Interposta.Info

BNA fiaskosu:

Müxtəlif
 28-09-2017, 15:48     10 373

“Qarabağ”-“Roma” matçından sonra azarkeşlərin yaşadığı avtobus problemi futbol həyəcanını geridə qoydu. Oyundan sonra 67.800 azarkeşin yağış və çiskinli havada “Koroğlu” metrosuna qədər piyada gəlmələri sisoal şəbəkədə bir anda böyük müzakirələr yaratdı.

Axar.az xəbər verir ki, oyundan sonra azarkeşlərin yollarda qalması, BNA-nın vəd etdiyi avtobusların yoxa çıxması, yağan leysan yağışın altında küçələrdə qalması azarkeşlərin futbol sevincinin dadını qaçırdı. Oyunu izləmək üçün şəxsi avtomobili ilə gələnlər də maşınını stadiondan xeyli uzaqda saxlamalı olmuşdu. Səbəb də BNA-nın azarkeşləri əvvəldən arxayın etməsi, onlar üçün xüsusi olaraq, nə az, nə çox - düz 400 avtobusun ayrılması xəbəri idi.

Nəqliyyat tapa bilməyən azarkeşlər arasında olan tanınmış jurnalistlər, redaktorlar da kəskin etirazlarını bildirdilər. Bəxtiyar Hacıyev yazır ki, stadiona Bakı Nəqliyyat Agentliyinin ayırdığı ekspress avtobuslarla gəldik:

“Amma oyundan sonra qeybə çəkildi o avtobuslar. Külək və leysanın altında "Koroğlu"ya piyada gəldik. Əlqərəz, "Koroğlu"ya çatdıq. Metro bağlı. Selləmə də su gedir...”

Məmməd Gülməmmədov isə yazır ki, BNA üçün Yutub kanalı açmaq lazımdır ki, videobloggerlik etsinlər:

“Açıq göründü ki, Bakı nəqliyyatını daha Vüsal Kərimliyə etibar etmək olmaz. İşinin öhdəsindən gələ bilmədiyi bir tərəfə, sözcüsü 70.000 adamı yalançı çıxartmağa çalışır. Bunlara bir Yutub kanalı açmaq lazımdır, gedib videoblogerliklərini etsinlər. Zatən, bütün günü video yayıb xal yığmağa çalışırlar”.

Ələsgər Süleymanov da dünənki oyundan sonra BNA-nın “oyununa” düşənlərdən olub:

“Təşkilati məsələ tam fiasko. Təşkilatçılar hava şəraitini nəzərə almamışdılar. Polis bizi buraxmadı ki, geri qayıdın, avtobuslara minin. Qayıtdıq lüm suyun içində və avtobus da yoxdu. Mənim kimi yüzlərlə adam”.

Dünəndən kəskin tənqidlərə məruz qalan BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayevin verdiyi açıqlama isə yollarda qalan azarkeşləri bir qədər də hiddətləndirib. M.Ağayev BNA-nın ünvanına deyilənləri qəbul etməyib, ekspress avtobusların sonuna kimi fəaliyyət göstərdiyini bildirib:

“BNA verdiyi vədə əməl etmədi" başlıqlı yazı həqiqətə uyğun olmayan yanlış iddiadır. Həmin yazıda təqdim edilən videolar metronun "Koroğlu" stansiyasının ətrafında çəkilib. Metronun X1 "Qara Qarayev" və X2 "Gənclik" stansiyaları istiqamətində sərnişinlərin daşınmasını həyata keçirən avtobuslar isə Bakı Olimpiya Stadionun İctimai Nəqliyyat terminalından hərəkət edib. İictimai nəqliyyatdan istifadə edən sərnişinlərin daşınmasına nəzarətdə gücləndirilib və bu sahədə də hər hansı bir xoşagəlməz hal qeydə alınmayıb”.

M.Ağayev yağışla əlaqədar müəyyən problemlərin yarandığını, “operativ tədbirlər nəticəsində” problemlərin dərhal aradan qaldırıldığını, sadəcə, azarkeşlərin yanlış istiqamətdə çıxdığı üçün BNA avtobuslarını görmədiklərini də vurğulayıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26