Interposta.Info

Avropa Bakıda 200 milyonu kimlərə verib? –

Müxtəlif
 20-04-2017, 09:46     656

Dünən Bakıda “QHT-lərə dair Azərbaycan qanunvericiliyi və praktikasının Avropa standartlarına uyğunlaşdırılması” adlı konfransı baş tutub. Konfransda çıxış edən Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard açıqlama verib ki, son 10 ildə Avropa İttifaqı Azərbaycanın 70 qeyri-hökumət təşkilatına 90 milyon avro qrant ayırıb.

Bu haqda Axar.az saytına açıqlama verən BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı deyib ki, Avropa İttifaqının nümayəndəsinin bu acıqlaması çox ciddi bir hadisədir və bu vəsait 70 QHT arasında bölüşdürülüb: “Xanım Malena Mard çıxışında dedi ki, 90 milyon avro, yəni 200 milyon manatdan artıq bir vəsait Azərbaycanda fəaliyyət göstərən QHT-lərə qrant şəkilində verilib. Bilirsiniz ki, Azərbaycanda rəsmən qeydiyyatdan keçən 3000-dən artıq QHT fəaliyyət göstərir. Belə olan halda niyə məhz bu qədər vəsaiti yalnız 70 QHT-yə ayrılıblar? Hansı kriteriyanı əsas gətiriblər ki, bu vəsait yalnız bunlara verilib?! Ən vacib sual budur ki, bu 70 təşkilat hansılardı?! Göründüyü kimi, çox ciddi suallar var. Artıq bu gün ölkənin çox tanınmış jurnalistlərindən biri - Azər Ayxan, o cümlədən QHT sədri Novella Cəfərova bu məsələ ilə bağlı sosial şəbəkədə öz münasibətlərini bildiriblər”.

Niyaməddin Orduxanlının sözlərinə görə, Azərbaycan cəmiyyəti də bu qədər vəsaitin kimin hesabına köçürüldüyünü və hansı məqsədlər üçün istifadə edildiyini bilməkdə maraqlı olmalıdır:

"Göründüyü kimi, əgər ölkənin məşhur jurnalistləri, QHT sədrlərinin bununla bağlı heç bir məlumatı olmayıbsa, deməli, bu vəsaitlərin hansı təşkilatlara ayrılması ciddi şəkildə araşdırılmalıdır. 70 QHT-nin adı bir-bir cəmiyyətə təqdim olunmalıdır. Bunun üçün ölkənin media qurumları araşdıma kimi Avropa İttifaqına sorğu göndərib, cavab almalıdır. Məncə, Avropa İttifaqı da maraqlı olmalıdır ki, bu təşkilatların kimliklərini Azərbaycan cəmiyyətinə çatdırsın...”

Qeyd edək ki, Azər Ayxan olaya bu cür reaksiya verib: “Tam bir yeyinti, saxtakarlıq layihəsidir. Hansı QHT kənddə yaşayan neçə qadının işlə təmin olunmasına yardım göstərib?! Rəqəm açıqlasınlar, biz də bilək. Ən əsası, bu korrupsiya layihəsindən pul silən QHT-lər desinlər görək, hansı jurnalistə treninq keçiblər? “Yeni Müsavat” media qrupunda onlarla jurnalist çalışır, son illər onların hansısa treninqə dəvət edildiyini xatırlamıram. Demək, mənim, sənin, onun adıyla bu qeyri-hökumət lotuları milyonlarla pul silir. Sonra da bizi bəyənmirlər, absurd məsələlərdə ittiham edirlər”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26