Interposta.Info

Avropa İttifaqı ölkələrinin yollarında ölüm hallarının statistikası açıqlanıb

Ölkə
 4-04-2019, 19:21     10 448

Avropa Komissiyası ötən il Avropa İttifaqında yol-nəqliyyat hadisələri nəticəsində baş verən ölüm hallarının statistikasını açıqlayıb.

AZƏRTAC Avropa Komissiyasının məlumatına istinadla xəbər verir ki, 2018-ci ildə Avropa İttifaqının 28 ölkəsində baş verən yol-nəqliyyat hadisələri nəticəsində 25,1 min insan həlak olub. Bu, 2010-cu illə müqayisədə 21 faiz, 2017-ci illə müqayisədə isə 1 faiz azdır. Orta hesabla hər milyon nəfərə 49 ölüm halının baş verməsi Avropanın dünyanın ən təhlükəsiz avtomobil yollarına malik olduğunu təsdiqləyir.

Məlumata əsasən, ötən il avtomobil yollarında baş verən qəzalar nəticəsində ən az insanın həlak olduğu ölkələrin sırasına Böyük Britaniya (hər milyon nəfərə 28 ölüm halı), Danimarka (30), İrlandiya (31) və İsveç (32) daxildir. Ən yüksək ölüm halları isə Rumıniyada (hər milyon nəfərə 96 ölüm halı), Bolqarıstanda (88), Latviyada (78) və Xorvatiyada (77) qeydə alınıb.

“Biz yol hərəkətinin təhlükəsizliyi məsələsinin həllində, strateji fəaliyyət planının, nəqliyyat vasitələrinin və infrastrukturun təhlükəsizliyi üzrə konkret fəaliyyətlərin qəbulunda israrlıyıq. 2050-ci ilə qədər avtomobil yollarında ölüm hallarının tam aradan qaldırılması istiqamətində çalışmağa davam edirik”, - deyə nəqliyyat üzrə Avropa komissarı Violetta Bluts bildirib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26