Interposta.Info

Bakı-Moskva münasibətlərində kritik həftə -

Siyasət
 10-04-2017, 10:22     444

Şimaldan strateji tərəfdaşlığa təhlükə - mühüm gözlənti; Sabah Rusiya Ali Məhkəməsi azərbaycanlıların ən böyük diaspor təşkilatının ləğvi məsələsinə baxacaq; qərar nə olacaq: yola davam, yoxsa tamam?; Azərbaycandan Moskvaya etirazlar getdi, nümayəndə heyəti də gedəcəkmi? Gözlər Rusiyada...

Sabah - aprelin 11-də Rusiya Ali Məhkəməsi bu ölkənin Ədliyyə Nazirliyinin iddiası əsasında Rusiya Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) qeydiyyatı məsələsinə baxacaq. Məhkəmənin çıxaracağı qərar sözsüz ki, həm də siyasi mahiyyət daşıyacaq. Ona görə ki, ÜAK Rusiyadakı üç milyonluq azərbaycanlı icmasının ən böyük diaspor təşkilatıdır və onun mövcudluğu iki ölkə əlaqələrinin inkişaf səviyyəsinin mühüm göstəricilərindən biri olmaqla yanaşı, həm də dostluğu simvolizə edən faktordur.
Bəzi ehtimallara görə, təşkilat ətrafında belə xoşagəlməz vəziyyətin yaranmasının birinci səbəbi qurumun getdikcə Rusiya toplumunda təsir və təbliğat rıçaqları qazanmağa başlaması ilə bağlıdır. Yəni güman edilir ki, bu da Rusiyadakı müəyyən məkrli dairələrin narahatlığına səbəb olub. Söhbət sözsüz ki, ən əvvəl Rusiyadakı erməni lobbisindən gedir.
Şübhə yox ki, məsələdə erməni barmağı da var. Unutmaq lazım deyil ki, Rusiyanın bir neçə aparıcı KİV-i bilavasitə erməni millətindən olan şəxslərin nəzarəti altındadır, bir çoxunda isə erməni mənşəli jurnalistlər sanballı postlar tuturlar. Bundan başqa, ermənilər, o sırada çoxsaylı erməni “ekspertləri” Rusiyanın bir çox dövlət, siyasi və ictimai qurumlarında (parlament və s.), elmi dairələri və “beyin mərkəzləri”ndə soydaşlarımızdan fərqli olaraq geniş şəkildə təmsil olunub, kök salıblar. Təbii ki, onlar Azərbaycana qarşı xain planlarında dini (xristian) amilindən də məharətlə istifadə edir, iki ölkə arasına nifaq salmağa, Rusiyadakı diasporumuzu zəiflətməyə çalışırlar. Yəni bu, daha çox şişirdilmiş, süni problemə bənzəyir.

