Ölüm cəzası lazımdırmı? - Professor İlham Rəhimovla müsahibə

Mütəxəssis – alim: “Ölüm cəzasının “səhnədən getməsi” məhkəməsiz cəzalandırma, sifarişli qətl, qan qisasına səbəb olur”
Ölüm cəzasının məqsədəuyğunluğu, ədalətliliyi, əxlaqiliyi hər zaman istənilən cəmiyyətdə müzakirə olunan ən vacib mübahisə mövzusu olub. Axı hər halda söhbət insan həyatındakı ən qiymətli və dəyərli nemətdən gedir. Azərbaycanda artıq 20 ildir ki, ölüm cəzası yoxdur, ancaq təkcə hüquqşünaslar yox, siyasətçilər, ictimaiyyət nümayəndələri də ölüm cəzasının zəruriliyi haqda tez-tez fikirlər səsləndirirlər. Bəzən bu məsələ ayrı-ayrı deputatlar tərəfindən parlament səviyyəsində qaldırılır. Doğrudanmı, hətta ən qəddar cinayətə qarşı da olsa, bu, insana qarşı ən sərt cəzaya qayıtmaq mümkündür? Bu sualla məhz həmin sahə üzrə alim-mütəxəssis olduğunu nəzərə alıb, professor İlham Rəhimova müraciət etməyi qərara aldıq:
- Qoyduğunuz sual həm nəzəri, həm də praktik xarakterli bir çox digər məsələləri də ehtiva edir. Ona görə onlara, təbii ki, problemi tamamilə şərh edib nöqtəsini qoyurmuş kimi, eləcə də öz baxış və fikirlərimin həqiqiliyi və mübahisəsizliyi iddiasında olmadan cavab verməyə çalışacağam. Əksinə, hörmətli oxucu ilə daha anlaşıqlı və sadə dildə fikirlərimi bölüşüb hər kəsə bəşəriyyətin əbədi sualına cavab vermək imkanı yaratmaq istəyirəm: ölüm hökmü olsun, yoxsa olmasın? Yeri gəlmişkən, qeyd edim ki, ölüm cəzasına müxtəlif xalqlarda, bütün mədəniyyət pillələrində, hər bir müxtəlif və rəngarəng həyat şəraitlərində rast gəlmək olar. Ona görə hətta tarix bu və ya digər xalq haqqında ölüm cəzasının forma, metod və həyata keçirilmə üsulundan başqa heç bir sübut saxlamamış olsa belə, bu, kifayətdir ki, tarixi prosesin müəyyən mərhələsində bu xalqın inkişaf səviyyəsi barədə aydın təsəvvür yaransın. Bu gün müxtəlif ölkələrdə bu ən yüksək cəzaya, yəni canini həyatdan məhrum etməyə münasibət fərqlidir. Bəzilərində ölüm cəzası, ümumiyyətlə qadağandır, digərlərində fövqəladə hallarda tətbiq edilir, üçüncülərdə qanunda saxlansa da, faktiki olaraq tətbiq edilmir. Nəhayət, bir çox ölkələrdə ölüm cəzası geniş tətbiq edilir. Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, 2008-ci ildə 52 ölkədə 8864 cinayətkara ölüm cəzası verilib, bunlardan 25 ölkədə ən azı 2390 nəfər edam edilib. Maraqlıdır ki, bunun 72 %-i Çinin payına düşür. Son 10 ildə bu ölkədə edamların sayı ildə 10 000-ə çatıb. İran Çindən sonra ikinci yerdədir. Belə ki, 2009-cu ildə bu ölkədə azı 388 nəfər edam edilib. Cənubi Koreyada 1948 -1998-ci illərdə, yəni 50 ildə 900-dən çox şəxs edam olunub. Postsovet məkanı ölkələrinə gəlincə, Qazaxıstanı xüsusi qeyd etmək lazımdır. 90-cı illərin sonunda bu ölkə ölüm cəzasının sayına görə dünyada ilk yerlərdən birini tutub.
