Interposta.Info

Səudiyyə ixracı, Liviya istehsalı artırır – Neft qiymətləri 99 dollardan aşağı düşdü

İqtisadiyyat
 2-08-2022, 10:21     240

Dünya bazarında neftin qiyməti yenidən 100 dollardan aşağı düşüb.

"İnterPosta" xəbər verir ki, buna əsasən ABŞ və Çindən gələn xəbərlər səbəb olub.

Belə ki, həm ABŞ-da, həm də Çində iqtisadi aktivlik səviyyəsinin təhlükəli həddə düşməsi qeydə alınıb. Çində sənaye istehsalçıları indeksi 50 bənddən aşağı, ABŞ-da isə istehsal sektorunda işgüzar aktivlik göstəricisi son 2 ildə ən aşağı həddə düşüb. Bu iki aparıcı iqtisadiyyatlara dair məlumat qlobal iqtisadiyyat üçün resessiya siqnalı sayılmaqla əmtəə bazarlarına mənfi təsir göstərib.

Neft bazarına təsir edən daha bir amil Liviyada hasilatın sürətlə artmasıdır. Bundan əlavə, "Bloomberg" agentliyi iyul ayında ən böyük neft hasilatçısı olan Səudiyyə Ərəbistanının iyulda ixracı kəskin artırdığına dair məlumat yayıb. Agentlik tankerlərin hərəkətini izləyən sistemə əsasən xəbər yayıb ki, Səudiyyənin gündəlik neft ixracı iyulda 7,5 milyon barelə çatıb. Bu, 2020-ci ilin aprelindən bəri ən yüksək göstəricidir. İyunda krallıq gündə 6,6 milyon barel neft ixrac edib, iyulda artım 13,6 faiz olub. Səudiyyə neftinin əsas alıcısı gündə orta hesabla 1,65 milyon barellə Çin olub. Hindistana ixrac 2020-ci ilin aprelindən bəri ilk dəfə 1 milyon bareli ötüb.

İlkin məlumatlara əsasən, Krallığın ABŞ-a neft ixracı iyulda iyunla müqayisədə 11 faiz, Yaponiyaya ixracı isə 18 faiz azalıb.

Qeyd edək ki, sabah OPEK+ nazirlər komitəsinin iclası keçiriləcək. İclasda sentyabr ayından etibarən hasilat həcminin nə qədər artırılacağı müzakirə olunacaq. Gözləntilər hasilatın sürətli artımına dair qərarın qəbul olunacağı istiqamətlidir.

Hazırda "Brent" markalı neftin oktyabr fyuçersləri 98.80 dollara, WTI neftinin sentyabr fyuçersləri isə 92.90 dollara təklif olunur. Analitiklər bu həftə ərzində neft qiymətlərinin 93 dollar ətrafında qərarlaşacağını gözləyirlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26