Interposta.Info

“Eurovision-2017” -

Mədəniyyət
 11-05-2017, 12:15     674

Ölkəmizi Diana Hacıyeva “Skeletona” mahnısı ilə təmsil edir

Məlum olduğu kimi, mayın 9-da Kiyevdə “Eurovision - 2017" yarışmasının ilk yarımfinalı keçirilib. Gecədə 18 ölkənin təmsilçisi iştirak edib. 15 dəqiqəlik səsvermədən sonra finala vəsiqə qazanmış ölkələrin adları təqdim olunub. Bunlar Azərbaycan, Moldova, Yunanıstan, İsveç, Portuqaliya, Polşa, Ermənistan, Avstraliya, Kipr və Belçikadır.

Xatırladaq ki, ölkəmizi Diana Hacıyeva “Skeletona” mahnısı ilə təmsil edir. Təmsilçimiz mayın 13-də keçiriləcək finalda səhnəyə ilk hissədə çıxacaq. Finala birbaşa vəsiqə qazanan ölkələr isə bu il ev sahibliyi edən Ukrayna, Fransa, İtaliya, İspaniya və Böyük Britaniyadır. Halbuki Rusiya da bu il finala birbaşa vəsiqə alan ölkələrdən biri idi. Çünki ötən il Rusiya finalda 3-cü sırada yer almışdı. Lakin məlum Rusiya-Ukrayna arasındakı “Eurovision” qalmaqalı üzündən bu il Rusiya yarışmadan kənarda qaldı.

Ruslarsız “Eurovision”...

Nəticədə bu il “Eurovision - 2017" Rusiyasız start götürdü. Rusiya bundan heç də məyus olmadığını göstərməyə çalışaraq əvəzində ilk yarımfinal gecəsi təmsilçisi Yuliya Samoylovanı yenidən Krıma göndərərək, ona möhtəşəm konsert təşkil etdi. Belə ki, müğənni yarımfinal keçirilən vaxtda Krımın Sevastopol şəhərində Qələbə Günü münasibətilə təşkil olunan konsertdə çıxış edib. Rusiya mətbuatı bu xəbəri ”Yuliya Samoylova Qələbə Günündə Sevastopolda “partlatdı”" başlıqları ilə dərc edib. Məlumata görə, müğənni çıxış edərkən güclü yağış yağıb. Lakin buna baxmayaraq, konsert davam edib və konsertə minlərlə insan qatılıb. Onların arasında şəhər sakinləri və müharibə veteranları olub. Yuliya Samoylova şəhərin mərkəzində, Naximov meydanında quraşdırılan səhnədə əfsanəvi “Qələbə günü” mahnısını ifa edib. Onu bayram münasibətilə şəhərin qubernatoru Dmitri Ovsyannikov təbrik edib. Müğənni konsertdə iştirak edən minlərlə pərəstişkarı üçün “Molitva”, “Solovi”, “Da zdrastvuet mir”, “Stena”, “Flame is burning” mahnılarını da ifa edib. Konsertin sonunda müğənni yenidən pərəstişkarları ilə birlikdə “Qələbə Günü” mahnısını ifa edib.

Xatırladaq ki, rusiyalı təmsilçi Yuliya Samoylova 2015-ci ildə Rusiyanın işğal etdiyi Krımda konsertdə iştirak etdiyi üçün Ukrayna onu “qara siyahı”ya salıb. Buna əsasən müğənni 3 il ərzində Ukraynaya daxil ola bilməz. Bu səbəbdən müğənni Rusiyanın apardığı çoxsaylı mücadiləyə baxmayaraq, “Eurovision- 2017" yarışmasından kənarda qaldı. Qeyd edək ki, müğənni Yuliya Samoylova birinci qrup əlildir, o, uşaqlıqdan əlil arabasında hərəkət edir. İddialara görə, Rusiya onu məhz əlil olduğu üçün ölkə təmsilçisi seçmişdi. Lakin bütün bunlar bir işə yaramadı.
“Eurovision-2017” -


“Azərbaycana birincilik lazım deyil”

“Mən inanıram ki, ilkin sıralarda biz də olacağıq. Amma yəqin ki, yüz faiz birinci olmayacağıq, bu yeri istəmərik, hər halda”. Bu sözləri aparıcı, müğənni-bəstəkar Murad Arif təmsilçimizin performansını dəyərləndirərkən deyib. M.Arif qeyd edib ki, əvvəlki illərdən fərqli olaraq ölkə təmsilçimizin performansı daha yaxşı vəhdət təşkil edir: “Elə bir şərait yaradılmazdı ki, azərbaycanlı təmsilçi finala keçməmiş geri qayıtsın. Yəni özümüz bu şəraiti yaratmazdıq. Mən təmsilçimizin performansını çox bəyənirəm. Hətta əvvəlki illərə baxanda onun performansında, musiqi və səhnə arasında çox vəhdət var. Mahnı da trenddir, düzgün seçilib. Mən hələ 2006-2007-ci illərdə deyirdim ki, nə olar ki, Diananı da ”Eurovision" yarışmasına göndərin. Amma qeyd etdiyim kimi, birincilik müəyyən xərclərlə bağlıdır. Əsas odur ki, Diana yaxşı çıxış etsin, onluğa düşə bilək. Mənə elə gəlir ki, bizim hazırda istədiyimiz nəticə budur".

O, digər ölkələrin təmsilçilərindən də söz açdı:

“Məni bir İsveç və Portuqaliya təmsilçisi qane edib, diqqətimi çəkib. Bu ölkələri tamamilə birinci sıralarda görürəm”.
Qeyd edək ki, “Eurovision - 2017"nin ikinci yarımfinalı mayın 11-də, final mərhələ isə mayın 13-də keçiriləcək./musavat.com

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26