“Avropa Şurasının tələbi güclü siyasi təzyiq xarakteri daşıyır: ya ölüm cəzasından imtina et, ya da Avropanı qulağının dibini görəndə görəcəksən”
- Əgər bu cəza faydalıdırsa, onda nədən bir çox ölkələr, o cümlədən biz ölüm cəzasından imtina etmişik? Sualı başqa cür də qoya bilərik: Əgər ən dəhşətli cinayət törətmiş insanı həyatdan məhrum etmək faydalılıq cəhətdən mənasızdırsa, qalan ölkələr ondan niyə imtina etmir?
- Əslində ölüm cəzasının tətbiqi, eləcə də ondan imtina üçün səbəblər yetərincə çoxdur. Belə ki, məsələn, Yaponiyada bu cəzanın mövcudluğunu bu xalqın mədəniyyəti və psixologiyasının xüsusiyyətlərini başa düşmədən anlamaq çətindir. Onlar isə yaponların ölkənin çoxəsrlik adət-ənənələri və ilə sıx bağlı olan mentalitetinin və psixologiyasının xüsusiyyətləri ilə şərtlənir. Yaponiyada tarixən təşəkkül tapan ictimai həyat atributlarından imtina məqbul sayılmır. Güclü İslam ənənəsi olan ölkələrdə Qurana əsaslanan sərt cəza sistemi, o cümlədən ölüm cəzası saxlanılır və geniş tətbiq edilir. Mən ilk növbədə Səudiyyə Ərəbistanı, İran, Sudan, İraq, Nigeriyanı nəzərdə tuturam. Amerikanın bir sıra ştatlarında ölüm cəzasının qalması milli ənənələr və ya dinlə yox, kriminogen vəziyyətlə, yəni ilk növbədə qəsdən adam öldürmə ilə bağlı saxlanılır. Məhz bu səbəbdən Rusiya, Türkiyə, Pakistan və s ölüm cəzasına moratorium qoyan ölkələr bu cəza ilə bağlı qəti qərara gəlməyiblər. Yəni cinayətkarlığın vəziyyəti hələlik ölüm cəzasından imtina etməyə imkan vermir.
- Ölkəmiz nəyə görə ölüm cəzasından imtina etdi? Biz doğru hərəkət etdikmi?
- Məlumdur ki, məhz avropalılar ilk dəfə ölüm cəzasından imtina yolunu tutdu, halbuki bu cəza bir zamanlar məhz Avropa ölkələrində tüğyan edirdi. Bir vaxtlar german-roman dünyasının bütün ölkələri ölüm cəzasının qanı ilə suvarılmış və tonqalların tüstüsünə bürünmüşdü. Məsələn, I Yelizavetanın dövründə (1558 - 1603) İngiltərədə minimum 18 min nəfər edam edilib. Almaniyada təkcə hakim fon Karptsov (1595 - 1666) 20 minədək ölüm cəzası imzalayıb. İnanmaq çətindir ki, XIX əsrin əvvəllərində Britaniyada xırda oğurluq, eləcə də səfillik və dilənçiliyə görə ölüm cəzası verilirdi.
