Interposta.Info

Azərbaycanın qeyri-neft məhsulları üzrə ixracatında niyə Rusiya üstünlüyə sahibdir?

İqtisadiyyat
 1-02-2022, 15:49     340

"Belə vəziyyətin yaranması Azərbaycanın qeyri-neft ixracının strukturundan qaynaqlanır. Bu ixracatda kənd təsərrütafı təyinatlı və yarımfabrikat mallar üstün rola malikdir”.

Bunu Qaynarinfo-ya açıqlamasında İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Rəşad Həsənov Azərbaycanın qeyri-neft məhsulları üzrə ixracatında hələ də Rusiyanın 33 faiz olmaqla xüsusi çəkiyə malik olması faktına münasibət bildirərkən deyib:

"Sahibkarlıq subyektlərinin ənənəvi bazarlarla işləmə bacarığının digərlərilə müqayisədə yüksək olması da burada öz sözünü deyir. Çünki Azərbaycan sahibkarı və ya dövlət müəssisəsinin rəqabətli düya bazarlarında öz əməkdaşlığını və strategiyasını formalaşdırması, məhsulunu bazara təşviq etməsi imkanları məhduddur. Belə çərçivədə hətta yeni müəssisələr əsas ixrac məkanı olaraq ənənəvi bazarlarla əlaqələrə üstünlük verməkdə davam edirlər. Bu səbəbdən Azərbaycanın qeyri-neft sektoru məhsulları üzrə ixracatında Rusiya hələ də əhəmiyyətli paya sahib olmaqdadır”.

Ekspert Rusiyanın etibarlı tərəfdaş olmadığını əsas gətirərək, Azərbaycanın ixracatında həmin ölkənin əsas çəkiyə malik olmasını heç də yaxşı hal hesab etmir:

"Çünki Rusiya heç bir halda etibarlı tərəfdaş deyil. Rusiya biznesdən siyasi məqsədlər üçün istifadə edən ölkədir. Bu ölkədə qərar qəbul etmə prosesi çox bəsitdir, bir nəfərin avtoritar idarəetməsi mövcuddur. Bu da dolayısı ilə Rusyanın istənilən vaxt ticarət tərəfdaşlarına, o cümlədən Azərbaycana təzyiq etmək, problemlər yaratması mühitini yaradır. Bunu dəfələrlə Kremlin Azərbaycana, Türkiyəyə münasibətində müşahidə etmişik”.

Bu baxımdan vəziyyətin dəyişməsinə nail olmaq üçün həmsöhbətimiz ölkəmizin qeyri-neft məhsulları ixrac edən iri dövlət müəssisələrinə mümkün imkan və resurslardan istifadə etməklə ixrac istiqamətlərini şaxələndirməyi tövsiyə edir.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracatının həcmi artaraq 2,72 milyard dollar təşkil edib. Amam bununla belə, həmin ixracatda əsas pay sahibi Rusiya olaraq qalmaqdadır. Belə ki, Azərbaycanın qeyri-neft məhsulları üzrə ümumi ixracatının 33 faizi şimal ölkəsinə məxsusdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26