Interposta.Info

 

“BQXK-nın Qarabağdakı fəaliyyəti legitim deyil” - ŞƏRH + FOTO

Manşet
 11-07-2023, 16:06     212

“Azərbaycanın Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) əməllərinə qarşı atdığı addım ölkə qanunvericiliyinə və beynəlxalq hüquqa tamamilə uyğundur. Çünki bura Azərbaycanın legitim ərazisidir və orada bütün fəaliyyət göstərən həm yerli, həm beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan qanunvericiliyinə hörmətlə yanaşmalıdırlar”.

Bu fikirləri Oxu.Az-a açıqlamasında Regional İnsan Hüquqları və Media Mərkəzi İctimai Birliyinin sədri Xalid Kazımov deyib. QHT sədrinin sözlərinə görə, Dövlət Sərhəd Xidmətinin aşkarladığı faktlar onu göstərir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi faktiki olaraq qaçaqmalçılıqla məşğul olur:


“BQXK-nın nümayəndələri bu günə qədər humanitar yardım adı altında qanunsuz şəkildə Qarabağa müxtəlif mobil telefonlar, yanacaq və s. məhsullar daşıyıblar. Bu barədə hər hansı formada Azərbaycanın aidiyyəti dövlət strukturlarına, həmin ərazidə fəaliyyət göstərən məsuliyyətli qurumlara bəyan edilməyib.

Faktlar həm də onu düşünməyə əsas verir ki, bu günə qədər Qarabağ ərazisində, ermənilərin yaşadıqları Azərbaycan əraziləri ilə həmsərhəd zonalarda müxtəlif mina partlayışları, silah-sursat daşınması və ya Azərbaycan Ordusunun mövqelərinin mütəmadi olaraq atəşə tutulması üçün istifadə edilən silahların oraya daşınmasında BQXK-nın da əli ola bilər. Bunun belə olmadığına kimsə zəmanət verə bilməz. Ona görə hesab edirəm ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin Qarabağdakı fəaliyyəti legitim deyil, qanunsuzdur.

İkincisi, faktiki olaraq, həyata keçirdikləri fəaliyyət humanitar normalara uyğun deyil. Onlar humanitar yardım göstərmək əvəzinə, qaçaqmalçılıqla məşğul olurlar. Buna görə də Dövlət Sərhəd Xidmətinin atdığı addımlar doğru qərardır. Nə qədər ki həmin ərazidə Azərbaycan qanunlarının işlənməsi tam olaraq təmin edilməyib, analoji addımların atılması qaçılmazdır.
Digər bir tərəfdən, Azərbaycanın özü ötən müddət ərzində dəfələrlə tibbi yardıma ehtiyacı olan və həmin ərazidə yaşayan ermənilərə tibbi yardım göstərib, humanitar yardıma ehtiyacı olduqda humanitar yardımlar edib. Rəsmi qurumlar dəfələrlə açıqlama verib ki, Azərbaycan Respublikasının Ağdam rayonu ərazisində həmin şəxslər ərzaq və digər təminatlarını həyata keçirə bilərlər. Bütün bu yollar açıq olduğu halda, birtərəfli mövqe tutan, beynəlxalq və yerli qanunlara hörmətsiz yanaşan qurumların əli ilə əraziyə humanitar yardım adı altında qeyri-qanuni daşınmaların qarşısı alınmalı idi. Hətta bu, bir qədər gecikmiş tədbirdir”.

Qeyd edək ki, Ermənistan ilə dövlət sərhədində “Laçın” sərhəd-buraxılış məntəqəsi fəaliyyətə başladığı tarixdən BQXK-ya məxsus nəqliyyat vasitələrinin dövlət sərhədindən hərəkətinə lazımi şərait yaradılıb, müvafiq qaydada sərhəd və gömrük nəzarətindən keçməklə dövlət sərhədindən buraxılıblar.

Azərbaycan Dövlət Sərhəd Xidmətindən bildirilib ki, ötən müddət ərzində DSX əməkdaşları tərəfindən BQXK-ya aid nəqliyyat vasitələrində dəfələrlə qanunsuz yolla müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdləri aşkarlanıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26