Interposta.Info

Rusiya-Azərbaycan əlaqələrində kritik dönəm – Bakı cavab tədbiri görməlidir

Müxtəlif
 17-05-2017, 10:14     567

ÜAK-ın ləğvi iki ölkə münasibətlərinin yaxın perspektivi ilə bağlı ciddi suallar yaradıb; Kremlin ermənini sevindirən de-marşına bir neçə istiqamətli cavab tədbirimiz ola bilər...

Gözlənilən baş verdi: Rusiyadakı azərbaycanlıların ən böyük təşkilatı olan Ümumrusiya Azərbaycanlıları Konqresi (ÜAK) Rusiya Ali Məhkəməsinin qərarı ilə bağlandı. Azərbaycandan məsələ ilə bağlı Moskvaya ünvanlı ən müxtəlif müraciət-çağırışlar, o sırada Azərbaycandakı Rus İcmasının müraciət-xahişi, habelə Bakıdan Moskvaya göndərilən rəsmi emissarların səyləri nəticəsiz qaldı. Məsələni cəmi bir dəfə ertələyən Rusiya məhkəməsi sonucda ləğv hökmü çıxardı.

Nə qədər deyilsə də ki, söhbət sırf hüquqi məsələdən, hüquqi problemdən gedir, istənilən halda bu qərar siyasi mahiyyət daşımaqla Azərbaycana qarşı Kremlin növbəti xoş olmayan məramının göstəricisi sayılmalıdır. Ən azından ona görə ki, Rusiya tutaq ki, ABŞ kimi hüquqi-demokratik dövlət deyil ki, bu qəbildən məsələlər sırf hüquqi çərçivədə həllini tapsın.

Aydındır ki, ÜAK işində konkret olaraq, prezident Vladimir Putinin siyasi iradəsi aparıcı rol oynayıb. Hər necə olmasa, məsələ iki ay idi ki, KİV-lərin mövzusu idi və Rusiya lideri ondan bixəbər ola bilməzdi. Üstəlik, bildiyimiz qədər, hörmətli hüquq professoru İlham Rəhimov da artıq işin içində idi, məsələnin müsbət həllinə çalışırdı.

Əfsus ki, cənab V.Putinin iradəsi ÜAK məsələsində Azərbaycanı incidən, Ermənistanı və erməni lobbisini isə sevindirən yöndə bir qərarla yekunlaşdı. Faktiki surətdə düşmən millətə Moskvanın növbəti ərməğanı təsiri bağışladı. Və bir daha bəlli oldu ki, Rusiyanın dövlət, imperiya maraqları bütün digər maraqlardan öndə gəlir. O da aydın oldu ki, Rusiya rəsmilərinin Azərbaycanı strateji tərəfdaş adlandırması heç də səmimi deyilmiş, boğazdan yuxarı imiş, dildə imiş.
***
Bu, ümumi qənaət olsa da, səbəb-motivlərə bir daha diqqət yönəltmək lazım gəlir. Sual da budur ki, nədən Moskva Bakıya qarşı bu demarşı-etdi və Azərbaycan nədən Rusiyanın qəzəbinə gəlsin ki?

Ötən yazılarımızda da qeyd elədiyimiz kimi, ilk diqqəti çəkən - yəhudi əsilli blogger, həm də Rusiya vətəndaşı olan Aleksandr Lapşinin Azərbaycana ekstradisiya məsələsində rəsmi Bakının göstərdiyi prinsipiallıq məsələsidir. Bu prinsipiallıq, heç şübhəsiz, Moskvanın xoşuna getməmişdi. Çünki ekstradisiyayadək Rusiya XİN başçısı - erməni kökənli Sergey Lavrov, onun sözçüsü - ermənipərəst Mariya Zaxarova və Rusiya ombudsmanı az qala ultimativ tonda, bir az da arxayın şəkildə bəyan eləmişdilər ki, Lapçin ekstradisiya yox, azad edilməlidir. Bəllidir ki, Lavrov həm də Putinin sözünü deyir. Sonrakı proseslər bəlli.

Bundan əlavə, Rusiyanın bu il reallaşdırmağa çalışdığı “Türk axını” layihəsi ilə bağlı narahatlıqları da səbəblər sırasında qeyd edilir. Söhbət gələn il işə salınması nəzərdə tutulan və “Türk axını”na alternativ sayılan Cənub Qaz Dəhlizinə (TANAP, TAP) Kremlin qısqanc münasibətindən gedir. Təsadüfi deyil ki, Rusiya TAP-ın keçəcəyi və “əli çatan” bəzi Avropa ölkələrində neçə vaxtdır bu qaz kəmərinin çəkilişinə əngəllər yaratmağa çalışır.

