Interposta.Info

Mağazalarda nə üçün 30 qəpiklik çörək yoxdur?

Ölkə / Manşet
 21-07-2021, 21:09     382

Dövlət çörəyin qiymətinin bahalaşmaması istiqamətində tədbirlər görür. Lakin əksər mağazalarda 30 qəpiklik zavod çörəyi tapmaq mümkün deyil. Çəkisindən asılı olaraq təklif olunan çörəyin qiyməti 40-50 qəpikdən başlayır. Çörəyin gündəlik istehlak olunan məhsullardan olduğunu nəzərə alsaq, bu da aztəminatlı ailələrin dolanışığına müəyyən qədər təsir göstərir.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən millət vəkili Vüqar Bayramov çörəyə olan tələbatın ödənilməsində yerli istehsalla yanaşı, idxalın payının da kifayət qədər olduğunu bildirib. Onun sözlərinə görə, idxaldan asılılıq azaldılsa, taxıl istehsalçıları ilə yanaşı, un, çörək və un məmulatı istehsalçılarına müəyyən güzəştlər edilsə, o zaman çörəyin qiyməti də optimallaşar:



"Nəzərə alsaq ki, pandemiyadan əvvəlki il Azərbaycan 1 milyon 396 min ton buğda idxal etmişdi, bu, 297 milyon dollar vəsaitin xərclənməsi deməkdir. Eyni zamanda buğda idxalı ilə yanaşı, Azərbaycan xarici ölkələrdən buğda unu da idxal edib. Bu da ondan xəbər verir ki, bütövlükdə una və taxıla tələbatın ödənilməsində idxal yenə xüsusi paya malikdir. Tələbin tamamilə yerli istehsal hesabına formalaşa bilməməsi qiymətlərə təsir göstərən faktorlardan biridir. Eyni zamanda, ölkədə yetişdirilən taxılın bir hissəsi un məqsədilə alınmır. Bunun da əsas səbəbi keyfiyyət göstəricilərinə uyğun olmamasıdır.

Nəticə etibarilə də bu, sahibkarların xərcinə birbaşa təsir göstərir. Təbii ki, çörək Azərbaycanda gündəlik istehlak olunan məhsullardan biridir və onun qiymətinin artmasının istehlak bazarına psixoloji təsirləri var. Bu baxımdan, çörəyin qiymətinin aşağı salınması və ya stabilləşməsi baxımından ilk növbədə idxaldan asılılığın aradan qaldırılması çox vacibdir. Bunun üçün fermerlərin taxıl fondu tərəfindən alına biləcək keyfiyyətli taxıl istehsalının təşviqi üçün də işlərin genişləndirilməsinə ehtiyac var. Taxıl strateji məhsul olduğu üçün ona 2 dəfə daha çox subsidiya ödənilir. Amma daha məqsədəuyğun olardı ki, subsidiya mexanizmi genişləndirilsin. Yalnız taxıl yetişdirən deyil, un, çörək və çörək məmulatları istehsal edən saibkarlar da müəyyən güzəştlərdən faydalansınlarlar. Onlara güzəştlərin edilməsi, xərclərin də azalmasına gətirib çıxaracaq. Dolayı yolla bu da çörəyin qiymətinə təsir edəcək. Daha məqsədəuyğun olardı ki, bu istiqamətdə təşviq paketlərinin genişləndirilməsi müzakirə olunsun".

İqtisadçı-ekspert Rəşad Həsənov isə bildirib ki, çörəyin qiyməti tənzimlənən qiymət deyil və dövlətin çörəyin qiyməti üzərində bəlli bir nəzarət mexanizmi yoxdur:



"Sadəcə, Azərbaycanda çörək həssas əmtəə hesab olunduğundan, əksər hallarda dövlət çörəyin qiymətinin bahalaşmaması üçün əlində olan alətlərdən istifadə edir. Məsələn, taxıla, una ƏDV-nin tətbiq edilməməsi, çörək istehsalının vergi yükünün azaldılması və s. Bu, mümkün qədər çörək istehsalında maya qiymətinin aşağı düşməsini təmin edir. Beləliklə, cəmiyyətdə belə bir təəssürat yaranıb ki, çörəyin qiyməti tənzimlənəndir. Lakin dediyim kimi, qiymət tənzimlənən deyil, burada qərar verən tərəf birbaşa olaraq istehsalçıdır. Bu gün 30 qəpiklik çörəyin istehsalı texniki cəhətdən müəyyən qədər çətinlik yaradır.

Həmin çörəklər çox quru və çox kiçik olduğundan, keyfiyyət baxımından digərlərindən geri qalır. Buna görə də əksər hallarda istehsalçılar belə çörəyi istehsal etməkdən çəkinirlər. Belə olduğu təqdirdə, 30 qəpiklik çörək dövriyyədən yığışdırılır və əvəzində satışa təxminən eyni ölçüdə 40 qəpiklik çörəklər çıxarılır. Əksər hallarda istehlakçılar birbaşa çörəyin qiymətinə diqqət edirlər. Amma nəzərə almaq lazımdır ki, maya dəyərinin artması istənilən formada çörəyin çəkisində öz əksini tapır. İstehsalçılar çəkini azaltmaqla maya dəyərində yaranmış təzyiqləri neytrallaşdırmağa çalışır ki, bu da normal haldır".

Ekspert onu da bildirib ki, Azərbaycan cəmiyyətində çörək faktoru kifayət qədər şişirdilib: "Təsəvvür edin ki, çörəkdən başqa gündəlik istehlak olunan çox sayda digər məhsul və xidmət növləri də var. Bu məhsul və xidmət növlərinin ailə büdcəsinin formalaşmasındakı xüsusi çəkisi çörəklə müqayisədə daha çoxdur. Bir nəfər ay ərzində ən yaxşı halda 25 ədəd çörək istehlak edə bilər. Hətta bəzən bu, 20-dən də azdır. Çörəyin qiymətinin 10 qəpik dəyişməsi onun aylıq xərcinin 2-2,5 manat artmasına gətirib çıxarır. Hansı ki, digər məhsulların qiymətləri sürətlə artır və bunun onların aylıq büdcəsində təsiri daha böyükdür. Nədənsə, psixoloji faktor kimi çörək faktoru cəmiyyətdə daha çox müzakirə olunur".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da məsələ ilə bağlı açıqlama verib. Bildirib ki, çörəyin qiymətinin artması ilə bağlı Azad İstehlakçılar Birliyinə hər gün 4-5 telefon zəngi daxil olur:



"Əhali bilməlidir ki, azad bazar iqtisadi şəraitində çörəyin qiyməti sərbəstdir. Kim neçə qramlıq çörəyi neçəyə istəsə, sata bilər. Lakin sosial çörək dediyimiz 30 qəpiklik zavod çörəyi də var. Bu çörəyin qiymətini sabit saxlamaq üçün dövlət iş aparır. Onların qiymətində dəyişiklik olmayıb. Əgər belə getsə, onların bir çoxu bahalaşacaq. Bolluq, azad rəqabət şəraiti yaratmaq lazımdır ki, qiymətlər aşağı düşsün. Çörəyin qiymətinin qalxmasında əsas səbəbkarlardan biri marketlərdir. Təəssüf ki, markertlərlə bağlı güclü iş aparılmır".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26