Interposta.Info

Zəlzələ Türkiyəni sarsıtdı, bəs bizim binalar?

Manşet / Ölkə
 28-01-2020, 09:23     602

Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli narahatlığa əsas görmür, lakin “Xruşşovka”ların sökülməsi zəruridir; Telman Zeynalov: “Axır illər binaların tikintisinə nəzarət güclənib”

Türkiyə Elazığ və Malatya əyalətlərindəki zəlzələnin yaşatdığı faciənin sarsıntısını yaşamaqdadır.

Bu iki bölgədə baş verən dağıntılar nəticəsində 40-dan çox insan tələf olub, yaralıların sayı isə mini ötüb. Maraqlıdır ki, zəlzələnin dağıtdığı əsas tikililər köhnə binalardır.

Bu faciəli hadisə Azərbaycanda da narahatlığa səbəb olub. Xüsusən də Bakıda inşa olunan yeni binaların və sovet vaxtı tikilənlərin zəlzələyə nə dərəcədə davamlı olması aktuallaşıb.

Bakıda 5 ballıq zəlzələ baş versə, paytaxtda ciddi fəsadlar yaşana bilər. Ekspertlər qeyd edirlər ki, bəzi binaların keyfiyyətsiz və bir-birinə yaxın məsafədə tikilməsi potensial təhlükə mənbəyidir.

Onların fikrincə, Bakıda güclü zəlzələ olarsa, çətin ki, belə binalarda yaşayan insanlar canını qurtara bilsinlər. Bəzi işbazlar pul qazanmağı insan həyatından üstün tuturlar.

Əksər ərazilərdə binalararası məsafələrin standartlara uyğun olmaması, binaların yeraltı sığınacaqlarının və ehtiyat çıxışlarının olmaması yanğın və ya zəlzələ zamanı böyük fəlakətlərə səbəb ola bilər.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) baş direktoru Qurban Yetirmişli “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan ərazisində kiçik təkanlar olsa da, narahatlıq doğuracaq hal yoxdur.

Onun sözlərinə görə, Mingəçevirdə maqnitudası 3-dən yuxarı təkanlar olub və bu haqda rəsmi sayta məlumat yerləşdirlib:

“Biz beynəlxalq qurumlarla əməkdaşlıq edirik deyə, əgər 3-dən yuxarı təkan varsa, məlumat yaymalıyıq. Amma 27 kilometr dərinlikdə olan təkanlar idi və heç nə hiss edilməyib. Yaxın gələcəkdə də ölkədə zəlzələ gözlənilmir”.

Q.Yetirmişli köhnə tikililərin istismar dövrünü başa vurduğunu açıqladı: “Bundan əlavə, plansız, bir-birinin içində evlər tikilib.

“Sovetski” kimi onlar da qalmayacaq. Artıq həmin binalar mərhələli şəkildə sökülür, sovet vaxtı tikilən binaların yerində pilot layihələr həyata keçirilir.

Prezidentin də siyasəti Bakının yenilənməsidir, şəhərdə yeni tikililərin olmasıdır. Hazırda həyəcanlanmalı vəziyyət yoxdur, amma köhnə binalar da yavaş-yavaş aradan çıxacaq".

Ekoloq Telman Zeynalov isə qəzetimizə bildirdi ki, sovet dövründə tikilən binalar zəlzələyə davamlıdır. Onun sözlərinə görə, 90-cı illərdə tikilən binalara da nəzarət yaxşı olub: “Bakıda 2000-ci ildə baş verən zəlzələdə bir dənə də olsun bina dağılmadı. Çünki çoxları elə bilirdi ki, sovet vaxtı tikilən binaların əksəriyyəti davamlı deyil. Amma onlar zəlzələyə tab gətirdilər. Son 15 ildə nəzarət olmadı. Ancaq axır illər yenidən nəzarət güclənib, tikilən binalarda zəlzələyə davamlılıq ciddi şəkildə yoxlanır. Çünki Azərbaycan zəlzələ ocağıdır”.

T.Zeynalov ehtimal edir ki, Türkiyənin əyalətlərindəki zəlzələ süni yaradıla bilər: “Amerika ilə münasibətləri yaxşı deyil və hansısa fəlakət yaşada bilərlər. Neft və qaz dərinlikdə yoxlananda suxuru titrədir.

Əgər boşluq varsa, zəlzələ ola bilir. Nikola Tesla ilk dəfə bu texnologiyanı Amerikada edib". Ekoloqun fikrincə, Bakıda tikilən “Xruşşovka” və “Stalinka” binalar zəlzələyə dözümlüdürlər.

Bir neçə ay əvvəl isə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov demişdi ki, Bakıda dövlət nəzarəti ilə əhatə olunan bütün binalar minimum 8 bal gücündə zəlzələyə davamlıdır.

Onun sözlərinə görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi hər bir binanın tikintisi üçün öncədən yoxlamalar həyata keçirir.

Yoxlamalar zamanı ərazinin geoseysmik göstəriciləri də mütləq şəkildə nəzərə alınır. Ərazinin seysmik göstəricilərinə uyğun olaraq layihə icraçısı qarşısında tələblər qoyulur.

Elxan Əsədov əlavə edib ki, bəzi ərazilərdə zəlzələyə davamlılıq 9 bal təyin edilib. Tələblərə uyğun olmayan tikinti layihələrinin icrasına isə yol verilmir.

Yanvarın 24-də Türkiyənin Malatya və Elazığ əyalətlərində 6,8 bal gücündə zəlzələ baş verib. Qeyd edək ki, Türkiyənin şərqindəki zəlzələ nəticəsində ölənlərin sayı 41-ə çatıb./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26