Interposta.Info

Türkiyədəki 15 iyul çevrilişinin 1 ili - azərbaycanlı ekspertin FETÖ dəyərləndirməsi

Müxtəlif
 10-07-2017, 14:44     512

Telman Nüsrətoğlu: “Fətullah Gülən İslam ümmətinin qərargahı olan Anadolunun bağrına yerləşdirilmiş xain bir fitnə projesi idi”

Qardaş Türkiyədə iki yüz əlliyə yaxın insanın şəhid edildiyi 15 iyul çevriliş cəhdinin ildönümü yaxınlaşır. Bu çevriliş cəhdinin arxa planı , FETÖ terror təşkilatının ortaya çıxışı, mahiyyəti, hədəfləriylə bağlı Türk İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlunun dəyərləndirməsi saytımızın poçtuna daxil olub. Musavat.com həmin dəyərləndirməni təqdim edir:

“ Bu hərəkatın ortaya çıxış səbəblərini anlaya bilmək üçün əslində Osmanlının qürub çağını, birinci dünya müharibəsinin nəticələrini anlamaq , əsrlərdir imperializm qarşısında adətən bir qərargah rolunu üstlənən Anadolu üzərində heç bitməyən oyunları bilmək lazımdır. Fətullah Gülən hərəkatına eyni zamanda imperialistlərin arzuladığı kimi, Türklərə tərk edilməyəcək qədər vacib bir ölkə olan , yenə quruduqca sulanması, böyüdükçə budanması lazım olan Türkiyənin, islam ümmətinin qərargahı olan Anadolunun bu əsrdə yenidən kuşatılması olaraq görmək lazımdır. Zatən əsrlərdir bir neçə dəfə Anadolu xaçlılar tərəfindən kuşatılmışdı (mühasirəyə alınmışdı). Bu çox daha hiyləgər və təhlükəli bir kuşatma idi. Türkiyə təmsil etdiyi keçmişi, potensialı, mədəniyyət coğrafiyaları etibariylə böyük bir Türk İslam arealının da lokomotivi , öncü gücüdür. Sovet dövlətinin çökməsiylə birlikdə yaranan geosiyasi boşluqda Türkiyə liderliyində Türk Birliyinin , İslam Birliyinin meydana çıxma ehtimalı dünyanın qərar alıcılarını narahat etməyə bilməzdi.

Onsuzda tarixi keçmişiylə Türkiyənin uyuyan bir dev olduğunu yaxşı bilirdilər. İngilis tarixçi A. Toyubee boşuna ifadə etmirdi ki, Osmanlı məhv edilmiş deyil, durdurulmuş bir mədəniyyətdir, uyuyan bir devdir, nə vaxtsa oyana bilər. Bu kontekstdə Türkiyəni və onun böyük mədəniyyət coğrafiyalarını nəzarət altında tutmaq ,yeni geosiyasi şəraitdə oralarda devşirilmiş nəsillər yetişdirərək idarə etmək üçün düşünülmüş ən hiyləgər proje FETÖ projesi oldu. Fətullah Gülən sisteminin məfkurədən, inancdan ,vətənsevərlikdən yoxsun qlobal imperializmin silahına mərmi istehsal edən çox təhlükəli bir təşkilat olduğunu 15 iyul hadisələri açıq şəkildə ortaya qoydu.

Orada məfkurə sahibi kimi görsənən tək adam Fətullah Gülən idi. Onun da məfkurəsi dünya üzərində Amerika ağalığının daha da möhkəmləndirilməsinə sədaqətlə xidmət etmək imiş. Fətullah Gülənin İslam Ümmətinin və Türkiyənin bünyəsinə yerləşdirilmiş böyük bir fitnə projesi olduğunu anlamayanlar da artıq anlamalıdır. Bu adam əsil məramını gizləməkdə və fitnə məsələsində bir istedaddır. Diqqət edin bu təşkilatın müsəlmanlardan daha çox qeyri müsəlman güclərlə ittifaq içində olduğunu , Türkiyədə və xaricdə heç bir İslami camaatla yaxınlıq qurmadığını , əməkdaşlıq etmədiyini çoxları bilmir. Fətullah Gülənin haqqında fövqəl xüsusiyyətləri olan, mistik şəxsiyyət obrazı yaradılmasının da məqsədi bəllidir. O İslama olduqca böyük bir dəyər verən bir cəmiyyətdə Türkiyədə yaşadığı üçün müsəlmanlara İslamın üslubu və dəyərləriylə müraciət edərək , İslamın ən mühüm və dərin məsələləriylə məşğul olmuş məhz oradan özünə bir etibar və status devşirmə yoluna getmişdir. Onun yapmaq istədiyi tək işin mistik mərkəz və şəxsiyyət statusu inşa edərək bu mərkəzə bağlı itaətkar, kodlaşdırılmış beyinlərlə ağalarına xidmət etmək olduğunu zaman artıq ortaya qoydu. Bilirsiniz İslam alimiylə mistik şəxsiyyət arasında ciddi bir fərq var. İslam alimi mənim söylədiklərim , yazdıqlarımda əlbəttə bir xəta ola bilər, mütləq doğru Qurandı , Allahın elçisinin anlatdıqlarıdı deyər, gizli gündəmi olmaz, iqtisadiyyatdan siyasətə ən dərin hücrələrə hakim olmaq üçün dəridən qabıqdan çıxmaz, irşad vəzifəsini həyata keçirər. Mistik şəxsiyyətdə isə belə deyil.