Bütün bunları ona görə deyirəm ki, Avropada ölüm cəzasından imtinaya gedən tarixi yol çətin, uzun və qanlı olub. Bu proses təxminən XIX əsrdə başlayıb. Bütün Avropa ölkələri bu dövr ərzində dəfələrlə ölüm cəzasından imtina edib, sonra yenidən onu bərpa edib. Bu gün avropalılar hesab edir ki, insanın həyatdan məhrum edilməsi onların mənəvi təfəkkür və inkişaf səviyyəsinə uyğun gəlmir. İndi gələk ölkəmizə. Ölüm cəzası institutu çoxdan cinayət siyasəti hüdudundan kənara çıxıb və hər zaman dövlət siyasətinin problemi olub, yəni bu cəza ilə bağlı qərar qəbul edilməsi çox vaxt təkcə real kriminogen situasiya, milli ənənələr, xalqların adətləri, din, cəmiyyətin təfəkkür səviyyəsi və mənəvi vəziyyəti ilə yox, təşəkkül tapan konkret siyasi situasiya ilə bağlı olub. SSRİ-nin dağılması yeni hüquqi situasiya yaratdı və postsovet respublikalarını ölüm cəzasının ləğvi zərurəti qarşısında qoydu. Bu, kriminogen vəziyyətin dəyişməsi, zorakı cinayətlərin, qətllərin azalması ilə yox, suveren respublikaların Avropa Şurasına daxil olma prosesi ilə bağlı idi. Avropa Şurası tələb edirdi ki, bu cəzadan imtina etsinlər. Xüsusi vurğulamaq istərdim ki, Avropa Şurasının tələbi ifrat qətidir. «Ölüm hökmü ləğv edilir. Heç kəsə ölüm hökmü verilə və heç kəs edam edilə bilməz». Göründüyü kimi, Avropa Şurasının tələbi güclü siyasi təzyiq xarakteri daşıyır: ya ölüm cəzasından imtina et, ya da Avropanı qulağının dibini görəndə görəcəksən. O vaxt Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həlli üçün Avropa Şurası bizim üçün həyati zərurət idi. Məhz siyasi nöqteyi-nəzərdən o vaxt biz düzgün hərəkət etdik, hərçənd bu gün bu təşkilatın qərəzli və dişsiz olduğuna əmin olduq.
“5 ildir ki, ölüm cəzasının taleyi ilə bağlı insanların rəyini öyrənmək üzrə sosioloji araşdırma aparıram. Bu günədək rəyi soruşulan 3576 nəfərin 87 %-i ölüm cəzasının bərpasını tələb edir”
- O vaxt siyasi zərurət olmasaydı, ölüm cəzasından imtina etməyəcəkdik?
- Məsələ burasındadır ki, ölüm cəzasının ləğvi üçün istənilən cəmiyyətdə iqtisadi, sosial, kriminogen, dini, siyasi, mənəvi şərtlər yetişməlidir. Ona görə hesab edirəm ki, onun təkcə bizim ölkədə yox, eləcə də postsovet ölkələri və nə vaxtsa sosializm düşərgəsinə daxil olan Şərqi Avropa dövlətlərində ləğv edilməsi kriminogen vəziyyət və başqa şərtlərlə bağlı vaxtından əvvəl atılmış addım idi. Bu cəzanın ləğvinə ictimai fikrin mənfi yanaşdığını da nəzərə almamaq olmaz və onunla hesablaşmaq lazımdır. Avropalılar ölüm cəzasının ləğvini tələb edəndə totalitar rejimdən təzə çıxmış, vətəndaş cəmiyyəti və hüquqi dövlətin mahiyyətini mənimsəməmiş xalqların mənəvi təfəkkürünün aşağı səviyyədə olmasını nəzərə almadılar.
- Belə başa düşdüm ki, Siz ölüm cəzasının qalması, dəqiq desək, bərpasının tərəfdarısınız?
- Ölüm cəzasına münasibətimi müəyyən edəndə cavab verilməli olan iki sualı ayırıram: ümumiyyətlə, ölüm cəzası lazımdırmı və konkret hansı cinayətlərə tətbiq edilməlidir? Ümumən, ölüm cəzasını çox pis cəza sayır, ondan imtinanı təqdir edirəm, eyni zamanda, hesab edirəm ki, indiki şəraitdə təkcə bizdə yox, bir sıra ölkələrdə cəmiyyət konkret olaraq qəddarlıqla həyata keçirilən və ağır nəticələri olan qətl hadisələrinə görə ölüm cəzasının ləğvinə hazır deyil. Rəsmi məlumata görə, təkcə bir il (2011-ci il) ərzində kriminogen hadisələr nəticəsində dünyada 500 min nəfər ölüb. Ölkəmizdə 200-dən çox qətl hadisəsi baş verib.
- Demək istəyirsiniz ki, qəsdən adam öldürmə ilə mübarizə üçün ölüm cəzası verilməsi faydalıdır?
