Interposta.Info

Zəngilanın Vejnəli qızıl yatağı Azərbaycana nə vəd edir? (EKSPERT)

İqtisadiyyat
 2-11-2020, 13:46     535


"Ən yumşaq hesablamalara görə, həmin yataqda təqribən 2-3 milyard dollarlıq qızıl ehtiyatımız var".

BunuQaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli işğaldan azad olunan Zəngilan rayonu ərazisində Vejnəli qızıl yatağının xarici şirkətlər tərəfindən talanması və onun Azərbaycan iqtisadiyyatına faydalarını şərh edərkən deyib. İqtisadçı bəzi hesablamalarda bu rəqəmin 8 milyard göstərildiyini qeyd edib:

"Yataqla bağlı müxtəlif hesablamalar var. Amma kəşfiyyat işləri bitdikdən, təhlükəsizlik tədbirləri görüldükdən sonra daha dəqiq hesablamaların aparılması mümkün olacaq. Ən azından 2-3 milyard qızıl ehtiyatının olduğu təsbit olunub. Bu Azərbaycan iqtisadiyyatına əlavə gəlir mənbələri gətirəcək. Bu da Azərbaycanın qələbədən sonrakı həm iqtisadi, həm idarəetmə sisteminin yenilənməsi, işğaldan azad olunmuş ərazilərimizin bərpa olunmasına kifayət qədər maddi dəstək göstərilməsinə səbəb ola biləcək amillərdən biridir".

Natiq Cəfərlinin fikrincə, ilkin olaraq xarici şirkətlərlə bağlı məhkəmə prosesi başa çatandan sonra onlardan da müəyyən kompensasiya alınacaq:

"Çünki bu, beynəlxalq hüquqa uyğun prosedurdur".

Qeyd edək ki, Baş Prokurorluq Laçın, Kəlbəcər və digər işğal olunmuş rayonların ərazilərində erməni əsilli xarici dövlətlərin vətəndaşları olan şəxslərin ekologiya və yerin təkinin istismarı qaydalarının kobud şəkildə pozulması ilə nəticələnən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları faktları üzrə Baş Prokurorluğunun İstintaq idarəsində 21.10.2015 və 30.03.2018-ci il tarixlərdə Cinayət Məcəlləsinin 192.2.3 (qanunsuz sahibkarlıq) və 318.2-ci maddələri ilə (dövlət sərhədini qanunsuz keçmə) cinayət işlərinin başlanması ilə bağlı məlumat yayıb.

Həmin cinayət işlərindən biri işğaldan azad olunmuş Zəngilan rayonunun Vejnəli kəndi ilə bağlı olub.

Belə ki, istintaq zamanı Baş Prokurorluğun İstintaq idarəsinin qərarı əsasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilib ki, Zəngilan rayonu Vejnəli kəndində əlvan metal yataqlarından qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq gəlir əldə edən İsveçrə Konfederasiyasında rəsmi qeydiyyatdan keçmiş "Vallex Group” şirkətlər qrupunun filialı olan "Base Metals" Qapalı Səhmdar Cəmiyyəti 2009-2017-ci illər ərzində cəmi 301 milyon 918 min manat məbləğində qanunsuz gəlir əldə edib.

Vejnəli qızıl yatağının talanmasına görə, Baş Prokurorluq 3 nəfər barəsində beynəlxalq axtarış elan etdiyini açıqlayıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26