Interposta.Info

Çörəyin qiyməti artmasa da, çəkisi azaldı: Çıxış yolu nədir?

İqtisadiyyat
 17-01-2019, 18:22     10 473

Unun bahalaşmasından sonra xərcləri artan sahibkarlar çörəyin qiymətinə müdaxilə edə bilmədikləri üçün çəkisini azaltmaqla vəziyyətdə çıxmağa çalışırlar.
Artıq zavod çörəyinin çəkisində hiss ediləcək dərəcədə azalmanın olduğunu əksər istehlakçılar təsdiqləyirlər. Hətta bir müddətdən sonra çörəyin qiymətinin qalxması da istisna edilmir. Çünki idxal olunan buğdanın mənbə ölkəsi olan Rusiya və Qazaxıstanda da taxıl ötən il daha qıt olub , qış fəslində tələbatın artdığını da nəzərə alsaq ucuzlaşma ehtimalı müzakirə mövzusu deyil. Digər tərəfdə bir çox məhsullar kimi ölkəmizə unun idxal edilməsində də monopoliyanın olduğu istisna edilmir. Bu amil də qiymət artımına təsir göstərir. Belə olan halda hökumətin çörəyin qiymətini inzibati yolla tənzimləməyə çalışması çörək istehsalı ilə məşğul olan xırda sahibkarların sıradan çıxmasına səbəb olacaq.

Bəs hökumət həm qiymətlərin tənzimlənməsi, həm də sahibkarların çətin vəziyyətdən xilas olması üçün hansı addımlar ata bilər? Hazırda bu sahəyə nəzarət varmı?

Mövzu ilə bağlı danışan Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəis müavini Araz Əliyev də unun bahalaşmasını və çörəyin çəkisinin azaldılması halların yol verildiyini təsdiqlədi: “Biz qiymətin artıb –azalmasından asılı olmayaraq mütəmadi monitorinqlər aparırıq. Biz də xeyli vaxtdır müşahidə edirik ki, unun qiyməti artıb, bəzi çörəklərin ümumi çəkisinin azaldılmasına yol verilib. Bildiyiniz kimi, unun və çörəyin qiymətləri tənzimlənən qiymətlər deyil. Ona görə də, biz bunun səbəbini öyrənmək üçün araşdırma aparırıq. Araşdırmalarımız göstərdi ki, unun qiymətinin qalxması bu məhsulun istehsalı üçün istifadə olunan buğdanın qiymətinin qalxması ilə bağlıdır. Un istehsalında istifadə olunan buğda əsasən idxal olunan buğdadır, əksər hissəsi xaricdən gətirilir. Azərbaycana buğda xüsusən Rusiyadan və Qazaxıstandan gətirilir. Bu ölkələrdə buğdanın satış qiyməti artıb. Əldə etdiyimiz statistik məlumatlara görə, Rusiyada buğdanın qiyməti 20 faizdən çox, Qazaxıstanda isə 20 faizə qədər artıb”.

Əliyev bildirdi ki, unun və çörəyin qiyməti həm tələb və təklif əsasında, həm də xərclərə görə formalaşır: “Xərclər artdığı üçün unun da qiyməti artıb. Çörəklə bağlı dövlət tərəfindən bir çox addımlar atılır, qiymətin artmaması üçün tədbirlər görülüb. Onlardan biri də buğda və buğdadan hazırlanan məhsulların hamısının ƏDV-dən azad edilməsidir. Onun hesabına unun qiymətinin sürətlə artmasının qarşısı müəyyən qədər alındı. İndi yenidən mənşə ölkəsində taxıl bahalaşdığı üçün un da bahalaşır. Bizim xidmət gündəlik olaraq müşahidə aparır və çörəyin çəkisinin azalmasını müşahidə etdik. Bununla əlaqədar müvafiq xəbərdarlıqlar edilib. Bu tələblərin pozulması deməkdir”.

"Gilan Holdinq Nömrə 1" çörək zavodunun satış departamentinin müdiri Ramin Qədirov da açıqlamasında bildirdi ki, unun qiymətinin bahalaşmasının zavodun işinə mənfi təsir edib: “Unun qiyməti artırsa, çörəyin də qiyməti qalxmalıdır. Hazırda isə qiymət qalxmır. Bilmirik ki, artım olacaq yoxsa, yox. Hələ heç nə bilinmir”.

Dövlət Gömrük Komitəsinin statistikasına əsasən, 2018-ci ilin 11 ayında ölkəyə 6 milyon 200 min ton taxıl idxal olunub. Bəzi ekspertləri isə hesab edirlər ki, Azərbaycanda un istehsalı inhisardadır, ona görə də bahalanma gözləniləndir.