Nəhayət, ÜAK ətrafında problemin yaradılmasında Lapşin insidentinin də təsiri vurğulanmaqdadır. Hesab edilir ki, həm də Rusiya vətəndaşı olan yəhudi bloggerin Moskva rəsmilərini etirazlarına rəğmən, Belarusdan Azərbaycana ekstradisiya edilməsi və ardınca Bakıda onun üzərində istintaq prosesinin başlaması Rusiya rəhbərliyinin xoşuna gəlməyib və onun qüruruna toxunub. O üzdən Moskvanın Bakıdan bu yolla qisas almaq istədiyi zənn edilir. Əlbəttə ki, Rusiyadakı erməni lobbistləri Lapşin olayından da Kremlin Azərbaycanla bağlı mövqeyinə təsir eləmək üçün istifadə ediblər. Söz düşmüşkən, iki gün öncə Lapşinin həbs müddəti daha 3 ay uzadılıb.
Siyasi ekspertlər, ümumiyyətlə, son zamanlar Rusiyadan Azərbaycana qarşı müxtəlif yollarla psixoloji təzyiqlərin göstərildiyinə diqqət çəkirlər. ÜAK-ın sənədlərində guya problem olmasının ortaya atılması da belə təzyiqlərin bir forması sayılır və iki ölkə arasında strateji tərəfdaşlığa əslən adekvat hesab edilmir. Bu və digər səbəblər toplusuna görə əminlik var ki, Rusiya məhkəməsinin çıxaracağı qərar iki qonşu ölkə münasibətlərində izsiz ötüşməyəcək, hətta bu münasibətlər korlana bilər.
*****
Bəs, Rusiya Ali Məhkəmənin qərarı necə olacaq, məhkəmə siyasi reallıqları ciddiyə alacaqmı? Yeri gəlmişkən, Moskva rəsmiləri daima Azərbaycanla əlaqələrin strateji tərəfdaş xarakteri daşıdığını vurğulamağı sevirlər. Onu da yaddan çıxarmaq olmaz ki, Rusiya Dağlıq Qarabağ məsələsində üç vasitəçi dövlətdən biridir. ÜAK-ın ləğvi isə Moskvanın ədalətli vasitəçi imicinə növbəti zərbəni vura, Rusiyaya qarşı Azərbaycan ictimai rəyində onsuz da mövcud olan etimadsızlığı daha da gücləndirə bilər.

O səbəbdən hər iki tərəfin, ələlxüsus da Rusiya tərəfinin maksimum diqqətli olması gərəkir. Hər necə olmasa, münasibətləri korlamaq qat-qat asandır, nəinki onları bərpa eləmək. Hələ də normallaşmayan Gürcüstan-Rusiya münasibətlərində bunu əyani görmək olar. Ümid edək ki, vəziyyət pis ssenari üzrə inkişaf etməyəcək. Çünki Azərbaycan bu gün Rusiyaya Ermənistandan heç də az gərək deyil.

Bu xüsusda iki ölkə münasibətlərini korlamaq gücündə olan bir neqativ sonucdan qaçmaq, təxribat xarakterli bir cəhdi durdurmaq üçün Azərbaycandan Rusiyaya rəsmi nümayəndə heyətinin göndərilməsi də yalnız işin xeyrinə olardı. Yəqin ki, qapalı diplomatik kanallarla rəsmi Bakı gərəkəni edir. Azərbaycan parlamentinin son iclasında məsələ ilə bağlı səslənən və yüzdə yüz rəsmi Bakının mövqeyini əks etdirən ciddi narahatlıqlar, şimala ünvanlı çağırış və mesajlar, hətta xəfif xəbərdarlıqlar da yəqin ki, ünvanına çatacaq və təsirsiz ötüşməyəcək.
*****
Bir daha xatırladaq ki, ÜAK mərhum dövlət başçısı Heydər Əliyevin təşəbbüsü ilə təsis olunub və konfransda Rusiya prezidenti Vladimir Putin da iştirak edib. Bundan başqa, Azərbaycan və Rusiya prezidentləri ÜAK-ın qurultaylarına təbrik məktubları göndəriblər, qurumun fəaliyyətini yüksək qiymətləndiriblər.

Ötən ilin dekabrında Moskvada ÜAK-ın IV Qurultayında təşkilatın rəhbər orqanlarına yeni seçkilər keçirilib. Səsvermə nəticəsində tanınmış ictimai xadim, tibb elmləri namizədi, professor Fazil Qurbanov qurumun yeni prezidenti seçilib. Qurultayda ÜAK-ın Rəyasət Heyəti və Mərkəzi Şurasına yeni üzvlər də seçilib.

Qurumun vitse-prezidentləri sırasında da kifayət qədər tanınmış şəxslər yer alıb. Məsələn, Mixail Qusman, dünyada tanınmış iş adamları Qod Nisanov, İsgəndər Xəlilov və dünya şöhrətli rəssam Tahir Salahovun adını çəkmək kifayətdir. Son qurultayda isə Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Rusiyanın 78 bölgəsindən 200-dən artıq təmsilçi də iştirak edib./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26