Interposta.Info

Beynəlxalq Qızıl Xaç Komitəsini məhkəməyə verən əməkdaşın kimliyi məlum oldu

Ölkə / Manşet
 24-02-2023, 21:58     299

"İnterPosta" xəbər verir ki, Bugun.tv -nin davamlı araşdırmalarının nəticəsi olaraq, BQXK-nı məhkəməyə verən yerli əməkdaşın kimliyini müəyyən edilib. Məlum olub ki, həmin şəxs BQXK-nın Bərdə şəhərində yerləşən nümayəndəliyinin əməkdaşı Vüqar Əliyevdir. O, BQXK-ya qarşı Nərimanov rayon məhkəməsində mülki iddia qaldırıb. Martın 7-də məhkəmənin hazırlıq iclası olacaq.

Bununla bağlı yenidən İlahə Hüseynova ilə əlaqə saxladıq. Müxtəlif vaxtlarda və fərqli nömrələrdən zəng etməyimizə baxmayaraq, xanım əməkdaş zənglərimizə cavab vermədi. Məcbur qalıb Whatsapp-ın səsli mesaj xidməti vasitəsilə ona iki sual ünvanladıq. Birincisi, adı çəkilən Vüqar Əliyevin Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşı olduğunu təsdiq edirsinizmi və ikincisi, BQXK-nı məhkəməyə verdiyinə görə qurum həmin əməkdaşı ilə yollarını ayırmağı düşünürmü? Qurum rəsmisi bizim yuxarıda qeyd etdiyimiz suallarımıza göndərdiyi cavab mesajında bildirdi ki, o yalnız BQXK-nın fəaliyyəti, mandatı haqqında sualları cavablandıra bilər. Şəxsi məsələlərlə bağlı heç bir açıqlama verilmir.

Göründüyü kimi İlahə Hüseynova suallarımızdan açıq-aşkar yayındı. Halbuki, söhbət şəxsi məsələlərdən deyil, əmək münasibətlərinin tənizimlənməsindən gedirdi. Sözdə guya humanitar fəaliyyətlə məşğul olan BQXK-nın öz əməkdaşının hüquqlarını pozması ehtimalı və bunun nəticəsində də həmin şəxs tərəfindən qurumun məhkəməyə verilməsi ictimaiyyəti maraqlandıran məqamlardandır. Sualların cavablandırılmaması əslində, BQXK-nın reputasiyası üçün heç də yaxşı hal deyil. Bu məqamda belə bir sual ortaya çıxır. Əcəba, öz əməkdaşının hüquqlarını pozmaqda rəsmi şəkildə ittiham edilən bir beynəlxalq humanitar təşkilat başqalarının hüquqlarını necə qoruya bilər?


Xüsusilə, nəzərə alsaq ki, son vaxtlar müxtəlif televiziyalarda və xəbər saytlarında, xüsusilə də, rəsmi dövlət televiziyası olan AZTV-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycanın əleyhinə olan fəalliyyətləri ardıcıl və ciddi şəkildə tənqid olunur, bu hadisə mediada maraq doğurmaya bilməzdi.

Məsələ ilə bağlı istər BQXK-nın, istərsə də quruma qarşı məhkəmə iddiası qaldıran BQXK-nın yerli əməkdaşı Vüqar Əliyevin mövqeyini işıqlandırmağa hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.

Xatırladaq ki, bir neçə gün öncə xəbər vermişdik ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yerli əməkdaşlarından biri sözügedən qurumu məhkəməyə verib. Bu məlumatı dəqiqləşdirmək üçün BQXK-nın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova ilə əlaqə saxlamışdıq. O, öncə bu suala cavab verməkdən yayınsa da, sonra onda belə bir məlumatın olmadığını söyləmişdi.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26