Interposta.Info

Meyxanaçı Vüqar:

Mədəniyyət
 2-10-2017, 19:41     10 725

“Rəşad Dağlı ilə Nicatın məsələsi haqda açıqlama verməmişəm”

Meyxanaçı Vüqar Əbdülov həmkarları Rəşad Dağlı və Nicat Mənalı arasında toyda baş verən qalmaqala münasibət bildirməsi müzakirələrə səbəb olub. Belə ki, big.az saytına açıqlama verən meyxanaçı həmkarı Rəşad Dağlıya haqq qazandırıb:

“Toyda elə hal olub ki, mənim də sözüm kəsilib. Qafiyəyə hazır olmamışam, ona görə həmkarım məndən öncə meyxana deməyə başlayıb. Lakin burda vəziyyət yəqin ki başqadır. Rəşad boş yerə adam döyüb, toya qan-qaraçılıq salmaz. Mən də onun yerində olsam, sözümü kəssələr, nalayiq söz işlətsələr, əlbəyaxa olardım”.

Meyxanaçı Vüqar Əbdülovun bu açıqlaması həm sosial şəbəkələrdə, həm də həmkarları arasında birmənalı qarşılanmayıb.

Lakin məsələ ilə bağlı “Yeni Müsavat”a danışan meyxanaçı açıqlamanı təkzib edib:

“Mən bu məsələyə ümumiyyətlə münasibət bildirməmişəm. Sadəcə müxbir məndən Rəşad Dağlının nömrəsini soruşdu. Daha sonra isə bildirdi ki, belə bir hadisə olub, münasibət bildirin. Mən isə bildirdim ki, meyxananın qanunları var. İndi çoxları bu qanunlara riayət etmir. Adətən qafiyə tutan adam, elə özü də qafiyəni bağlamalıdır. Yəni müəllif kimi sağ-solnan məsləhətləşirlər ki, bağlayaq bu qafiyəni, ya dəyişək? Bəlkə birinin sözü var, ya başqa fikri var. Bu mənada qafiyəni başqasının bağlamağa ixtiyarı yoxdur. Bu, pis bir şeydir. O qalmaqala gəldikdə isə, Rəşad ümumiyyətlə qalmaqallı adam deyil, yəqin ki, nəsə olub ki, əsəbiləşib. Lakin məlumatım yoxdur. Müxbir isə mənim adımdan öz bildiyini yazıb”.
Vüqar deyib ki, ona maraqlı deyil ki, meyxanaçılar toyda özlərini necə aparırlar: “Mənə nə, mən özümə cavabdehəm. Kiminsə əriştəsini və ya şorbasını qızdırmıram. Bunu toy sahibi bilər. Ümumiyyətlə sənətkarların heç birinin ixtiyarı yoxdur ki, şəxsi prinsiplərini camaatın toyunda xərcləsinlər. Kimin kiminləsə söhbəti varsa, bunu camaatın toyuna niyə saxlayırlar?! Gedib onu başqa yerdə, başqa şəraitdə həll etsinlər. Amma şəxsən mən Rəşad və ya Nicat haqlıdır deyə fikir səsləndirməmişəm, bundan sonra da deməyəcəm. Nicat sonradan açıqlama yayıb ki, biz qardaşıq, toyda aramızda söz-söhbət oldu, əsəblərimizi cilovlaya bilmədik, sonra barışmışıq və sairə.

“Məclisdə klounlardan sonra mənə söz verilməsini heç xoşlamıram”


Meyxana ustası musavat.com-a onu da deyib ki, sözügedən hadisəni böyütməyin tərəfdarı deyil: “Sadəcə mənim adımdan olmayan açıqlama yayımlanıb”.

Meyxanaçı adı çəkilən saytı məhkəməyə verəcəyini deyib:

“Əgər sayt məlumatı təkzib etməsə, məhkəməyə verəcəm. Başqaları da deyir ki, məhkəməyə verim. Məni incidən odur ki, yaxınlarım elə birli ki, mən o sözü demişəm və məni qınayırlar ki, “sənin nə işinə qalıb?”

Vüqar Əbdülov bəzi tele-jurnalistlərdən də gileylənib:

“O gün Manaf Ağayevin oğlunun toyunda televiziyalardan birinin müxbiri gəlib mənə sual verir ki, “toyda sizin çıxışınızın vaxtında başqası çıxış edərsə, sizə necə təsir edər?”. Dedim ki, “hörmət etdiyim bir sənətkar olarsa, mən yerimi ona verməyə hazıram. Lakin toya 9-da dəvət edib, 11-dək söz verməyəndə, iki saat ərzində artıq psixoloji olaraq yoruluram, təbim ölür, hansı təblə ki gəlmişdim, artıq o enerjini itirirəm. Ona görə də əslində hər kəs öz yerində çıxış etsə yaxşıdır. Bir də önəmlidir ki, məndən əvvəl çıxış edən müğənni nə oxuyacaq, necə bitirəcək ki, mən o tempdə çıxışımı qurum. Ən bəyənmədiyim klounlardan sonra mənə söz verilməsidir. Çünki klounların gəlib uşaqlarla əylənməsindən sonra heç cürə o auditoriyanı toplaya, meyxanaya diqqət yarada bilmirəm. Mən buna qəti icazə vermərəm. Götürüb cavab kimi həmin mənim “vermərəm” sözümü veriblər, vəssalam. Bu nə dərəcədə doğrudur?! Mən qalmaqal istəmirəm. O tərbiyənin sahibi deyiləm. Buna görə də jurnalistlərə müsahibə vermək istəmirəm. Hərə informasiyanı bir cür qavrayır, başa düşür. Bu cür neqativ məlumatların ötürülməsi doğru deyil”.

Məsələ ilə bağlı qarşı tərəfin - big.az saytının da mövqeyini öyrənməyə çalışdıq. Saytın əməkdaşı olayda anlaşılmazlıq olduğunu bildirib:

“Sadəcə anlaşılmazlıq olub. Tezliklə meyxanaçının özü məsələ ilə bağlı saytımızın əməkdaşına müsahibə verəcək və məsələyə geniş aydınlıq gətiriləcək”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26