Fətullah haqqında hər daim Allahla rabitəsi olan, peyğəmbərimiz mütəmadi yuxusuna girən, hər dediyində hikmət bulunan bir fövqəl varlıq obrazını bir plan çərçivəsində yaratdılar. Bir İslam ölkəsində alim müsəlmanları qoyub qeyri müsəlmanlarla əməkdaşlıq etsə , İslamın təməlləriylə ziddiyyət təşkil edən sözlər sərf etsə hər halda ətrafında bir normal müsəlman qalmaz. Ancaq bu ölkəsinə və müsəlmanlara açıq şəkildə xəyanət etdiyi halda yenə də buna koru koruna bağlı olanlar var. Bu adam dövlətin içinə yerləşdirdiyi adamları vasitəsiylə imtahan suallarını oğurlatdırıb öz sadiq tələbələrinə paylatdırır və havariləri də o tələbələrə təlqin edir ki xocaəfəndi bu sualları yuxusunda görüb. Yenə dövlət içindəki agentləri vasitəsiylə adamlar haqqında hər cür bilgi toplayaraq arxiv hazırlayır sonra da o adamı yanına çağıraraq bunlar haqqında imalı danışaraq yenə özü haqqında mistik şəxsiyyət obrazı formalaşdırır. Başqa bir vacib məqam. Təhsil, iqtisadiyyat və siyasət üçgənində 170 ölkədə inşa edilən bu qlobal projenin önü dünyanı idarə edən güclər tərəfindən təsadüf olaraqmı açılmışdır sizcə? Bunlara adətən dünyanın təhsil nazirliyini , Afrikadakı qızıl yataqlarını qarşılıqsız olaraqmı verdilər? Və belə bir projenin Anadolu insanı üzərindən həyata keçirilməsi də təsadüfü deyildir dediyim kimi. Balkanlardan Orta Asyaya dünyanın ən strateji bölgələrində Türk millətindən başqa soydaş , dindaş , əqrəba topluluqlarıyla var olan ikinci bir millət yoxdur. Və təbii olaraq bütün bu coğrafiyalarda Türkiyəyə bir sevgi var. FETÖ bu coğrafiyalardakı sevgidən istifadə edərək ağaları adına adam və güc toplama fəaliyyəti ilə məşğul olmuşdur. Onun qurduğu təşkilatda zərrə qədər də təfəkkürə, düşünməyə , mühakimə etməyə yer yoxdu.

Türkiyədə universitetlərə doldurduğu adamların böyük əksəriyyətinin bilim adamı , ordunun içinə yerləşdirdiyi zabitlərin əksəriyyətinin də həqiqi Türk zabiti şərəfini daşıya bilmədiyi üzə çıxdı. Zatən Fətullah Gülən mistik bir avtoritet olaraq görüldüyü üçün avtoritetini sarsacaq heç bir fərqli fikrə də təhəmmül göstərə bilməzdi. 15 iyul çevriliş cəhdi Fətullah Gülənin ağalarının əmri və şəxsi iqtidar ehtirası ilə bütün Türkiyəni məhv edəcək qədər ağır patolojik bir ruh halına sahib olduğunu da ortaya qoydu.

Düşünün adamlar parlamenti, cümhurbaşqanlığı sarayını bombaladılar. Hər işdə bir xeyir varmış. 15 iyul Türkiyənin içəridə və xaricdə bu xəyanət şəbəkəsiylə topyekun bir savaş başlatmasına, dövlət içindəki bu xainləri təmizləməsinə səbəb oldu. 15 iyul həm də Türkiyəni İraq , Suriya üzərindən kuşataraq güclü hakimiyyət və ordu qarşısında istədiyinə nail ola bilməyən qlobal iradənin içəridəki son genişmiqyaslı həmləsi olaraq da tarixə keçəcək məncə. Beynəlxalq imperializm ən güclü hücrələriylə 15 iyulda Türk millətinin iradəsi qarşısında məğlub olmuşdur. 15 iyulla Türkiyə və Türk İslam aləmi üçün də yeni bir dönəm başlamışdır. Xüsusən Türk cümhuriyyətləri hər şəraitə uyğunlaşa bilən, buqələmun xarakterli , ağalarının əmriylə hər an hərəkətə keçəcəyi şübhə götürməyən bu hücrələrin təmizlənməsi üçün daha təsirli addımlar atmalıdır. Anadolu insanının parasıyla inşa edilən FETÖ məktəblərini Türkiyəyə, Təhsil nazirliyinin qurduğu Maarif vəqfinə verməlidir ki bu məktəblər milli vətənpərvər kadrlarla yoluna davam edə bilsin”.

Telman Nüsrətoğlu, Türk İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim/musavat.com

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26