“Biz insanlar üçün nümunəyik” – Nazənin -
“2017-ci ildə iki nəvəm dünyaya gəldi. Birinin adını Nazənin qoyduq, o birinin adını isə atamın adı ilə Rəhim qoymuşuq. İndi avtomobilə oturan kimi görüntülü zəng edəcəm. Oxumağa başlayan kimi bir oynayacaq ki, gəl görəsən”.
interposta.info xəbər verir ki, bu sözləri müğənni Nazənin “ARB Ulduz”un “Şou-məkan” proqramına qonaq olarkən deyib.
Ailəsinin və izləyicilərinin qarşısında başıaşağı olacaq heç nə etmədiyini dilə gətirən müğənni, hətta düşmənlərinə belə xoş gün arzuladı:
“Mən övladlarımın qarşısında, ailəmin qarşısında, qardaşlarımın, tamaşaçıların, sizin qarşınızda başıaşağı olacağım heç nə etməmişəm. Başım dik gəzirəm. Allah mənim düşmənlərimə də gözəl gün nəsib etsin. Gözəl günə başları qarışsın, Nazənin yadlarından çıxsın. Onlar pis gün yaşasalar, fırlanıb gəlib Nazənindən yapışacaqlar”.
Üçüncü övladının adını artıq özünə təxəllüs olaraq götürən Nazənin xanım ailəsini kamera önünə çıxarmaq tərəfdarı olmadığını söylədi:
“Oğlum Orxan bağçaya gedir. Gələn il məktəbə gedəcək. O, bizim sevinc qaynağımızdır. Mənə bundan sonra Nazənin yox, Nazənin Orxan deyə müraciət edə bilərsiniz. Artıq oğlumun adını özümə təxəllüs götürmüşəm. Allah bütün Orxanları saxlasın. Mənim övladlarım həmişə kameradan kənar olublar. Mən heç vaxt ailəmi çəkib, ictimailəşdirməmişəm. Çünki buna nə həyat yoldaşımın, nə də övladlarımın tərbiyəsi yol verir. Orxan da ki hələ balacadır deyə, hərdən “İnstaqram”da şəkillərini yerləşdiririk. Bir müddət sonra Orxan böyüyəcək, heç o da olmayacaq”.
O, saçlarını sarı rəngdə etməsindən də bəhs edib:
"Arada saçlarımı qapqara etdim, bir ara qəhvəyiyə boyadım. Gördüm ki, mənə yaraşmır. Sonda Könül Kərimova dedi ki, əgər saçlarını saraltmasan, səninlə ömürlük danışmayacam. Saçlarım sarı olmayanda elə bil ki, Nazənin olmuram. Elə bilirəm ki, güzgüdə başqa bir adamam. Stilist Anar Ağakişiyevlə də, Pərvizlə də işbirliyim var. Onlar da mənə başqa saç rənglərini yaraşdırmadılar”.
Sənət adamlarının hər zaman göz önündə olduğunu diqqətə çatdıran müğənni görünüşün önəmli olduğunu xüsusi vurğuladı:
“Hər kəs gəlir bizimlə şəkil çəkdirir. Məclislərdə oynayırıq, hamı baxır. Görüntülər sosial mediyada paylaşılır. Ona görə də dırnaqlarımdan tutmuş ayaqqabılarıma qədər hər şey səliqəli olmalıdır ki, insanlar nəyisə bizə irad tutmasınlar. Biz onlar üçün nümunəyik”.
Son olaraq, Nazənin xanım sənət boxçasına göz gəzdirib yaradıcılıq yeniliklərindən danışdı:
“Ruslan Səfəroğlundan, Hikmət Aslanovdan yeni mahnılarım var. “Ölərəm o an” və “Səni sevərəm”, bu iki mahnı yenə hit oldu. Hazırda “Ömrüm” adlı mahnım var. Doğum günü üçün yazılıb”.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26