Interposta.Info

“Bir filmə çəkiləndə, bir “Jiquli” ala bilirdik” -

Mədəniyyət
 5-06-2017, 18:25     1 041

ARB TV-nin “Ömrün fəsilləri” verilişinin növbəti qonağı xalq artisti, aktyor İlham Namiq Kamal olub.

Aktyor söhbətə çəkildiyi ilk ekran işindən bəhs edərək başlayıb:

“Azərbaycan televiziyasında ilk böyük işim Tahir Tahirovun quruluşunda Dostoyevskinin “Bəyaz gecələr” tamaşası olub. Heyifislənirəm ki, o vaxtlar video yox idi, lentlər saxlanılmırdı. Heç vaxt teatr insanı bir o qədər də populyar edə bilməz. Bu mümkün deyil. Tutaq ki, həftədə 3-4 dəfə tamaşa olur, 300-400 nəfərlik zalla sən necə bu məmləkətdə tanına bilərsən? Amma televiziya, kino elədi ki, bunların sərhədi yoxdu. Tofiq müəllim həmişə çox gözəl söz deyirdi ki, aktyor adi insanlardan seçilməməlidir. Normal, sadə bir insan olmalıdır. Biri var gülməli adam, biri də var gülüş yaradan, xarakterik aktyor. Bunlar tam başqa-başqadır. Biri qaz səsi çıxarır, bəstəboydur gülməlidir. Biri də var sən sadə, normal bir insansan, amma səhnədə elə bir xarakteri təqdim edirsən ki, tamaşaçı istər-istəməz sənə gülür. Bir başqa prizmadan da götürəndə, istəyirsən dramatik rol oyna, istəyirsən faciyə, istər komediya, aktyor sənətinin qüdrətlərindən biri də odur ki, ayaqyalın ülgücün üstündə elə gəzməyi bacarasan ki, dabanın qanamasın. Əndazəni biləsən. Onda tamaşaçı səni izləyəcək”.

Daha sonra yeni çəkilən komediya filmlərindən danışan xalq artisti, filmlərə baxmadığını və filmlərin uğursuzluğunun səbəbini rejissorlarda görüb:

“Heç birinə baxmamışam. Dövlət səviyyəsində elə bir komediya çəkilməyib ki, mən baxım. Bu dəqiqə insanlar heçnədən məşhurlaşmaq istəyir, hamı filmə çəkilmək istəyir, hamı görsənmək istəyir ki, məni qonşumuz tanısın. Bu bir bəladır. Bu bəladan nə vaxtsa qurtarmaq lazımdır.

Biz o vaxtı universteti də bitirmişdik, ali təhsilimiz də var idi. Bizi peşəkar rejissorlar çəkirdi. İndi Hüseyn Seyidzadədən varmı ki, yeni bir film çəksin. Birinci rejissordu. Senarini də o seçir. Adi “Qayınana” filmində mənlə bərabər 12 nəfər İlqar obrazına sınaq çəkilişinə çəkilmişdi. Azərbaycanın elə bir aktyoru yoxdu ki, o dövrdə İlqar obrazına sınaq çəkilişinə çəkilməsin. Bütün üzdə olan və dünyasını dəyişən aktyorlar. Elə oldu ki, rejissor dedi ki, bu aktyoru istəyirəm”.

Sonda aktyor seriallardan ona maraqlı təklif gəlmədiyini açıqlayıb:

“Maraqlı təklif yoxdu hələ. Maraqlı təklifin arxasında gərək maraqlı maddi durumu da olmalıdı. Onda biz bir filmə çəkiləndə gedib bir “Jiquli” ala bilirdik”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26