Interposta.Info

“Facebook”, “Twitter” və “Google”dan “Rusiya işi” ilə bağlı yeni faktlar

Müxtəlif
 31-10-2017, 16:54     7 641

“Facebook”, “Twitter” və “Google” bu gün Konqresdə planlaşdırılan dinləmələr öncəsində Rusiyanın ABŞ-da 2016-cı il prezident seçkilərinə müdaxiləsinə dair yeni məlumatlar açıqlayıb.

interposta.info Lent.az-a istinadən xəbər verir ki, Rusiya adıçəkilən sosial şəbəkələrdə milyonlarla səhifə yaradaraq, ABŞ-dakı daxili siyasi vəziyyətə təsir göstərməyə çalışıb.

“Facebook” vasitəsilə Rusiya müdaxiləsi

“Facebook”un apardığı araşdırmaya əsasən, Rusiyanın maraqlarını əks etdirən paylaşımları ABŞ əhalisinin 40%-ə yaxını və ya 126 milyon amerikalı görüb. Bu paylaşımlar “trol fabriki” kimi tanınan Rusiya İnternet Araşdırmaları Agentliyi tərəfindən edilib. Bu qurum “Facebook”da 120 səhifənin reklamını aparıb və 2015-ci ilin yanvarından 2017-ci ilin avqustuna qədər həmin səhifələrdə 80 minə yaxın yazı və qeyd paylaşılıb. Ümumilikdə seçkilərə bir ay qalmış – 2016-cı ilin oktyabrında sosial şəbəkə 5,8 milyon saxta səhifəni bloklayıb.

“Facebook”a məxsus “Instagram”da isə 170 səhifə silinib, həmin səhifələrdə 120 min paylaşım edilibmiş.

“Google” vasitəsilə Rusiya müdaxiləsi

Rusiya İnternet Araşdırmaları Agentliyinin fəaliyyəti barədə “Google” şirkəti tərəfindən də araşdırma aparılıb. Belə ki, şirkətə məxsus olan “YouTube” video xidmətində siyasi kontentin yayılması üçün rusiyalılar tərəfindən müvafiq kanallar açılıb. Ümumilikdə 17 belə kanal müəyyən edilib. Bu kanallarda 43 saat avam edən 1108 rolik paylaşılıb. 2015-ci ilin iyunundan 2016-cı ilin noyabrına qədər bu kanallar 309 min baxış toplayıb. Rusiyanın xəttini yeridən həmin kanallar bloklanıb.

“Biz sui-istifadə hallarına son qoymağın üsullarını axtarırıq və dezinformasiya ilə mübarizə, seçki prosesində dəqiqliyin və istifadəçilərin təhlükəsizliyinin təmin olunması üçün hökumət qurumları, hüquq-mühafizə orqanları və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edirik”, - deyə “Google”un hüquqi məsələlər üzrə vitse-prezidenti Kent Uoker söyləyib.

“Twitter” vasitəsilə Rusiya müdaxiləsi

“Twitter” şirkəti də Rusiya müdaxiləsi ilə bağlı araşdırmasının nəticələrini açıqlayıb. Şirkət Rusiya “trol fabriki” ilə əlaqəli 2752 səhifə müəyyən edib. 2016-cı il sentyabrın 1-dən noyabrın 15-nə qədər bu səhifələr vasitəsilə 1,4 milyon paylaşım edilib.

Qeyd edək ki, bu gün “Facebook”, “Twitter” və “Google” təmsilçiləri Senatın müvafiq komitəsində keçiriləcək dinləmələrdə çıxış edəcəklər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26