964, s 22, səh. 72 – 74
4. “Cümhuriyyət” qəzeti, Ankara 19.05.1957, səh 3
5. Mehman Süleymanov, “Nuru Paşa və silahdaşları”, Bakı 2014, səh 277 – 285
6. Mehman Süleymanov, “Həyatını Vətən yolunda qurban etmiş Cümhuriyyət generalı”, 22.05.2016, Xalq qəzeti
7. Əbdulhəmid Avşar, “Türkiyənin istiqlal müharibəsində Azərbaycan türkləri: Türkiyə arxiv sənədləri və mətbuatında (1919 – 1922), Bakı 2007
8. Azərbaycan tarixi. XIX – XXI əsrin əvvəli. Bakı,2010

interposta.info

İstiqlal savaşçısının Tərtərdən İzmirə uzanan ömür yolu - Polkovnik Aslan Berkanın izi ilə
İstiqlal savaşçısının Tərtərdən İzmirə uzanan ömür yolu - Polkovnik Aslan Berkanın izi ilə

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26