Interposta.Info

Rusiya “Eurovision”dan kənarda qaldı

Maqazin
 15-04-2017, 11:25     458

Rusiya teleşirkəti qərar verdi, müsabiqəni yayınlamayacaq

Rusiya-Ukrayna arasındakı “Eurovision” qalmaqalı dünya mətbuatı tərəfindən diqqətlə izlənilməkdədir. Artıq Rusiyanın 1-ci kanalı, təmsilçi Yuliya Samoylovaya viza vermədiyi üçün yarışı yayınlamayacağı haqda qərar verib. Avropa Yayım Birliyi (EBU) isə bundan sonra Rusiyanın müsabiqədə iştirak etmək şansının qalmadığını açıqlayıb. Məlum olduğu kimi Ukrayna Rusiyanın işğal etdiyi Krıma getdiyi üçün Yuliya Samoylovaya viza verməkdən imtina edib. EBU isə Ukraynanın bu addımını qınayaraq müsabiqəni siyasiləşdirməməyə çağırıb. Qeyd edək ki, Ukraynanın bu qadağasından sonra EBU Rusiyaya bəzi alternativlər təqdim etmişdi.

EBU Samoylovanın müsabiqəyə Rusiyadakı bir studiyadan qatılmağını və ya Rusiyanın başqa bir nümayəndə göndərməsini təklif etmişdi. Rusiya tərəfi isə alternativ təklifləri qəbul etmədi. Lakin Rusiya teleşirkəti hər iki təklifi rədd edərək müsabiqəni yayınlamamağa qərar verib.

Xatırladaq ki, bu günlərdə Avropa Yayım Birliyi tərəfindən Ukraynanın son anda “Eurovision”a ev sahibliyi etməkdən məhrum oluna biləcəyi, əvəzinə isə yarışmanın Almaniyada keçiriləcəyi ilə bağlı fikirlər səslənmişdi. Lakin son anda qurumun baş direktoru İnqrid Deltenre açıqlama verərək bildirdi ki, yarışma Ukraynada keçiriləcək. Halbuki bundan əvvəl İnqrid Deltenre açıq şəkildə Rusiyanın tərəfində olduğunu nümayiş edərək, təşkilatçıların iştirakçıları müsabiqədən çıxarmasının yolverilməz olduğunu, bunun qayda pozuntusu olduğunu qeyd etmişdi. Qurum direktoru bununla kifayətlənməyib demişdi ki, “Ukrayna ötən il keçirilən yarışmada səhvən qalib gəlib və ”Eurovision"ın Kiyevdə keçirilməsi yanlışdır".

Beləliklə Ukrayna inadkarlıq edərək öz prinsipləri üzərində qaldı və rusiyalı təmsilçi Yuliya Samoylovanı 2015-ci ildə Ukrayna qanunvericiliyinə zidd olaraq Krımda konsert verdiyi üçün öz ölkəsinə qoymadı. Rusiya da bu inadkarlıq qarşısında geri çəkilməli oldu. Qərara əsasən rusiyalı təmsilçi “qara siyahı”ya düşdüyü üçün 3 il ərzində Ukraynaya daxil ola bilməz. İddialara görə Avropa Yayım Birliyinin son qərarları, bu və ya digər məsələlərin kontekstində, Avropa Krım və Donbas məsələsindən sonra daha çox Ukraynanın yanında olduğunu göstərməyə çalışır.

“Zənnimcə, bu, başqa cür ola bilməzdi. Bir ölkə əgər müstəqil bir ölkənin ərazisini işğal edir və orada aqressiv separatizmə dəstək verirsə, sonra da onun işğalçı qoşunlarının böyük bir hissəsi işğal olunmuş ərazilərdədirsə, qondarma respublikanın yaradılmasına Rusiya yardım göstərirsə, belə bir ölkənin Ukraynada keçiriləcək ”Eurovision" müsabiqəsinə buraxılıb-buraxılmaması üçün təşkilatçı ölkənin səyləri başa düşüləndir".

Bu sözləri politoloq Qabil Hüseynli mövzunu şərh edərkən “Yeni Müsavat”a açıqlamasında bildirib. Politoloq qeyd edib ki, bununla da təşkilatçı ölkə işğalçı ölkənin tanınmasını istəyir:

“Hələ də BMT və digər beynəlxalq təşkilatlar Rusiyanı işğalçı ölkə kimi tanımaq barədə qərarlar qəbul etməyiblər. Baxmayaraq ki, onların bununla bağlı etimadları var. Sadəcə olaraq bu məsələ üzərinə getmək istəmirlər. Ukrayna tərəfi həm də Rusiyanın gələcəkdə etimad edilən təxribatlarına da diqqət çəkmək istəyir. Çünki tez-tez müxtəlif xarakterli qəzet yazılarında, televiziya çıxışlarında Rusiyanın Kiyevə qədər hərəkət edə biləcəyini və Ukraynanın yenidən Rusiyanın tərkibinə daxil edilməsini gerçəkləşdirə biləcəyini göstərmək istəyir. İşğalçı bir dövlətin incəsənət bayramında nə işi ola bilər? Və işğala məruz qalmış ölkə öz heysiyyatını, ləyaqətini necə qorumalıdır? Fikrimcə, işğala məruz qalmış ölkə beynəlxalq hüquq normalarına uyğun olaraq, işğalçı ölkəni öz ərazisində keçirilən mühüm incəsənət yarışmasına buraxmaya bilər. Bu onun tam hüququdur və burada onu kimsə qınaya bilməz”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26