Interposta.Info

Ermənilər Rusiya üzərində qələbə çaldı – Zahid Oruc

Müxtəlif
 17-05-2017, 10:35     894

Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) ilə bağlı ləğvetmə qərarı iki ölkə arasındakı münsibətlərə zərbə vuracaq.

interposta.info
xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsi ilə bağlı danışan millət vəkili Zahid Oruc deyib. Millət vəkili vurğulayıb ki, bu, az qala Ermənistan Ali Məhkəməsində çıxarılmış qərara bənzəyir:

“Baxmayaraq ki, ötən dövr ərzində 90-cı illər Rusiyasından miras qalan siyasəti bir qədər ortadan qaldırmaq mümkün olmuşdu. Yeltsin dövrünün sanksiyaları, Qafqazda yürüdülən məlum təxribatlar, dövlətçiliyimiz əleyhinə kəşfiyyat fəaliyyətləri, iqtisadi diversiyaları, neft müqavilələrini tanımama xəttinin Putinin idarəçiliyi dövründə bir qədər arxada qaldığı düşünülürdü. Azərbaycanda tədricən Rusiya ilə dostlar da formalaşmaqda idi. Hesab edirəm ki, sonuncu qərar doğurdan da ağılla dərk olunası deyil. Çünki məhz Kremlin mənafeləri və hazırkı dövr dünya ilə onların bəlli səbəbindən dostlarını bir qədər də azaltmaq siyasəti qəbul oluna bilməz. Bu, ilk növbədə, rəsmi Moskvanın öz maraqlarına zərbədir. Bu qərar mahiyyətcə ermənilərin Rusiya dövlətçiliyi üzərində qələbəsi sayıla bilər. Baxın, soydaşlarımız hər zaman orada Rusiya dövlətçiliyinin yanında olublar, terror, radikalizm, dini fundamentalizmə yuvarlanmayıblar, əksinə, Rusiya iqtisadiyyatına milyardlarla dollar töhfə veriblər. Onlar nəinki sadəcə miqrant olaraq yaşayırlar, o cümlədən onların böyük əksəriyyəti artıq ikinci vətən kimi Rusiyanı seçiblər. Bu, yüz minlərlə insanın mənafeyinə toxunan bir qərardır”.

Millət vəkili kimlərin soydaşlarımızın Rusiyada təşkilatlanmasından və vahid bir qüvvəyə çevrilməsindən narahat olmasına, Rusiya və Azərbaycan arasındakı hərbi əməkdaşlığı öz maraqlarına zərbə saymasına və bu dövr ərzində Azərbaycanı və azərbaycanlıları nəinki Kremlin yanında, o cümlədən Kremlin içərisində idarə etmək istədiklərinə də aydınlıq gətirib:

“Zənnimcə, bu suallar artırıla bilər. Burada bizim İtaliyaya qədər gedib çıxan enerji siyasətimizin, Qərblə əməkdaşlığmızın Rusiyanın Avropada maraqlarına zərbə olduğunu düşünənlərin də olduğunu nəzərə alsaq, deməli, antiazərbaycan mövqeyində olan qüvvələr var və mən parlamentdə o şəxsin adını söylədim. Bu, keçmişdə Rusiya Prezident Administrasiyasına rəhbərlik edən, hazırda isə Dumanın sədri olan Vyaçeslav Volodindir. Sözügedən şəxs böyük ambisiyalarla yaşayır, Rusiyanın rəhbəri olmaq iddiasınadadır. Bu, əlbəttə, onların öz daxili işidir. Düşünürəm ki, Azərbaycanı qurban vermək, Qafqazı Çar Rusiyasındakı kimi idarə etmək və həmin üsulları yenidən Rusiya siyasətinə qaytarmaq istəyənlər bu ölkənin gerçəkdən də dostları sayıla bilməzlər”.

Millət vəkili hesab edir ki, Azərbaycan bu məsələ ilə bağlı əks addımlar atarkən çox soyuqqanlı mövqedə olmalıdır:

“Yəni Azərbaycanda rusdilli vətəndaşların hüquqlarını pozmaq, onların da təşkilatlarını ləğv etmək və s. kimi simmetrik qərarlar alınmamalıdır. Əkisnə, bizi Rusiyanın əleyhinə səngərə itələyənlərin gözləntilərinə zərbə vurmalıyıq. Burada Qərbə münasibətlərimizi əlbəttə, yaxşılaşdırmaq tərəfdarlarının bir qədər güclənəcəyini görə bilərik. Antirusiyaçılar bir qədər gücləndilər və Rusiyanın burada dayaqları xeyli sarsılmış oldu. Ancaq nəticə etibarilə soydaşlarımızın işərisində parçalanma yaratmaq, onları bu məsələdə günahkar bilib yeniləri ilə əvəz etməyə cəhd göstərmək də çox yanlış olar. Həmçinin xatırlayırsınızsa, 2012-ci ildən başlayan Milyarderlər İttifaqı üzərindən Azərbaycana münasibət göstərmək istəyənlər, maraqlarına uyğun olan adamlar vasitəsilə təşkilat qurmağa çalışan Kreml texnoloqları unudurlar ki, bu məsələdə yanlış mövqedədirlər. Əminəm ki, qarşıdakı bir ayda soydaşlarımız orada öz mövqelərinin doğru olduğunu sübuta yetirmək üçün daha da ciddi bir intizamla hüquqi müstəvidə addımlar atacaqlar və nəhayətdə bu məsələ ilə bağlı ədalətli qərar veriləcək. Siyasi mövqeləri ortadan qaldırmağın yolu məhz budur. Unutmaq lazım deyil ki, ermənilər Kremlin ətrafında nə vaxt təmərküzləşiblərsə, o vaxt da Rusiya dövlətçiliyi sarsılıb. Yəni azərbaycanlıları Kremlin ətrafından uzaqlaşdıranda onun yerini talançılar, sümürgənlər tutur. Halbuki azərbaycanlılar Rusiya dövlətçiliyinə sədaqətli bir mövqedədirlər. Bunu unutmaq lazım deyil”.

Qeyd edək ki, mayın 15-də Rusiya Ədliyyə Nazirliyinin iddiası əsasında Rusiya Ali Məhkəməsi Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatını ləğv edib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26