Interposta.Info

Vüqar Bayramov büdcə siyasətini tənqid etdi

İqtisadiyyat
 18-06-2022, 12:05     258

Milli Məclisin deputatı Vüqar Bayramov "2021-ci ilin Dövlət Büdcəsinin İcrasına dair” hesabatla bağlı müzakirəsində bir sıra təkliflər səsləndirib.

Qaynarinfo xəbər verir ki, deputat bildirib ki, 2021-ci il dövlət büdcəsinin icrası ilə bağlı rəy daha çox kəmiyyət indikatorları əsasında hazırlanıb:

"Daha yaxşı olardı ki, keyfiyyət, performans təhlili də aparılsın. Çünki fiskal siyasətdə xərclənən və ya xərclənməyən hər bir manatın iqtisadiyyata təsirləri, sektoralar effektlərinin dəyəndirilməsi vacibdir. Sənəddən də görünür ki, rəy daha çox büdcənin kassa-icrası əsasında hazırlanmış və icra ilə proqnozun müqayisəsi formasında təqdim edilmişdir. Bu baxımdan, Azərbaycanda sosial-iqtisadi inkişafa dair milli priortetlər nəzərə alınmaqla keyfiyyət hesabatının hazırlanması vacibdir. Büdcə icrası zamanı fiskal inkluzivlik səviyyəsinin ayrıca qiymətləndirilməsi də vacibdir. Belə ki, fiskal siyasətdən birbaşa və dolayı faydalananların, yəni benefisiarların ayrıca qiymətləndirilməsi və qeyd edilməsi məqəsədəuyğun olardı. Digər tərəfdən, büdcə xərclərinin əsas milli prioritetlərdən olan dayanıqlı iqtisadi inkişafa təsirlərinin ayrıca keyfiyyət meyarları ilə qiymətləndirilməsinə ehtiyac var. Bu fiskal siyasət ilə iqtisadi hədəflərin hansı səviyyədə mütənasib olduğunu və fiskal xərcləmələrin yaratdığı iqtisadi dəyəri ölçməyə imkan verə bilər. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) büdcə icrası zaman fiskal siyasətin yaşıl iqtisadiyyat, gender siyasətinə təsirlərinin ayrıca qiymətləndirilməsini tövsiyyə edir”.

Vüqar Bayramov hesab edir ki, hər iki istiqamət Azərbaycan üçün priorotetdir və bu istiqamətlərin rəydə ayrıca qeyd olunması vacibdir:

"Digər tərəfdən, rəydə ortamüddətli dövr üçün müəyyənləşdirilmiş hədəflərarası uyğunluğun aydın təqdim olunması, keyfiyyət indikatorların istifadə olunması və xüsusən də ortamüddətli dövr üçün hədəflərlə və ayrılan vəsait arasında mütənasiblik gözlənilməsi də önəmlidir. Bir sıra hallarda Orta Müddətli Xərclər Çərçivsində hədəflərə nail olunması səviyyəsi ilə maliyyələşmə dərəcəsi arasında qeyri-mütənasiblik özünü göstərir. 2021-ci il dövlət büdcəsi icrasının nəticələri bir daha təsdiq edir ki, proqnozlar ilə icra arasında kəskin fərq ötən ildə də müşahidə olunub. Belə ki, büdcə gəlirlərində proqnoza nisbətən daha çox artımın qeydə alınması iqtisadiyyatın ağırması ilə bağlı islahatların dərinləşməsi, infilyasiya səviyyəsinin proqnozdan daha çox olması ilə bağlıdır. Bununla belə, infilyasiya üzrə faiz proqnozlaşdırıldığıdan 3.7 faiz yüksək olub. Amma xüsusən xərclərdə proqnoza nisbətən kənarlaşma daha çox olub. 2021-ci il dövlət büdcəsi ilə 28 milayrd 543 milyon manat təsdiq olunsa da xərclər 96,1 faiz və ya 27 milyard 422 milyon manat icra olunub. Bu o deməkdir ki, proqnozlaşdırılan və ya təsdiq edilən 1 milyard manatdan artıq vəsait istifadə olunmayıb. Aydındır ki, nəzərdə tutulan vəsaitlərin xərclənməməsi iqtisadi aktivliik baxımdan arzuolunan deyil. Digər tərəfdən, büdcə kəsirində proqnoza nisbətən kənarlaşma 67,1 faiz olub. Bu isə proqnozlaşdırma metodologiyasına yenidən baxılmasını aktuallaşdırır”.

Onun sözlərinə görə, bir sıra əsas əsas istiqamətlər üzrə xərclərin ÜDM-də və büdcə gəlirlərində payı aşağı olaraq qalmaqdadır:

"Xüsusən səhiyyə və elm xərclərində artımların nəzərdə tutulmasına baxmayaraq bu xərclərin ÜDM-də payı aşağı olaraq qalmaqdadır. Qeyd edək ki, səhiyyə xərclərinin ÜDM-də payı Rusiyada 5,6 faiz, Türkiyədə 4,3 faizdir. Ölkəmizdə bu rəqəm 2,1 faiz təşkil edir. 2021-ci ildə elm xərclərinin ÜDM-də xüsusi çəkisi cəmi 0.2 faiz olub. Qeyd edək ki, elm xərclərinin ÜDM-də payı Rusiyada 1 faiz, Türkiyədə 1,1 faiz, dünya üzrə ortalama 2,2 faizdir. Bu isə o deməkdir ki, sözügedən iki xərcin ÜDM-də çəkisinin artırılması və beynəlxalq ortalama standartlarına çatdırılması üçün maliyyələşmənin genişləndirilməsi məqsədə uyğun olardı. Digər mühim məqam xərcləmələrin daha çox sonuncu rüb və ya dekabr ayına təsadüf etməsidir. Ötən ilin dekabr ayında 2 milyard 180 milyon proqnozlaşdırılsa da 3 milyard 671 milyon manart xərclənib. Dekabr ayında dövlət büdcəsi gəlirlərinin faktiki icrası 3671,1 mln. manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 1491,1 mln. manat və yaxud 68,4% çox olmaqla icra edilmiş cəmi büdcə gəlirlərinin 13,9%-nə bərabərdir”. Deputat sonda 2021-ci ildə dövlət büdcəsi xərclərinin 35,4%-i ilin son rübündə icra edildiyini bildirib: "2020-ci ildə 29.4 faiz idi. Bu o deməkdir ki, ötən il xərclənən hər 100 manat vəsaitin 35 manatdan çoxu sadəcə bir rübdə və sonuncu rübdə xərclənib. Xüsusilə dekabr ayında 5 milyard 102 milyon manatın xərclənməsi, bir mənbədən satış metodu ilə vəsaitlərin istifadəsi, onların böyük əksəriyyətinin təşkilatların bank hesabında qalmasına, akkreditivlərə yönəldilməsinə gətirib çıxarıb”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26