Interposta.Info

Ölən şəxslərin pensiya kapitalı vərəsələrə niyə keçmir? - Ekspert

İqtisadiyyat
 24-05-2023, 14:26     362

"Azərbaycanda dünyasını dəyişən şəxslərin pensiya kapitalı vərəsələrə keçmir. Bu günə kimi belə bir mexanizm yoxdur”.

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov ölən şəxslərin pensiyalarının hansı halda vərəsələrə keçməsi yollarını izah edərkən deyib. Ekspert bildirib ki, bu sistem xarici ölkələrdə var:

"Bunun qanunda tənzimlənməsi çox yaxşı olardı. İstəyərdik ki, bu pul batmasın, xüsusən də kişilərdə. Azərbaycanda əsasən işləyib pul qazanan, pensiya kapitalı olan kişilərdir. Amma onlar tez ölür, bəzən pensiya yaşına çatmır. Yaxud da çatır, amma bir-iki il pensiya alır”.

Əkrəm Həsənov buna səbəb kimi DSMF-də əlavə vəsaitin olmadığını vurğulayıb:

"Dövlət Sosial Müdafiə Fondunun vəsaiti haradan əmələ gəlir? Hamının gəlirindən, ödənilən məcburi sığorta haqqından. Pensiya kapitalını vərəsələrə verməyə başlasalar, pul ümumiyyətlə olmayacaq. Bu pulun haradan tapılması üçün az da olsa fikirləşmək lazımdır. Məsələnin digər tərəfi də var, məsələn, elə adamlar var, çox yaşayır. Dövlət onun pensiyasını ölənə kimi verir, kəsmir. Hətta pensiya kapitalı sona çatsa da, dövlət ona pensiya ödəyir. Bu halda əks proses gedir. Düzdür, belə hallar azdır. Qanunsuz pensiya alanlara qarşı aparılan mübarizənin də əsasını bu təşkil edir ki, fondda pul olsun”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26