İlham Əliyev filiz yataqlarının istismarını nə üçün Türkiyə şirkətlərinə verdi? (ŞƏRH)

"Qızıl yataqlarına investisiyaların qoyulması iqtisadi canlanmaya səbəb olacaq”.
Bunu "İnterPosta"-ya açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Prezident İlham Əliyevin Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncamını şərh edərkən deyib. O bildirib ki, əslində işğaldan azad olunan torpaqlara xarici investorların cəlb olunması əsas hədəflərdən biridir:
"Türkiyə şirkətlərinin cəlb olunması daha önəmlidir. Məsələyə tək iqtisadi deyil, həm də geosiyasi maraqların təminatı baxımından yanaşmaq lazımdır. Həmin yataqlar uzun zamandır ki, işğal altında idi. Erməni işğalçıları həmin yataqları istismar edirdi. Həmin istismarda iştirak edən şirkət Ermənistanda ən böyük vergi ödəyicilərindən biridir. Azərbaycan bununla bağlı dəymiş ziyanın ödənilməsi məqsədi ilə də beynəlxalq məhkəmələrdə vəsadətlər qaldırmalıdır. Adı gedən türk şirkətlərinin böyük təcrübəsi var. Həm Türkiyədə, həm də dünyanın müxtəlif ölkələrində filiz yataqları, təbbi sərvətlərin işlənilməsi baxımından böyük təcrübəsi var və yeni texnologiyaların, yeni texnikanın gətirilməsi üçün investisiyanın qoyulmasını həmin şirkətlər öz boyunlarına çəkirsə, bu, Azərbaycanı əlavə yükdən xilas edir. Düşünürəm ki, investisiyaların həcmi hələ dəqiq deyil, açıqlanmayıb. Amma söhbət çox güman ki, 10 milyonlarla dollardan gedəcək”.
Ekspert onu da əlavə edib ki, bu həm də yeni iş yerlərinin açılmasına səbəb olacaq:
"Əhalinin geri qayıdışından sonra yerli əhalinin bir qismi həmin yataqlarda çalışacaq”.
Qeyd edək ki, Prezident İlham Əliyev Qaşqaçay, Elbəydaş və Ağduzdağ filiz yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və istismarı ilə əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Qaşqaçay filiz yatağı "Eti Bakır A.Ş.” şirkətinə, Elbəydaş və Ağduzdağ filiz yataqları "Artvin Maden A.Ş.” şirkətinə 30 il müddətinə müqavilə əsasında istifadəyə verilb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26