Interposta.Info

Qətəri İranla əməkdaşlığa sövq edən hansı maraqlardır? - Ekspert rəyi

Müxtəlif
 5-06-2017, 15:15     547

Politoloq: “Qətərin xarici siyasətdə 180 dərəcə dəyişməsi o qədər də gözlənilən deyildi”

“Qətər məlum dövlətlərin təzyiqlərindən qorunmaq üçün mütləq mənada digər Yaxın Şərq, İslam ölkəsinə yaxınlaşmalı idi. Hiss olunur ki, bu ölkə İran dövləti oldu”.

interposta.info xəbər verir ki, bu sözləri politoloq Natiq Miri dörd aparıcı ərəb dövlətinin Qətərlə diplomatik əlaqələrini kəsməsini şərh edərkən Pia.az-a açıqlamasında qeyd edib.

Bu gün altı aparıcı ərəb dövlətinin, Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri və digər ərəb ölkələrinin Qətərla diplomatik əlaqələrinin kəsilməsi haqqında məlumat yayılıb. Həmin ölkələr rəsmi Dohanı terrorçuluğa dəstək verməkdə və Ərəb ölkələrindəki daxili sabitliyi pozmağa yönəlmiş hərəkətlərdə ittiham ediblər. Həmçinin digər səbəb kimi Fars körfəzi ölkələrinin sammitindən sonra Qətər əmirinin İranı müdafiə edən bəyanatla çıxış etməsi göstərilir. Yaxın Şərqdə yaranan diplomatik böhranla bağlı bəyanat yayan ABŞ-ın Dövlət Katibi Reks Tillerson isə tərəfləri danışıqlar masasına dəvət edərək qarşlıqlı anlayış nümayiş etdirməyə çağırıb.

Qətərin uzun illərdir ki, həm ABŞ-ın, həm də Səudiyyə Ərəbistanının əsas müttəfiqlərindən biri olduğunu nəzərə alsaq, o zaman Qətərin birdən-birə İrana doğru meyllənməsi nəylə əlaqədar ola bilər? Və Ərəb dövlətlərinin Qətərə qarşı bu qədər sərt reaksiyasını necə izah etmək olar?
Qətəri İranla əməkdaşlığa sövq edən hansı maraqlardır? - Ekspert rəyi

Natiq Miri: “İslam “NATO”sunun təşkil olunması kimi ABŞ layihəsinin həyata keçirilməsindən sonra nədənsə, Qətərin xarici siyasətində bəzi dəyişikliklər baş verdi”.


Altı aparıcı ərəb dövlətinin Qətərlə diplomatik əlaqələrini kəsməsinin ABŞ-ın maraqlarına zidd olduğunu bildirən politoloq Natiq Mirinin fikrincə, ABŞ məhz İrana görə ərəb ölkələrinin birləşməsinə can atacaq:



“Qətərin xarici siyasətdə 180 dərəcə dəyişməsi o qədər də gözlənilən deyildi. O mənada ki, körfəz ölkələri sırasında Qətər Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə həmişə yanaşı dururdu. Eyni zamanda ərəb ölkələrinin strateji maraqlarını güdürdü. Səudiyyə Ərəbistanı ətrafında bir sünni koalisiyasının yaradılması, bir növ İslam “NATO”sunun təşkil olunması kimi ABŞ layihəsinin həyata keçirilməsindən sonra nədənsə, Qətərin xarici siyasətində bəzi dəyişikliklər baş verdi. Fikrimcə, əsas səbəb bu amillər ola bilər. Ona görə də məhz Səudiyyə Ərəbistanı və digər ərəb ölkələri, həmçinin ABŞ-ın Yaxın Şərqdəki siyasətini dəstəkləyən ölkələrdən fərqli olaraq, Qətər məlum dövlətlərin təzyiqlərindən qorunmaq üçün mütləq mənada digər Yaxın Şərq, İslam ölkəsinə yaxınlaşmalı idi. Hiss olunur ki, bu ölkə İran dövləti oldu.

Məlumdur ki, İran dövlətinin Yaxın Şərqdə öz siyasəti var. Məhz bu baxımdan İran Suriyada da var. Həminin İranın Yaxın Şərqdə şiə qövsü yaratmaq kimi bir strateji layihəsi var. Bu kontekstdə körfəz ölkələrindən olan, varlı Qətər dövlət ilə münasibətlərin düzəlməsi İranın maraqları çərçivəsindədir.

Son illərdə Qətərin “Müsəlman Qardaşları” təşkilatına ciddi maliyyə dəstəyi verməsi də körfəz ərəb ölkələrinin narazılıqların yaranmasına və sünni ərəb birliyinin bu ölkəyə qarşı çıxmasına səbəb oldu. Çünki bu cür dəstəyin müqabilində “Müsəlman Qardaşları” təşkilatı həm Tunis, həm də Misirdə hakimiyyətə gəlmişdi. Misirdə baş verən hərbi çevriliş nəticəsində “Müsəlman Qardaşları” hakimiyyətini devirdilər və demokratik Qərb dünyası da bu hadisəyə asanlıqla göz yumdu.

Natiq Miri: “Qətərin bu gün də “Müsəlman Qardaşları”nı dəstəkləməsi, ərəb ölkələri ilə münasibətlərin pozulmasında çox ciddi rola malik olan amillərdən oldu”.


“Müsəlman Qardaşları”nın Ərəb dünyasında bu cür sürətlə inkişafı Səudiyyə Ərəbistanı , Birləşmiş Ərəb Əmirlikliyi kimi ölkələri çox ciddi şəkildə narahat etmişdi. Fikrimcə, Qətərin bu gün də “Müsəlman Qardaşları”nı dəstəkləməsi, ərəb ölkələri ilə münasibətlərin pozulmasında çox ciddi rola malik olan amillərdən oldu.

Bu gün körfəz ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Qətərə qarşı diplomatik münasibətlərin tamamilə kəsilməsi haqqında qərar qəbul ediblər. Hətta Qətər vədəndaşlarının öz ölkələrini tamamilə tərk etmələri haqqında bir çağırış da edilib. Hesab edirəm ki, bu addımlar Qətərə qarşı çox ciddi siyasi təzyiqlərdir və bu kontekstdə ABŞ da körfəz ölkələri arasında olan məlum ixtilafa qarışıb. ABŞ Dövlət Departamentinin rəhbəri belə bir açıqlama verib ki, bu ixtilafı dayandırmaq və danışıqlar masasına qayıtmaq lazımdır.

Çünki ABŞ körfəz ölkələrinin parçalanmasını istəmir. ABŞ xüsusilə də Ərəb ölkələrinin İran qarşısında vahid fəaliyyət göstərməsini istəyir. Bu baxımdan Qətərin birlikdən ayrılması ABŞ-ın maraqlarında deyil. Ona görə də hesab edirəm ki, hələlik uzunmüddətli proqnozlar vermək doğru olmaz. Ola bilsin ki, yaxın zamanlarda ABŞ prosesə əl qoysun və yenidən Qətərlə digər ərəb ölkələri arasında danışıqlar başlasın”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26