Interposta.Info

Satışda vaxtı keçmiş məhsullar var – təhlükə

Müxtəlif
 6-07-2017, 14:24     744

Mütəxəssislər xüsusən də yay mövsümündə istehlakçıları diqqətli olmağa çağırırlar...

Bir sıra ərzaq məhsulları var ki, onlar istiyə davam gətirmir və tez xarab olur. Bu cür məhsulların xarab olmaması üçünsə onlar standartlara cavab verən yerlərdə və temperaturlarda saxlanmalıdır. Təəssüf ki, bir sıra marketlərdə bu standartlar nəzərə alınmır, hətta vaxtı keçmiş məhsullar satılır.

Yayda daha çox sulara tələbatın olduğunu nəzərə alaraq, ilk olaraq suların satışının hansı qaydalarda həyata keçirildiyi ilə bağlı kiçik bir müşahidə apardıq. Sular soyuducularda saxlanılmaqla yanaşı, yol kənarında, köşklərdə günün altında da saxlanılır ki, bu da insan səhhəti üçün təhlükə yaradır. Günəş şüaları altında plastik qabda saxlanılan suların dadında da dəyişiklik hiss etmək mümkündür. Satıcılar bu cür suları öncə soyuducuya, sonra çölə qoyduqlarını, suyun Günəş şüasından isindiyini gördükdə isə təkrar soyuducuya qoyduqlarını deyirdilər. Təəssüflər olsun ki, bu sular arasında hətta istifadə müddəti bitmişləri də vardı. Bu cür sulardan birini yol kənarından aldıq. Suyun istehsal tarixinə baxdıqda onun istifadə müddətinin 6 ay əvvəldə bitdiyini gördük.

Lakin satışda təkcə vaxtı ötmüş sular deyil. Bir sıra marketlərdə yararlılıq müddəti keçmiş yoqurtlara, xamalara, südlərə də rast gəlinir. Digər məhsulların bəzilərində istifadə müddətinin həmin gün bitməsinə və ya bitməsinə bir gün qalmasına baxmayaraq hələ də satışda idi.

Satıcıların sözlərinə görə, əslində məhsulun istifadə müddətinin bitməsinə bir gün qalıbsa, o artıq vitrinlərdən yığışdırılmalıdır. Bu cür ərzaq məhsullarının yaddan çıxaraq qala biləcəyini deyirdilər. Alıcılar arasında da vəziyyətdən narahat olanlar var. Alıcı Sevda Quliyeva deyir ki, məhsulları alanda çox zaman yararlılıq müddətinə baxmır: “Marketdən şirniyyat bişirmək üçün xama aldım. Evdə xamanın dadında acılıq hiss etdim. Tarixinə baxanda məlum oldu ki, yararlılıq müddətinin bitməsinə bir gün qalıbmış”.

Şirniyyat mağazalarında da vəziyyət ürəkaçan deyil. Hər kəs bilir ki, kremli məmulatların saxlanma müddəti 36 saatdan artıq deyil. Ancaq şirniyyat mağazalarına diqqət etsək, oradakı əksər tortların, şirniyyatların üzərində yararlılıq müddətinin yazılmadığını görərik. Satıcılardan niyə yararlılıq müddəti yoxdur deyə soruşduqda “elə bu gün bişib, təzədir” deyirlər.
Ümumiyyətlə, əgər məhsulun üzərində onun yararlılıq müddəti göstərilmirsə, sahibkarı 1500 manatdan 5 min manata kimi cərimə gözləyir. Ancaq yay aylarında ərzaq məhsulları ilə problemlər yararlılıq müddəti ilə bitmir. Yəqin ki, çoxumuz xüsusən də yay aylarında yararlılıq müddəti bitməsə belə, aldığımız ərzaq məhsulunun dadının dəyişdiyini və ya bir qoxu olduğunu müşahidə etmişik. Mütəxəssislər bunun yalnız iki səbəbdən ola biləcəyini deyirlər: ya məhsul köhnəlib və sadəcə olaraq, üzərinə yeni yararlılıq etiketi vurulub, ya da soyuducu işlək vəziyyətdə olmayıb. Hər bir məhsulun yararlılıq müddəti ilə yanaşı, onun marketlərdə hansı şəraitdə saxlanılması da çox önəmlidir. Tez xarab olan məhsullar qrupuna ət, balıq, süd məhsulları, yumurta, bir çox meyvələr daxildir.

Düzgün saxlanmayan məhsullarda kimyəvi, mikrobioloji dəyişikliklər baş verir. Bu zaman qidalılıq dəyəri aşağı düşür. Bu da məhsulun rənginə, qatılığına, iyinə, dadına təsir edir. Məhsulun tərkibində mənfi deyilən proseslər sürətlənir, bakteriyalar, mikroblar aktivləşir. Təəssüf ki, əksər marketlərdə saxlanma qaydalarına əməl olunmur.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov mətbuata açıqlamasında vaxtı keçmiş məhsulların üzərinə skoç vuraraq yenidən etiketləndiyini deyib: “Belə hallarda dükanlara məlumat veririk ki, satış qadağan olsun. Qeyd etdiyim kimi, yoxlamalar məhdudlaşdırılıb. Onlar da bundan istifadə edərək sui-istifadə edirlər”.

Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov “Yeni Müsavat”a açıqlamasında vətəndaşları bu sahədə çox diqqətli olmağa çağırdı: “2015-ci ilin noyabr ayından Dövlət Sanitariya Xidməti orqanı heç bir sahibkarlıq subyektlərinə sanitar müayinələr, yoxlamalar keçirmir. Yəni bu məsələ ilə əlaqədar birbaşa istehsaldan tam satış yerlərinə gətirənə kimi, yəni realizə müddətinin gözlənilməsi məsələsinə birbaşa sahibkarların səlahiyyətləri daxilində baxılır. Biz bu sahədə heç yoxlama aparmamışıq və heç nə müşahidə etməmişik. Hər bir ərzaq məhsulu istifadə olunmadan əvvəl onun realizasiya müddəti gözlənilməlidir. Müvafiq temperaturda saxlanmalıdır. Bilirsiniz ki, ərzaq məhsullarının saxlanma temperaturu müsbət 2 və müsbət 6 dərəcədir. Əgər belə temperaturda ticarət mərkəzlərində içməli sular və digər qablaşdırılmış məhsulları qeyd olunan temperaturda saxlamırlarsa və onun satışı aparılırsa, bu, əlbəttə ki, yolverilməzdir. Ona görə də vətəndaş istehlakçılarımız bu sahədə çox diqqətli olmalıdır”.

interposta.info

Satışda vaxtı keçmiş məhsullar var – təhlükə

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26