Interposta.Info

Şərikli restoran işlədirdilər düşmən oldular -

Müxtəlif
 26-05-2017, 16:39     494

Öz şərikinə qarşı dələduzluq edən və külli miqdarda vergidən yayınmaqda təqsirləndirilən şəxsə hökm oxunub.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Cavid Dadaşovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub.

İttihama görə, Cavid Dadaşov restoran icarəyə götürərərk birlikdə işlədiyi Akif Kazımova qarşı dələduzluq edib. Ev satmaq adı ilə saxta sənədlər düzəldərək şərikinin 100 min manatını ələ keçirib.

Cavid Dadaşov şərikli olaraq Akif Kazımovla "Balck City" restoranını işlədib. Restoranı işlədən zaman C.Dadaşovun Akif Kazımova borcu yaranıb. Borcunu ödəyə bilməyən C.Dadaşov bunun qarşılığında A.Kazımova ev satmağı təklif edib.
Belə ki, C.Dadaşov "Kapital Qrup" MMC tərəfindən inşa edilən binada olan, dəyəri 200 min manat olan evi şərikinə satmağa razılaşıb. Tərəflər arasındakı razılığa görə, evin sənədləri, alqı-satqı müqaviləsi Akif Kazımovun həyat yoldaşı Nigar Kazımovanın adına hazırlanacaqmış.

İttihama görə, C.Dadaşov “Kapital Qrup” MMC-nin adından hazırladığı sənədləri, alqı-satqı müqaviləsini Akif Kazımova təqdim edərək ondan bir neçə dəfəyə 100 min manat pul alıb. Akif Kazımov və xanımı aldıqlarını düşündükləri mənzilə baxmağa gedərkən aldadıldıqalrını başa düşüblər. Çünki sənədlərdə göstərilən ev onların yox, başqa şəxsin adına olub.

İstintaq zamanı məlum olub ki, C.Dadaşovun tikinti şirkətinin adından hazırladığı sənədlər printerdən çıxarılmış, saxtalaşdırılmış sənədlər olub. Bu barədə MMC-dən də istintaq orqanına arayış təqdim edilib və C.Dadaşov tərəfindən hazırlanan sənədlərin saxta olduğu bildirilib.

Pulunu geri ala bilməyən Akif Kazımov növbəti dəfə aldadılığını görərək polisə müraciət edib.

Saxlanılan C.Dadaşov barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda törədildikdə) və 302-ci (saxta hazırlama) maddəsi ilə cinayət işi açılıb.

Cinayət işi araşdırılarkən C.Dadaşovun daha bir cinayət əməli üzə çıxıb. Təqsirləndirilən şəxsin Akif Kazımovla şərikli fəaliyyəti ilə bağlı da araşdırma aparılarkən məlum olub ki, C.Dadaşov sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu halda külli miqdarda vergi ödəməkdən də yayınıb. Onun barəsində həmçinin Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsi ilə cinayət işi açılıb.

Vergilər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı məlum olub ki, C.Dadaşov “Black City” restoranını işlədiyyi müddət ərzində 21 min 990 manat vergidən yayınıb.

Məhkəmə istintaqı dövründə zərərçəkmiş kimi tanınan Akif Kazımov ona dəymiş ziyandan cəmi 5 min manatın ödənlidiyini bildirib. Məhkəmədə Vergilər Nazirliyinin nümayəndəsi qismində Ramin Əliyev iştirak edib. Nazirlik nümayəndəsi dəymiş zərərin təqsirləndirilən şəxsdən alınaraq təmsil etdiyi orqana ödənilməsi ilə bağlı mülki iddianı müdafiə edib.

Təqsirləndirilən C.Dadaşov ona qarşı irəli sürülən ittihamlarla özünü qismən təqsili bilib. Şəriki olmuş Akif Kazımova qarşı dələduzluq əməlini etiraf edən C.Dadaşov vergidən yayınması ittihamı ilə razılaşmayaraq belə deyib: “İcarəyə götürüb işlətdiyim obyektə Vergilər Nazirliyinin işçiləri gəldi. Onlar məndən çox pul istədilər. Mən də razılaşmadım”.

Məhkəmədə təqsirləndirilən C.Dadaşov son sözlə çıxış edərkən dəymiş zərəri ödəmək üçün vaxt istəyib: “Mən istəyirəm ki, son söz üçün mənə vaxt verilsin. Həm də bu müddət ərzində dəymiş zərəri ödəməyə çalışım”.

Hakim isə təqsirləndirilən şəxsə xatırladıb ki, məhkəmə istintaqı dövründə dəymiş zərərin ödənilməsi üçün heç bir addım atılmayıb, cəhd göstərilməyib. C.Dadaşovun isə hakimin bu sözlərinə cavabı belə olub: “Burdan zərəri necə döəyim? Məni buraxın ki, gedib dəymiş zərəri ödəyim da”.

Məhkəmə hökmü elan etmək üçün müşavirəyə yollanıbb. Müşavirədən sonra C.Dadaşov barəsində çıxarılmış hökm elan edilib.

Hökmə əsasən Cinayət Məcəlləsinin 178.3.2 və 213.1-ci maddələri ilə təqsirli bilinən C.Dadaşov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə həmçinin zərərçəkmiş Akif Kazımovun 100 min manatlıq, həmçinin Vergilər Nazirliyinin 21990 manatlıq mülki iddialarının təmin edilməsi ilə bağlı qərara çıxarıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26