İnterPosta.info-nun məlumatına görə, iqtisadçı ekspert Samir Əliyev də “Yeni Müsavat”a danışarkən bildirdi ki, hökumət qiyməti tənzimləmək üçün inzibati deyil, iqtisadi alətlərdən istifadə etməlidir: “Bizdə dövrü olaraq unun qiymətində bahalaşma olarkən, Nazirlər Kabineti müvəqqəti olaraq unun idxalına tətbiq edilən gömrük rüsumlarını dondurur. Bu təkcə una münasibətdə deyil, digər strateji məhsullara münasibətdə də tətbiq edilir. Yenidən bu addımın atılması gündəmə gələ bilər. Bizdə çörəyin qiyməti liberallaşıb və su, qaz, elektrikdən fərqli olaraq bazar tərəfindən müəyyən edilir. Ona görə də, bununla bağlı sahibkarlara qadağanın tətbiq edilməsi düzgün addım deyil. Bu yolverilməzdir. Çünki faktiki olaraq biznesə müdaxilə kimi qiymətləndirilməlidir. Çörək biznesi ilə məşğul olanlar istədikləri qiyməti qoya bilərlər. Dövlətin əsas vəzifəsi qiymətlərə inzibati yolla nəzarət etmək deyil, onu iqtisadi yollarla tənzimlənməsinə şərait yaratmaqdır. Vergi və gömrük rüsumları ilə bağlı elə qərarlar verilməlidir ki, çörək və digər un məmulatları ilə bağlı qiymətlər ucuz olsun”.

İqtisadçı belə vəziyyətdə taxılın və unun gömrük rüsumunun azaldılmasını təklif edir:
“Çörəyin qiymətinin tənzimlənməsi üçün bəzi iqtisadi alətlər var. Onların biri taxılın və unun gömrük rüsumunu azaltmaqdır. Unun bahalaşmasının səbəblərindən biri də odur ki, daxili istehsal tələbatı ödəyə bilmir. Xaricdən gətirilən un da baha başa gəlir. Bu uzunmüddətli dövr üçün ən yaxşı çıxış yoludur ki, tələbatın ciddi bir hissəsi daxili istehsal hesabına ödənilsin. Bunun üçün də taxıl elə bir qiymətə fermerdən alınmalıdır ki, o istehsalda maraqlı olsun. Satınalma məsələlərində ciddi çatışmazlıq var. Doğrudur , yerli taxıl növləri əla növ unun əldə edilməsi üçün yararlı deyil. Ancaq indi kənd təsərrüfatı texnologiyaları imkan verir ki, yerli buğda sortlarını təkmiləşdirmək olsun. Bu məsələni yoluna qoymaq olar. Taxılda idxaldan asılılığı tam aradan qaldırmaq mümkün olmadıqda, gömrük rüsumları azaldılmalıdır. Çünki çörək strateji məhsuldur, ətin bahalaşması bu qədər təhlükəli deyil, nəinki çörəyin qiyməti. Dövlət bunu nəzərə almalıdır. Yoxsa, qiymətin inzibati yolla tənzimlənməsi üzərində dayanmaq yanlış addımdır. İqtisadi rıçaqlardan istifadə etməklə qiymətlərə təsir edilməlidir”.

Əliyevin fikrincə, çörək istehsalı ilə məşğul olan şirkətlərə vergi güzəştlərinin edilməsi bu rıçaqlardan biridir. Bu yolla sahibkarların sıradan çıxmasının qarşısı alınmalıdır. Əks halda xırda sahibkarların sıradan çıxması ərzaq təhlükəsizliyi ilə bağlı çox ciddi problemlərin də ortaya çıxmasına səbəb ola bilər: “İqtisadi rıçaqlar çoxdur, bunun hansının daha optimal olmasını isə müzakirə etmək olar. Əgər hökumət bu addımlara getmək istəmirsə, çörəyin qiymətini tənzimlənən qiymətlərə daxil etməlidir ki, sahibkarlar da öz işini bilsin. Ancaq mən bunun əleyhinəyəm. Sahibkara qiyməti öz xərclərinə uyğun olaraq müəyyənləşdirməyə icazə verilməməsi kiçik sahibkarların sıradan çıxmasına hesablanıb. Onların yerini isə böyük zavodlar tutacaq. Böyük çörək zavodları Sovet dövründən qalma bir yanaşmadır. Biz bunun acı nəticələrini 90-cı illərdə görmüşük. O zaman böyük zavodlardan asılı bir vəziyyətdə idik və orada hər hansı qəza olanda, işıq-qaz sönəndə minlərlə insan çörəksiz qalırdı. Böyük zavod modelinə keçid çox təhlükəlidir. Əlbəttə o zaman un qıtlığı da səbəblərdən biri idi. Ancaq bizi kiçik zavodlar böhrandan çıxartdı. Hökumət bu məsələləri nəzərə alaraq sözügedən sahəyə diqqəti artırmalıdır”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26