- Məsələ burasındadır ki, ölüm cəzasının faydalı və ya faydasız olduğunu ölçməyə imkan verən kəmiyyət göstəricilərini müəyyən etmək çətindir. Çoxlu misal göstərmək olar ki, bəzi ölkələrdə ölüm cəzasının ləğvi qətllərin artması ilə nəticələnib. Məsələn, ölüm cəzasına moratorium tətbiq ediləndən sonra Rusiyada qətllərin sayı kəskin şəkildə - ildə 20 mindən 32 minə artıb.
Aydınlıq üçün ölüm hökmü olan və ləğv edilən ölkələrin statistikasına əsaslanaq. 2006-cı ildə ABŞ-da 100 min nəfərə 5.7, Rusiyada 19.2, Yaponiyada 0.5, Almaniyada 1.1, Hindistanda 3.4, Polşada 5.6 qətl hadisəsi düşüb. Diqqət yetirin, ABŞ, Hindistan və Yaponiyada ölüm cəzası tətbiq edilir, Rusiya, Polşa və Almaniyada isə yox. Ölüm cəzası olan Yaponiyada ən aşağı göstərici olduğunu görürük, bu cəza tətbiq edilməyən Rusiya və Polşada isə bu göstərici çox yüksəkdir. Bu göstəriciləri bilərəkdən gətirərək demək istəyirəm ki, qəsdən adam öldürmə ilə mübarizədə ölüm cəzasının faydalı və ya faydasız olduğunu inandırıcı şəkildə göstərən rəqəmləri nə nəzəri, nə də praktik cəhətdən müəyyən etmək mümkündür.
- Əgər məqsədə çatmırıqsa, onda insanı, hətta qatili öldürmək lazımdırmı?
- Məsələ burasındadır ki, bir cəza növü kimi ölüm cəzasının real obyektiv imkanlarından çıxış etməli, ondan əslində qadir olmadığı şeyləri tələb etməməliyik. Psixoloqların fikrincə, ölüm cəzasının olmasının özü qətl törətmək niyyətinin qarşısını ala bilir. Gəlin ölüm cəzasından imtinanın nə ilə nəticələndiyinə baxaq. Əvvəla, statistika qətllərin artdığını göstərməsə də, onlar xüsusi qəddarlıq və ağır nəticələrlə xarakterizə olunur. Müasir həyatımızda elə qətllər olur ki, qəddarlığına görə qanın su yerinə axdığı dəhşətli filmləri də keçir: müqavimət göstərən qurbanların siqaret və közərmiş metalla dağlanması, qadınların intim yerlərinin kəsilməsi, əl və ya ayaq barmaqlarının mişarlanması və s. Diqqət yetirsəniz, bizdə əvvəllər praktik olaraq rast gəlmədiyimiz qətl formalarının tez-tez şahidi oluruq. Söhbət öz arvadının və ya başqa şəxsin başının kəsilməsi kimi qətl metodu və ya üsulundan gedir. Şübhəsiz, hər bir qətldə «cana görə can» formulu ilə hərəkət etmək olmaz. Amma elə qəddarcasına və ya ağır nəticələr verən qətllər var ki, onlara qarşı tətbiq edilən ölüm cəzasını heç bir cəza əvəz edə bilməz. Bir sözlə, getdikcə daha çox sayda patoloji qəddarlıqla baş verən qətllər baş verir. İctimaiyyət bu yaxınlarda (2017-ci ilin martı) Bakıda baş verən bir qətl hadisəsi barədə kütləvi informasiya vasitələrindən məlumat əldə etdi. Məlum oldu ki, kişi qadına boğaz və üz nahiyəsindən bıçaqla bir neçə zərbə vurandan sonra onun oğlunun və qızının da boğazını kəsib, qətlə yetirilənlərin hamısının cəsədlərini maşının baqajına qoyaraq aparıb. Sonra onu həbs ediblər. Bu qatilə nə etmək lazımdır? Biz axı onu da nəzərə alırıq ki, obyektiv şərtlər olmadan ölüm cəzasından imtina məhkəmədən kənar xarakterli qeyri-leqal qisas alma formalarının reanimasiyasına gətirib çıxarır. Yəni ölüm cəzasının «səhnədən getməsi» məhkəməsiz cəzalandırma, sifarişli qətl, qan qisasına səbəb olur. Başqa sözlə desək, qanunvericilikdə olan ölüm cəzası ləğv ediləndən sonra onu özfəaliyyət yolu ilə ölüm cəzası əvəz edir. Bu isə, yeri gəlmişkən, indi qəsdən baş verən qətllərin artmasına səbəb olur. Nəhayət, onu da nəzərə almaq lazımdır ki, ölüm cəzasının saxlanması sosial ədalətin özünəməxsus cinayət-hüquqi üsulla bərpası üsuludur. Məhz buna görə ictimai fikir hər zaman və indi də ağırlaşdırıcı hallarda qəsdən adam öldürməyə görə bu cəzanın qalmasının tərəfdarıdır. Artıq 5 ildir ki, ölüm cəzasının taleyi ilə bağlı insanların rəyini öyrənmək üzrə sosioloji araşdırma aparıram. Bu günədək rəyi soruşulan 3576 nəfərin 87 %-i ölüm cəzasının bərpasını tələb edir.