ÜAK-la bağlı neqativ qərarın motivləri sırasında bütövlükdə Bakıya “əzələ nümayişi” məramı da güdülə bilərdi. İş ondadır ki, Azərbaycan son vaxtlar işğal altındakı ərazilər, Dağlıq Qarabağ məsələsi ilə bağlı da prinsipiallıq sərgiləyir, silahlı qüvvələrimizi durmadan gücləndirir, o sırada qardaş Türkiyə ilə birgə təlimlər keçirir, ortaq hərbi əməkdaşlığı dərinləşdirir. Yəni Ermənistana və onun əsas havadarı Rusiyaya mesaj göndərir ki, mövcud status-kvo qəbuledilməzdir, işğal rejimi sonsuzadək sürə bilməz. Qısası, Bakı müharibə variantına vurğu salır və düz də edir. Eyni zamanda Avrasiya layihələri (Avrasiya Birliyi, Gömrük İttifaqı) ilə bağlı Rusiyanın istəyini neçə vaxtdır iqnor edir.
***
Bütün bunlar, əlbəttə ki, şimal qonşumuzun xoşuna gəlmir. İstisna deyil ki, Azərbaycanın bu qəbildən gedişləri də ÜAK-la bağlı siyasi qərarın verilməsində mühüm rol oynayıb. Bütün hallarda iki ölkə əlaqələrinə neqativ təsir edəcək bir qərar artıq ortadadır və demək, o üzdən Rusiya tərəfi də onun altını çəkməyə hazır olmalıdır. Çünki Azərbaycanın da özünəməxsus adekvat cavab addımları atmaq imkanı var və bu addımlar mütləq atılmalıdır ki, ölkəmiz öz simasını saxlasın. Əks halda, Rusiya bizi mağmın görüb üstümüzə daha güclü şəkildə gələcək - bu, tanıdığımız Rusiyadırsa, ayrı gözlənti ola bilməz.

Yeri gəlmişkən, hətta İrəvan ötən yay - aprel hərbi uğursuzluğundan az sonra Ermənistanda anti-Rusiya etirazları təşkil eləməklə istəyinə nail oldu: Moskva Qarabağ məsələsində, 5 rayon məsələsində ona təzyiq eləməkdən vaz keçdi, üstəlik, ona “İsgəndər” və başqa müasir döyüş sistemləri verdi. Elədirsə, qat-qat müstəqil olan, hərbi və iqtisadi potensialı Ermənistandan dəfələrlə üstün olan Azərbaycan niyə də Rusiyaya öz sanballı sözünü deməsin ki?

Bu SÖZ bir necə istiqamətli ola bilər. Biri elə ÜAK-la bağlı apelyasiya məhkəməsinədək Azərbaycanda rus dilinin mövqeyini, təsir dairəsini azaltmağa yönəlik tədbirlər. Bəllidir ki, MDB dövlətləri arasında Azərbaycan rus dili və ədəbiyyatının güclü təbliğ edildiyi tək-tük ölkələrdəndir. Hətta satellit Ermənistanda belə rusa, onun dilinə belə qayğı yoxdur və bunu hətta Kremlin ideoloqlarından olan Aleksandr Duqin də bir neçə dəfə dilə gətirib. MDB məkanında rus dili məsələsi isə Kremlin ən yaralı yerlərindən biridir.

İkinci cavab tədbiri əlbəttə ki, Rusiya ilə hərbi-texniki əməkdaşlıq səviyyəsini aşağı səviyyəyə salıb, əvəzində Türkiyə, Pakistan, İsraillə silah ticarətini gücləndirmək ola bilər. Paralel surətdə Rusiyaya qarşı sanksiyalar tətbiq edən Avropa Birliyi ilə tərəfdaşlıq, yaxınlıq əlaqələrinə yeni impuls verilməsi mümkündür (Vizasız gediş-gəliş məsələsi və s.)
***
Sonda bir daha vurğulamaq zərurəti var ki, ÜAK-ın ləğvi Rusiya üçün izsiz ötüşməməlidir. Çünki bu, həm də Qarabağla bağlı Azərbaycanın öz mövqeyini qoruması məsələsidir. Bir neçə il öncə Qəbələ RLS-in bağlanması ətrafında baş verənlər də göstərdi ki, rəsmi Bakı yeri gələndə Rusiyaya sərt üzünü göstərə, onu yerində oturda bilər. İndi yenə yeri gəlib.
P.S. Artıq məsələyə Azərbaycan parlamentinin dünənki iclasında da sərt reaksiyalar verilib. Bu barədə ayrıca yazıda tanış ola bilərsiniz./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26