Interposta.Info

Türkiyənin Qətər marağı:

Dünya
 10-06-2017, 10:24     797

Qətər böhranı bütün ərəb dünyasına təsir edəcək.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, Dohayla Körfəz ölkələri arasında yaşanan böhran Yaxın Şərqdəki proseslərə təsirsiz ötüşməyəcək:

“Ərəb ölkələrinin Qətərlə münasibətləri kəsmək qərarı birbaşa Suriya probleminin həllinə mənfi təsir göstərəcək. ABŞ-ın Ərəb-İslam-Amerika Sammitini keçirməsi və səfər əsnasında imzalanan milyardlarla dollarlıq silah müqaviləsi ərəb dünyasının silahlandığını ortaya qoydu”.

Politoloq hesab edir ki, məhz “Qətər hadisələri” adı altında İrana mühüm mesajlar göndərildi:

“Hətta zənnimcə, İranda son baş verənlərin əsas başında duran da Qətərlə bağlı hadisələr idi. Ərəb dünyasının Tehrana bu mesajı regionda vəziyyəti bir qədər də mürəkkəbləşdirəcək”.

A.Nağıyev bildirib ki, Qətər Avropanın qaz təhlükəsizliyinə təhdidin qarşısını alan böyük bir dövlətdir, o üzdən hazırda rəsmi Dohaya dəstək çıxan dövlətlərin də burada öz maraqları var:

“İranın öz siyasi və dini, Rusiyanın sırf iqtisadi, Türkiyənin isə siyasi, iqtisadi və hərbi maraqları var. Məhz buna görə də hazırda hər üç ölkə Qətərə dəstəklə bu istiqamətdə müvafiq addımlar atmağa çalışır.

Türkiyə NATO üzvü olaraq bir daha unutmur ki, Qətərin ərazisində NATO bazası var, eyni zamanda, Ankara üç minlik kontingentlə 2014-cü ildə imzalanan müqaviləyə görə orada öz bazasını quracaq. Yəni bu dövlətlərin öz maraqları olduğundan Qətər böhranı diplomatik yolla həll edilə bilər”.

Politoloq onu da əlavə edib ki, bütün bu proseslərin başında ABŞ və Vaşinqtonun Tehrana olan münasibəti durur. ABŞ bundan sonra da Səudiyyə Ərəbistanı ilə strateji əhəmiyyətli tərəfdaş olduğunu büruzə verməyə çalışacaq”.

Qeyd edək ki, hazırda bir çox Körfəz ölkəsi Qətərlə münasibətləri dayandırıb. Buna səbəb kimi Qətərin terrorizmi maliyələşdirməsi əsas göstərilir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26