“Heç bir İlahi vəhydə qəsdən adam öldürənin qətlə yetirilməsinə qadağa qoyulduğunun şahidi ola bilməzsiniz. Əksinə, Allah qatildən qisas alınmasını tələb edir”
- Bir çox ölkələr ölüm cəzasının tətbiqindən imtina edibsə, demək, bu cəzanın tətbiqinə qarşı da güclü arqumentlər var.
- Razıyam. O cümlədən ölüm cəzasına qarşı çıxanların ən məşhur arqumentlərdən biri budur: İnsanı Allah yaradıb, ona həyatı O verib, demək, o da almalıdır. Amma Allah qatilə insanı həyatdan məhrum etmək hüququ verməyib. Onda nəyə görə Allah qatilin öldürülməsini qadağan etməlidir? Heç bir İlahi vəhydə qəsdən adam öldürənin qətlə yetirilməsinə qadağa qoyulduğunun şahidi ola bilməzsiniz. Əksinə, Allah qatildən qisas alınmasını tələb edir.
Ölüm cəzasına qarşı digər arqument mümkün məhkəmə səhvləridir. Yəni mümkündür ki, insanı ölümə məhkum etsinlər, sonra məlum olsun ki, o, müqəssir deyil. Belə faktlar gerçəkdən, ola bilər. Amma söhbət təqsirin 100 % sübuta yetirildiyi, hətta 001 % şübhə olmadığı halda ölüm cəzasının tətbiqindən gedir. Məsələn, qatil cinayət yerində tutulur. Və ya qətl bir neçə nəfərin şahidliyi ilə baş verir. Bundan başqa, axı mən bütün qatillərə yox, xüsusi amansızlıqla həyata keçirilən və ağır nəticələr verən, çoxlu insan öldürüldüyü qətllərə görə ölüm cəzasının tətbiqinin tərəfdarıyam. Ona görə qanunvericilikdə iki cəza növü olmalıdır – ölüm cəzası və ömürlük həbs. Yuxarıda deyilən şərtlərdən asılı olaraq bu və ya digər cəza verilməlidir. Ölüm cəzasına qarşı əsas arqumentlər bunlardır, hərçənd başqaları da var.
- Nəhayət, Sizə mühakimələrinizdən sonra təbii olaraq yada düşən son sualı vermək istərdim: ölüm hökmünün gələcəyi necə olacaq?
- Biz bunu istəsək də, istəməsək də, ölüm cəzasının qaytarılması məsələsi obyektiv səbəblərdən yox, siyasi mülahizələrlə bu cəzadan imtina edən ölkələrdə hər zaman gündəlikdə olacaq. Məsələn, ölüm cəzasına moratorium qoyulan Türkiyədə prezident dəfələrlə ölüm cəzasının bərpası məsələsini qaldırıb. Pakistan prezidenti və hətta Macarıstanın baş naziri də belə bir bəyanat verib. Ölüm hökmünü saxlayan ölkələrə gəlincə, hesab edirəm ki, onlar öz mövqelərinin doğru olduğuna daha çox əmin olacaqlar./musavat.com
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26