Interposta.Info

Azərbaycan pomidor və xiyarı Rusiyada şok qiymətə satılır -

Müxtəlif
 7-02-2017, 15:00     1 139

Azərbaycan pomidor və xiyarı Rusiyada şok qiymətə satılır -
Bu gün mətbuatda Azərbaycandan ixrac olunan tərəvəz məhsullarının Rusiyada baha qiymətə satılmasıyla bağlı məlumatlar dərc olunub. Bildirilir ki, Maqadan şəhərinin jurnalistləri Azərbaycandan ixrac edilən məhsulların baha qiymət satılmasına etiraz ediblər. Onlar Azərbaycandan aparılan pomidorların 1 kilosunun 950 rubla (30,91 manat), xiyarların isə 920 rubla (29,93 manat) satıldığını bildiriblər.

interposta.info xəbər verir ki, məsələ ilə bağlı BakiPost.az-a açıqlama verən kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, bu gün Rusiyada Azərbaycanda istehsal olunan məhsullara ciddi tələbat var: "Azərbaycanda istehsal olunan məhsulların keyfiyyəti yaxşı olduğu üçün tələbat çoxdur. Bu səbəbdən Azərbaycan məhsulları Rusiyada yüksək qiymətə baha satılır. Qiymət məsələsini bazar həll edir. Düzdür, bizdə istehsal səviyyəsini yaxşılaşdıra, məhsuldarlığı artıra bilməyiblər. Amma məhsulun keyfiyyəti ilə bağlı bəzi ölkələrə nisbətən sahibkarlarımız müsbət nəticə əldə edə biliblər. Yəni bizim istehsal etdiyimiz, xüsusən pomidor qonşu ölkələrin istehsal etdiyi pomidordan fərqli olaraq keyfiyyətlidir. Buna görə də Rusiyada bizim istehsal etdiyimiz pomidora yüksək dəyər verirlər”.

Rusiyanın Maqadan şəhərində yaşayan jurnalistlərin Azərbaycandan gətirilən tərəvəz məhsullarının qiymətinin baha olmasından şikayətlənməsinə gəlincə, ekspert, jurnalistlərin haqsız olduğunu bildirib: "Jurnalist özü də istehlakçıdır. Əgər ona Azərbaycanın istehsal etdiyi tərəvəzin qiyməti sərf etmirsə, o zaman almasın. Gedib ucuz məhsul alsın.

Düzdür, bizim istehsal etdiyimiz məhsulun maya dəyəri yüksəkdir. Amma bununla yanaşı ona tələbat var. Tələbat olduğu üçün bizim məhsullar Rusiyaya göndərilir. Məhsullarımızın keyfiyyəti yaxşı olduğu üçün Rusiyada yüksək dəyər verilir. Yəni jurnalistlərin haqsız olduğunu demək istəyirəm. Əslində buna Rusiya istehlakçıları dəyər verir.

Bir müddət əvvəl onların deputatları da belə fikirlər səsləndirirdilər. Onlar da deyirdilər ki, Azərbaycandan gələn tərəvəzlər baha qiymətə təklif olunur. Bu, keyfiyyətlə bağlıdır. Onlar bilməlidir ki, keyfiyyəti yüksək olan məhsulun qiyməti də yüksəkdir”.

Vahid Məhərrəmov qeyd edib ki, Rusiyada daha çox pomidor, xiyar və faraş kartof baha satılır: "Bu məhsullar həm yüksək qiymətə təklif olunur, həm də onlara tələbat var.

Həmçinin ölkəmizdən Rusiyaya göyərtilər də göndərilir. Xüsusən azərbaycanlılar, müəyyən dairələr var ki, onlar göyərtinin alıcısıdırlar. Azərbaycandan gedən göyərtilərə yüksək dəyər verirlər.

Bizdən Rusiyaya ixrac olunan meyvələr də var. Xüsusən də, nar, xurma və alma Rusiyaya ixrac edilir. Bəzi giləmeyvələrdə buraya daxildir. Amma ixrac etdiyimiz məhsullar daha çox bunlardır”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26